Qanun-qaydaya sövq edilməyən uşaq azadlığın mahiyyətini dərk edə bilməz. Təəssüf ki, bəzi valideynlər qanunları azadlıq hissinə zidd hesab edirlər. Onlar uşaq üçün çərçivəsiz bir mühit yaradırlar. Çərçivəsiz mühitdə yaşayan uşaq valideynin diqqət və sevgisini dəyərləndirə bilməyəcək. Bu isə böyük faciədir. Qayda-qanunsuz mühitdə yaşayan uşaq özünü idarə edə bilmir və öz ətrafına dağıdıcı münasibət göstərir. Bu tip uşaqların cinayətə, vəhşiliyə daha çox meyli olur. Fitrətən mərhəmətli olan bir varlıq yanlış tərbiyə nəticəsində amansızlaşa bilər.
Bəzən elə adamlarla rastlaşırıq ki, uşaqlığını tam azad mühitdə keçirdiyindən gələcəyini təyin etmək qabiliyyətini itirmişdir. Onlar valideynin əvəzində özləri üçün qanunlar tətbiq etmiş və bu yetərsiz qanunların nəticəsində yaradıcılıq istedadından məhrum olmuşlar.
Monoton həyat həmişə cansıxıcıdır. Bir-birinizi nə qədər çox sevsəniz də, bir-birinizə nə qədər hörmət etsəniz də, hər gün eyni mənzərə ilə qarşılaşmaq istər-istəməz nə vaxtsa bayağılaşır, monotonlaşır.
Atanın televizor qarşısında “yorğunluğunu atması”, uşaqların otaqlarında dərs hazırlaması, ananın mətbəxdə biş-düşü ilə məşğul olması… hər şey əvvəlki, hər şey həmişəki. Əlbəttə, bu həyata yeni rənglər qatanda, yeni çalarlar əlavə edəndə istər-istəməz dincəlirsən, yenilənirsən.
Arabir hər şeyi bir tərəfə qoyun və səhər tezdən evdən çıxın, özü də hamılıqla. Ya bir parka gedin, ya bir sahilə üz tutun və göz işlədikcə uzanan üfüqlərə baxın, göz işlədikcə uzanan küçələri addımlayın. Əminəm ki, faydasını görəcəksiniz.
Həyat yoldaşımıza necə hörmət etməliyik? Həyat yoldaşına hörmət etmək nə deməkdir?
Əgər istəyirsinizsə, məsələyə bu sualın cavabından başlayaq. Bir çox ailələrdə hörmət məfhumunu düzgün başa düşmürlər. Məsələn, bəziləri hörməti həyat yoldaşı üçün «hər şeyə hazır olmaq» kimi qəbul edirlər. Halbuki, hörmət təkcə qadınlara yox, hər iki tərəfə aiddir. Və təbii ki, bunun üçün tərəflər bir-birilərini tam mənası ilə qəbul etməlidirlər. Hörmət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır. Danışarkən hörmət, dinləyərkən hörmət, münasibətdə hörmət, ünsiyyətdə hörmət və s.
Bir az əvvəl də qeyd etdiyimiz kimi hörmət tərəflərin bir-birilərini qəbul etməsindən çox asılıdır. Tərəflər bir-birilərini xəbərdarlıq etmək və ya müsbət mənada tənqid etmək hüququna malikdirlər. Bu da çox təbiidir. Ancaq bir tərəfin qarşı tərəfi qəbul edə bilməməsindən irəli gələn mənfi tənqidlər hörmətsizlik səviyyəsinə çata bilər ki, bu da hər iki tərəf üçün təhlükəlidir.
Elə isə həyat yoldaşımıza necə hörmət etməliyik? Hər şeydən əvvəl hər hansı bir hadisə qarşısında özümüzü həyat yoldaşımızın yerinə qoyub o şəkildə reaksiya verməliyik.
Əgər ata dinsiz, kafir olsa belə, övladın dininə, imanına qarışmırsa, övlad ona qarşı haqsızlıq, hörmətsizlik edə bilməz. Yox, əgər dinsiz ata övladın imanına toxunursa, onu Haqq yolundan azdırmağa çalışırsa, onda övlad ataya itaət etməyə bilər.