Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti — “qarşı”, bios isə “həyat” deməkdir.
Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır.
Hazırda dünyada təxminən 200 növ antibiotik hazırlanmışdır. Kimsə soruşa bilər ki, bəs nə üçün bu qədər çox? Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün – bəziləri onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır və s. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər! Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ilk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan “penisillinaza” adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur.
Dərmanşünaslıq elminin mühüm sahələrindən və vacib tərkib hissələrindən biri də reseptura fənnidir. Hələ ən qədim zamanlardan müalicə üçün təyin olunmuş dərmanın adını, miqdarını, tətbiq üsulunu və və qaydalarını və digər məlumatları göstərmək zərurəti yaranmışdır ki, bunu da həmin dövrlərdə müəyyən yazı işarələri vasitəsilə göstərməyə çalışmışlar. Tədricən bu sahə inkişaf etmiş və, beləliklə də, hazırda reseptura adlandırdığımız mühüm bir dərmanşünaslıq fənninin təməli qoyulmuşdur.
Tarixi məlumatlardan məlum olur ki, reseptura həqiqətən də ən qədim elmlərdəndir. Belə ki, bizim eramızdan hələ 2000-3000 il əvvəl artıq qədim misirlilərin, primitiv şəkildə olsa da, öz resepturası mövcud imiş. O zamanlar reseptləri xüsusi işarələrlə yazırmışlar.Bu işarələr yalnız həkimə və əczaçıya məlum imiş. Belə işarələrdən bəzilərinin maraqlı mənası olmaqla, bunlar dərmanşünaslıqda qəbul olunmuşdur. Məsələn, su, duz, turşu ,mis, spirt, gümüş, sabun, qızıl xüsusi işarələrlə, eləcə də başqa maddələr və dərman vasitələri digər müəyyən işarələrlə göstərilərmiş. Zaman keçdikcə, xalqların öz əlifbaları yaranıb inkişaf etdikcə, dərmanşünaslıq sahəsi inkişaf tapdıqca reseptura da, tədricən, təkmilləşdirilirdi və bir elm kimi özünə yer tapırdı. Bu sahədə ərəblərin xidmətləri daha çox olmuşdur, onlardan isə reseptura elmini qədim yunanlar və qədim romalılar qəbul etmişlər. Məsələn, Hippokratın dövründə qədim yunanların reseptura barədə xeyli məlumatları var imiş.