Evancelista Torriçelli İtalyan fiziki və riyaziyyatçısı olub, Faentsedə anadan olmuşdur. Uşaq ikən atadan məhrum qalan Torriçelli əmisinin himayəsində qalmış və onun təklifi ilə dini-yezuit məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra o, riyazi təhsilini davam etdirmək üçün 1626-cı ildə Romaya gəlir, Qalileyin tələbəsi və dostu B.Kastelli (1577-1644) ilə tanış olur. Kastelli öz dövrünün qabaqcıl alimi olmuş və tələbəsi Torriçellini də elmi ideyalarla, xüsusən Qalileyin əsərləri ilə tanış etmişdir.
Qalileyin «iki elm haqqında müsahibə» əsərini Torriçellinin oxuması onun yaradıcılığına böyük təsir etmişdir. Bu əsərin təsiri altında o, «Təbii təcilli hərəkət haqqında» adlı əsərini yazmış və Kastelliyə göstərmişdir. Kastelli Romadan Venesiyaya gələrək bu əsəri Qalileyə göstərir. Həmin əsər Qalileyin xoşuna gəldiyindən Torriçellini yanına dəvət edir və 1641-cı ildən Torriçelli Qalileyin yanında işləyir.
Georq Rixman Estoniyanın Pernov şəhərində anadan olub. O, təhsilini artırmaq üçün Almaniyaya gedib Qalle universitetinə daxil olmuş və bir qədər oxuduqdan sonra məktəbi yarımçıq qoyaraq işləmək üçün Peterburqa gəlmişdir. Rixman Peterburqda bir qraf ailəsində tərbiyəçi işləməklə yanaşı mütaliə etmiş və beləliklə biliyini artırmağa çalışmışdır. Öz üzərində inamla çalışmasına görə Rixman 1735-ci ildə Peterburq Elmlər Akademiyası nəzdindəki universitetə daxil olur. Yaxşı oxumasına və tədqiqatçılıq bacarığına görə Rixman 1740-cı ildə akademiyada adyunktluğa və 1741-ci ildə isə, professorluğa keçirilir.
Dünyanın görkəmli fizikləri içərisində şərəfli yer tutan Volta — böyük mütəfəkkir və məşhur ixtiraçı olmuşdur. Bacarıqlı və qeyri-adi eksperimentator olan Volta demək olar ki, bütün həyatını elektrik haqqında təlimin inkişafına sərf etmişdir.
Volta (18.2.1745-5.3.1827) məşhur İtaliyan fiziki, kimyaçısı və fizioloqudur. O, İtaliyanın kiçik Komo şəhərində anadan olmuşdur. Gənc Volta məktəbdə oxuyarkən əməksevərliyi ilə böyük istedada malik olduğunu büruzə verər, elektrik hadisələri ilə daha çox maraqlanardı. Volta L.Qalvaninin «Heyvan elektriki» nəzəriyyəsini təcrübədə yoxlayıb səhv olduğunu göstərmişdir.
Volta qəribə təcrübələr müəllifidir. O, müxtəlif metaldan olan iki pulun birini dilinin üstünə, o birisini isə dilinin altına qoyur. Sonra məftillə pulları birləşdirəndə turş dad duyardı. Belə dada səbəb dildən keçən elektrik cərəyanı olduğunu bilirdi. Volta elektrikin dadını duyan ilk alimdir.
Bolsman dahi Avstriya nəzəriyyəçi fiziki, molekulyar-kinetik nəzəriyyənin əsasını qoyanlardandır. Bu nəzəriyyə ilk dəfə Bolsmanın əsərlərində ardıcıl fiziki nəzəriyyə şəklini almışdır.
Bolsman (Ludwig Eduard Boltzmann) 1844-cü ildə Vyanada anadan olub. Gimnaziyanı bitirdikdən sonra Vyana universitetinə daxil olur və fizika elminə ürəkdən vurulur. Onun müəllimlərindən biri məşhur fizik Y.Stefan olub. Tələbə olarkən öz müəllimləri Y.Loşmidt və Y.Stefanla dostluq etmişdir. Şüalanmaya aid Stefanın elmi işini ölümündən sonra Bolsman davam etdirib.
Görkəmli Sovet alimi İ.V. Kurçatov Ural Quberniyasının Sim kəndində anadan olub.
1908-ci ildə Kurçatovlar ailəsi Simbirskə, 1912-ci ildə isə Simferopola köçmüşdür. İqor Vasilyeviç 1920-ci ildə gimnaziyanı qızıl medalla bitirərək, Krım universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik dövründə Kurçatov yaxşı oxumuş, idman və musiqi ilə məşğul olmuşdur. O, hər yayda təsərrüfat işlərində atasına kömək edərmiş.
Fizika tarixində XIX əsrin sonu bir sıra görkəmli kəşflərin edilməsi ilə əlamətdardır ki, bu kəşflər bəzi fiziklərin dünyagörüşlərində elmi inqilab yaratdı. Rentgen şüalarının kəşfi məhz belə kəşflərdəndir.
1895-ci il noyabrın 8-də alman fiziki Rentgen gözə görünməyən qəribə xassəli şüalar kəşf edir.
Qazların elektrik keçirməsinin və katod şüalarının tədqiqi, rentgen şüalarının kəşfinə səbəb oldu. Rentgen seyrəldilmiş qazlardan elektrik cərəyanı keçərkən qazın işıqlanmasını öyrənirdi. O, nasosla borunun havasını sorub, boru ilə çox yüksək gərginlikli cərəyan buraxarkən qaz işıqlanırdı.