Görkəmli fiziklər kateqoriyası üzrə məqalələr

Arximed

Arximed (e.ə. təqr. 287-212) riyaziyyatçı, fizik, və mühəndis, riyazi fizikanın əsasını qoyan, mexanikanın banilərindəndir. O, Siciliya adasındakı Sirakuz şəhərində anadan olmuşdur. (anadan olduğu gün məlum olmadığından Moskva universitetində fizika və riyaziyyatçılar hər il may ayının 12-ni Arximedin anadan olduğu gün kimi qeyd edirlər). Arximedin atası astronom Fidiy Aleksandriyalı Heronla yaxın olduğundan Arximedə yaxşı təhsil verə bilmişdir. Ona görə Arximed Aleksandriyaya getmiş, orada görkəmli riyaziyyatçı və coğrafiyaçı Eratosfendən dərs almışdır. Arximed Siciliyaya kamil riyaziyyatçı kimi qayıtmış və onun ilk əsəri mexanikaya həsr olunmuşdur. O, kürənin və onun hissələrinin, silindr və ellipsin, hiperbola və parabolanın fırlanmasından alınan cisimlərin həcmlərini hesablamışdır.
∏ ədədinin qiymətini böyük dəqiqliklə müəyyənləşdirmiş, ortaq vuruğu 1/4 olan sonsuz həndəsi silsilənin cəmini tapmışdır. Üçbucağın üç tərəfinə görə sahə düsturu Arximedə məxsusdur, ədalətsiz olaraq səhvən Heron düsturu adlandırılıb. Mexanikada lingin tarazlıq qaydası, cisimlərin üzmə şərti (Arximed qanunu), paralel qüvvələrin toplanması qaydası Arximed tərəfindən müəyyən olunmuşdur. O, bir çox maşın və mexaniki aparatların konstruktoru olmuşdur, sahələri suvarmaq üçün su qaldıran mexanizm (Arximed vinti), manivela və blok sistemlərini ixtira etmiş, hərbi maşın konstruksiyasını hazırlamışdır.
Arximed mayeyə batırılmış cismə mayenin göstərdiyi itələyici təsir qüvvəsi haqqındakı qanunu kəşf etmişdir. Onun kəşf və ixtiraları mexanikanın inkişafına güclü təkan vermişdir. Sadə mexanizmlər və sadə mexanizmlərin kombi­nasiyasından qurulmuş maşınlar, əl əməyinin yüngülləşdirilməsinə və əzələ qüvvəsinin maşınla əvəz edilməsinə səbəb oldu. Cisimlərin ağırlıq mərkəzi anlayışı Arximedə məxsus­dur. Lingin tarazlıq şərtini Arximed öyrənmiş və onun riyazi ifadəsini vermişdir. «Mənə dayaq nöqtəsi ver, mən yeri tərpədim» kəlamı Arximedə məxsusdur.
Qeyd etməliyik ki, antik dövrdə optikanın inkişafı Arximedin yaradıcılığı ilə bağlı olmuşdur. O, optikanın çox sahələri ilə məşğul olmuşdur. Lakin bu məlumatların az hissəsi gəlib bizə çatmışdır.
Arximed günəşin zahiri diametrini təyin etmək. Ay və Günəş tutulmalarını, planetlərin hərəkətlərini, Ayın Səfhələrini müşahidə etmək üçün cihaz qurmuşdur.
Texnikanın yaranması və inkişafı dövrün, cəmiyyətin tələbindən asılıdır. Arximedin dövründə işğalçı müharibələr çox olduğundan o, vətənini qorumaq üçün mümkün olan hərbi döyüş texnikası yaratmışdır. Sirakuz şəhərinin müdafiəsi üçün Arximedin düzəltdiyi qəribə hərbi maşınlardan romalılar xəbərdar idilər. Ona görə onun hərbi maşınlarından qorxaraq şəhəri hücumla ala bilməyib, uzunmüddətli mühasirədə saxlamağa məcbur olmuşlar!

Davamı →

Nikola Tesla

Tesla 1856-cı ildə Yuqoslaviyanın Xarvata şəhərində anadan olub. O, Qrats politexnik institutunu (1878) və Praqa universitetini (1880) bitirmişdir. Tesla Parisdə Tomas Edisonun kompaniyasında (1882-84), sonra isə ABŞ-a mühacirət edərək Edisonun zavodlarında işləmişdir. O, radiotexnika və elektrotexnika sahəsində ən məşhur alim və ixtiraçı olub.
Tesla Budapeştdə teleqrafçı işləməyə başlayarkən birinci olaraq teleqraf aparatını təkmilləşdirir.
O, maqnit sahəsinin fırlanması hadisəsini öyrənərək 1888-ci ildə öz ixtirasını elan edərək göstərir ki, iki və daha çox fazalı cərəyanla da fırlanan maqnit sahəsi almaq mümkündür. O, çox fazalı, xüsusilə iki fazalı maşınların müxtəlif konstruksiyalarını işləyib hazırlamışdır. Yüksək gərginlikli cərəyan sahəsindəki ixtiralarına və kəşflərinə görə Tesla dünyada məşhurlaşır.
Davamı →

Leonardo da Vinçi

«O, günəşli zirvədir. Bu zirvə
bütün qitələrdən aydın görünür.
Bu zirvə fəthedilməzdir.
Leonardo da Vinçiyə eşq olsun»


S. Vurğun


Dünya mədəniyyəti tarixinə Leonar­do rəssam kimi daxil olmuşdur. Onun sənət əsərləri dünya mədəniyyətinin ən qiymətli əsərlərindən hesab edilir.
Leonardo Florensiyanın yaxınlığındakı Vinçi şəhərciyində varlı notarius ailəsində anadan olub. O, kiçik yaşlarından rəssamlığa böyük maraq göstərirmiş. Rəssamlıq sahəsində onun ilk müəllimi Florensiya rəssamı Andrya del Verrokkio olmuşdur. 1472-ci ildən 1482-ci ilə kimi Leonar­do Florensiyada yaşayıb-yaratmış, sonra isə Milan şəhərinə köçmüşdür. 1499-cu ildə Milan Fransızlar tərəfindən zəbt olunanda O, Florensiyaya qayıtmışdır.
1516-cı ildə Fransa kralının dəvəti ilə o, Fransaya köçmüş və 2 may 1519-cu ildə vəfat etmişdir.

Davamı →

Demokrit

Demokrit qədim Yunanıstanın görkəmli materialist filosofudur. O, Aralıq dənizinin Frakiya sahilindəki Abderdə anadan olmuşdur. Demokritin müəllimi Qədim Yunanıstanın filosofları olan Anaksaqor və Levkipp olmuşlar. Bundan başqa o, fars kahinlərindən də dərs almışdır.
Demokrit hadisələri müşahidə edərək belə nəticəyə gəlmişdir: bizə belə görünür ki, cisimlər bütövdür. Əslində isə onlar çoxlu zərrəciklərdən təşkil olunmuşdur, cisimlərdəki zərrəciklər formaca müxtəlifdir. Çox kiçik olduğundan onları görmək olmur. Bölünməyən zərrəcikləri o «atom» adlandırmışdır. Atom sözü yunanca «bölünməz» deməkdir. O, materialist atomizm nəzəriyyəsinin əsasını qoyanlardan biridir.

Davamı →

Xristian Hüygens

Xristian Hüygens görkəmli mexanik, fizik, astronom və riyaziy­yatçı kimi tanınır, O, Hollandiyanın Haaqa şəhərində zadəgan ailəsində anadan olmuşdur. Atası Konstantin Hüygens məşhur şair və dövlət xadimi olub. O, oğluna əvvəlcədən riyaziyyata və mexanikaya aid mükəmməl təhsil vermişdir.
Hüygensin 16 yaşı olanda atası oğlunu hüquqçu etmək fikrinə düşür və bu məqsədlə onu Leyden universitetinə göndərir. Universitet həyatında Hüygens hüquq elmini yaxşı oxuması ilə yanaşı riyaziyyat, mexanika, astronomiya və tətbiqi optika ilə də maraqlanmışdır. O, mahir sənətkar kimi optik şüşələri cilalamış, astronomiya borusunu təkmilləşdirmişdir. Hüygens düzəltdiyi teleskopla 1655-cı ildə Saturn planetinin Titan peykini, Saturn halqasını kəşf etmiş, peykin planet ətrafında fırlanma periodunu hesablamış və halqanın Saturn planetinə heç yerdə toxunmadığını öyrənmişdir.
Davamı →
Top