“İşlərimi yenə görüb başa çatdıra bilmədim” deyə heyifsilənirsinizmi? Bilirsinizmi, bunun səbəbi nədir?
— Vaxtı düzgün bölməmək. İş yerində çoxumuz günün sonunda bu mənzərə ilə rastlaşırıq.
Hesab edirik ki, aşağıdakı təkliflərə əməl etməklə qismən də olsa, vaxt azlığının, işlərin yarımçıq qalmamasının çarəsini tapmaq olar:
Əvvəlcə, bir işi bitirin, sonra başqa işə keçin. Eyni vaxtda iki-üç işi görməyə çalışmayın. Bir işi tam görüb qurtarmaqdan ötrü həmin işin əvvəlcədən planını qursanız, daha effektli olar.
Görəcəyiniz işi təxirə salmayın. Təxirəsalma məsələsini lazım olan zamanlar üçün saxlayın. 2 həftə ərzində bitməsi vacib olan layihəniz varsa, ən azı 3 gün içində həmin işin ilk hissəsini yerinə yetirin. Bir neçə gündə birinci hissəni bitirib, ikinci hissəyə keçin.
İşi görəndən sonra qiymətləndirmə üçün vaxt ayırın, bir problem olub-olmadığını dönə-dönə yoxlayın. Əmin olun ki, bu sizin gələcək karyeranıza müsbət təsir göstərərək daha uğurlu nəticələr əldə etməyinizə təkan verəcək.
Həyatda uğur qazanmış,böyük işlərin öhdəsindən gəlmiş alimlərin, liderlərin, dahilərin də həftədə 168 saatı, gündə 24 saatı vardı. Bu kəslərin ortaq xüsusiyyəti, zamanlarını böyük bir ustalıqla idarə etmələri idi. Ədalətlə paylanan bu qaynağa hamımız bərabər müddətlərdə sahibik; ancaq fərqli şəkillərdə istifadə edirik. Kimimiz zamanını israf edərək başıboş keçirərkən, kimimiz isə məqsədyönlü çalışaraq zamanının hər anını faydalı bir şəkildə qiymətləndirir.
Ətrafımızda vaxt məhdudiyyətindən şikayət edən həmkarlarımızla tez-tez raslaşırıq. Siz də vaxtın azlığından şikayət edirsiniz və ya zamanınızı yaxşı proqramlaşdıra bilmədiyiniz üçün görüləcək işlər qarşısında aciz qalırsınız? Cavabınız 100 % “hə”dirsə deməli vaxtınızı effektiv idarə etmirsiniz.Əslində zaman əvəzsiz resursdur. Bu resursu necə istifadə etmək isə öz əlimizdədir.