Ümumdünya Səhiyyə təşkilatı uşaqları 2 yaşına qədər əmizdirməyi tövsiyə edir. Bəzi uşaqlar müəyyən yaşda ana südündən imtina edirlər, bəziləri isə hətta 3 yaşında buna hazır olmurlar.
Əgər qadın uşağını ana südündən ayırmağa qərar veribsə (çalışın bu, uşağın 1,5-2 yaşından tez olmasın), çox səbirli olmalıdır (proses müəyyən vaxt tələb edəcək). Lakin uşaq buna görə çox əsəbləşirsə, tərslik edirsə, bu o deməkdir ki, uşaq buna hazır deyil və ana bir qədər gözləməlidir.
Süd azdırsa (adətən, laktasiyanı qurtarana yaxın süd də az miqdarda ifraz olunur), laktasiyanı dayandırmaq üçün sadəcə, əmizdirməni kəsin və gözləyin. Süd çoxalarsa və süd vəzilərində narahatlıq hiss edərsinizsə, bir qədər süd sağın (süd vəzilərində gərginlik azalana qədər). Əgər siz süd vəzinizi tam boşaldarsınızsa, laktasiya daha artacaq.
Süd vəzilərində narahatlıq hissi yenidən əmələ gələrsə, bu proseduru təkrar edin. Bu yolla süd də tədricən azalacaqdır.
Əvvəllər laktasiyanı azaltmaq üçün qadınlara süd vəzilərini sıx bağlamaq və mayeni az qəbul etmək məsləhət edirdilər. Lakin indi həkimlər bunların əleyhinədirlər.
Laktasiyanın azalmasına bəzi xalq təbabəti üsulları kömək edə bilər. Belə ki, sürvə (adaçayı) və nanə dəmləmələri çox yaxşı effekt verir.
Laktasiyanın dayandırılmasından sonra laktostaz və mastitin təhlükəsi artır. Bu səbəbdən qadın çox diqqətli olmalıdır. Əgər süd vəzilərinizdə bərkimiş ağrılı sahələr, güclü ağrı hiss olunarsa, hərarət qalxarsa, dərhal həkimə müraciət edin.
Körpənizi öpdüyünüz yerə diqqət yetirin! |
8-8,5 ayında uşaq müstəqil oturmağa başlayanda onu güvəcə (bayıra) getməyə öyrəşdirmək olar. Buna artıq 4-5 ayından başlamaq lazımdır.
Hər dəfə uşaq bayıra gedəndə onu güvəc üzərində tutmaq lazımdır. Diqqətli ana uşağın davranışından onun nə istədiyini başa düşür.
Bəzi fizioloqlar və psixoloqlar hesab edirlər ki, uşağı 12-18 ayından güvəcə öyrəşdirmək lazımdır. Çalışın güvəcdə oturmaq uşaq üçün oyuna çevrilməsin, o bundan yalnız lazımi məqsəd üçün istifadə etsin.
Ona görə də onu nəticə olmasa da güvəcdə 5-10 dəqiqədən artıq oturmağa qoymayın. Qeyd etməliyik ki, gigiyenik vərdişlərin formalaşmasında uşağın yaşı deyil, onun inkişaf səviyyəsi əsas rol oynayır.
Uşaqlarda yüksək qızdırma olanda valideynlər təşvişə düşür və müxtəlif yollarla temperaturu aşağı salmağa çalışırlar. Bu zaman qızdırmasını qətiyyən spirtli kompreslərlə endirmək, yaxud üstünü möhkəm örtmək və qalın geydirmək olmaz. Çünki belə etdikdə uşağın temperaturu daha da yüksəlir.
Qeyd edək ki, 37.4, 37.9 dərəcəli temperatur təhlükəli sayılmır, lakin 38.0, 39.9 dərəcəyə çatırsa, demək, bədəndə qızdırma var. Əgər temperatur 40.0 dərəcədən yuxarıdırsa, mütləq həkimə müraciət etmək lazımdır.
Qızdırmanı salmaq üçün nə etmək olar?
Körpəniz üçaylıqdan kiçikdirsə, həkimə müraciət edin. Lakin bu zaman körpənin üstünü açaraq gözləyin və15 dəqiqə sonra yenidən qızdırmasını ölçün. Qızdırma 39 dərəcə olduqda həkimlə məsləhətləşin. Həmin anda temperaturu salmaq üçün uşağa ilıq duş qəbul etdirin və ya islanmış dəsmalla kompress edin. İlıq duş qəbul etdirərkən onu 15-20 dəqiqə suyun içində oturdun, arxaya doğru uzanmasına icazə verməyin. Suyu uşağın başından aşağı tökməyin, süngəri isladaraq, bədəninin ətrafında gəzdirin.
Dərmanla müalicə
Parasetamol tərkibində aspirin olmayan aktiv maddədir. Aspirindən heç zaman qızdırmadüşürücü kimi istifadə etməyin. Parasetamol 4-6 saatdan bir verilməlidir. Əgər qızdırma parasetamolu verdikdən sonra 38.5 dərəcəyə enərsə, dərmanın vermə müddətini 4 saatdan 3 saata endirmək lazımdır.
Üç aylıqdan kiçik olan körpənin qızdırması varsa, mütləq həkimlə məsləhətləşin və özbaşına dərman verməyin. Qızdırma yüksəlirsə və artıq nəzarət də etmək mümkün deyilsə, uşağı təcili xəstəxanaya çatdırın.
Qidalanma sağlamlığın ən önəmli faktorlarından biridir. Mütəxəssislər bildirirlər ki, əksər xəstəliklər balanslı şəkildə qidalanmamaqdan qaynaqlanır. Xüsusən də uşaqların düzgün qidalanması daha önəmlidir, çünki rejimsiz qidalanan uşaqların zehni və fiziki inkişafında qüsurlar — yaddaşsızlıq, ifrat köklük, şəkər xəstəliyi və s. meydana çıxır. Uşağın lap körpə vaxtından qidalanmasına hər zaman nəzarət etmək lazımdır.
0-6 aylıq körpənin qidalanması: körpə 6 aylıq olana qədər yalnız ana südü içməlidir. Ana südü körpənin fiziki-zehni inkişafı, immunitet sistemini gücləndirdiyi, körpənin xəstəliklərə yoluxma ehtimalını azaltdığı üçün əvəzsiz qida sayılır.
6-9 aylıqda qidalanma: 6 aydan sonra körpəyə ana südü ilə yanaşı, bu qidanı dəstəkləyəcək əlavə qidalar verilə bilər. Əlavə qidalar, əvvəlcə, az miqdarda verilməlidir. Meyvə-tərəvəz püreləri, təzə meyvə şirəsi, qatıq, duzsuz pendir, çörək vermək olar. Çalışın körpəni şokolada, şəkərli qidalara, duz və südlü yeməklərə alışdırmayın.
Uşaqların inkişafında qidalanmanın rolu önəmlidir. Mütəxəssislər 1 yaşı olmayan körpələrə bal, yumurta ağı, şokolad, kakao, çiyələk, pomidor, kivi, fıstıq əzməsi kimi allergiya potensiallı yüksək qidalar, dəniz məhsulları, kolbasa, sosiska, konserv və dondurulmuş qidalar, qatqılı, duzlu, souslu, ədviyyatlı hazır qidalar, çərəz, saqqız kimi boğulmaya səbəb ola bilən dənəvər qidaların verilməsinin düzgün sayılmadığını bildirirlər. Bu məhsullar allergiya və zəhərlənməyə səbəb ola bilər.
Səhər və günorta yeməklərinə əlavə edəcəyiniz meyvə püresi körpəniz üçün daha ləzzətli ola bilər. Meyvəni yaxşıca yuyun, qabığını soyub dilimləyərək şüşə sürtgəcdən keçirin. Səhər və günorta payları arasına əlavə etdiyiniz bu meyvə püresi körpəniz üçün daha ləzzətli olacaq.
8 aydan sonra isə mərci, tərəvəz şorbaları hazırlayıb vermək olar. Günorta öynəsində veriləcək tərəvəz şorbasına qış mövsümündə kələm, ispanaq, kərəviz, gül kələm, təzə paxla və s. əlavə edə bilərsiniz. Körpələrə altıncı aydan etibarən tərəvəz şorbalarına kibrit qutusu böyüklüyündə iki dəfə çəkilmiş yağsız qiymə, yeddinci-səkkizinci ayında isə balıq, mal, toyuq əti əlavə oluna bilər. Səkkizinci və doqquzuncu aylardan sonra körpəyə verilən dolma, plov, makaron, küftə onun iştahasını daha da açır.