Esse kateqoriyası üzrə məqalələr

Yaşamaq

1990-cı ildə “Gənclik” nəşriyyatının nəşr etdiyi “Bağban” adlı toplu (Toplunu Cəmil Nağıyev tərtib edib və ön söz yazıb-S.B.) bir çox insanların ədəbi zövqünün formalaşmasına təsir etdiyi kimi, mənim də zövqümün formalaşmasına öz təsirini göstərdi. “Bağban” toplusu 90-cı illərin qaranlıq, qarışıq, qatışıq günlərində oxuyan və ədəbiyyata həvəsli insanların sevimli kitabı oldu. Bu toplu bir çox ədəbiyyat həvəskarına mütaliənin doğru, ciddi istiqamətini göstərdi. Həmin topluda yer almış, Folknerin Kamyu haqqında söylədiyi fikirlər isə xüsusi ilə bir məsələdə məni ayıltdı, ciddi düşünməyə vadar etdi.
Davamı →

Mədəniyyət və faciə | Rolan Bart

Zəmanənin simasını ədəbi janrların hamısından daha artıq müəyyənləşdirəni faciədir, faciə zəmanəyə maksimum ləyaqət və dərinlik verir. Ən parlaq zəmanələr ən faciəvi zəmanələrdir: Afinada beşinci əsr, İngiltərədə Yelizavet dövrü, Fransada 17-ci əsr. Bu yüzilliklərdən kənarda faciə susur. Bəs həmin dövrlərdə həmin ölkələrdə nə baş verirdi ki, faciənin yaranmasını mümkün və hətta təbii edirdi? Bu janrın yayılma sahəsi belə geniş idi, faciə müəllifləri qrup-qrup yaranır, bir-birinin səsinə səs verirdilər. Biz aydın hiss edirik ki, zəmanənin keyfiyyəti ilə onun faciə məhsulu arasındakı əlaqə təsadüfi deyil. Məsələ bundadır ki, həmin dövrlər mədəniyyətin əsrləri idi…
Davamı →

Terror, yalan və onların televiziya effekti

Terror kütləvi informasiya vasitələri (KİV) dövrünün fenomenidir. Əgər KİV olmasaydı, onda yeni xəbər yaratmaq üçün nəzərdə tutulmuş hadisələr də baş verməzdi. Terrorizmin mahiyyəti, siyasi məqsədlərə çatmaq üçün terrorun yayılmasından ibarətdir.

Terrorizmi aşağıdakı üçbucaq yaradır: terrorçu, onun qurbanı (bu üçbucağın ən mühüm tərkib hissəsidir) və terrorçunun qorxu yaradaraq özünə tabe etməyə çalışdığı kütlə. İstifadə olunan metodlar və ideologiya dəyişə bilər, bu sadəcə fundamental strategiyanın detallarıdır. Məqsəd hər cür zorakı yollardan istifadə edərək, qorxu yaratmaq və qarşıya qoyulan məqsədə çatmaqdan ibarətdir.

Terrorizm hər zaman rasionaldır, çünki terroru hərtərəfli gəlir-xərc hesablamaları apardıqdan sonra tətbiq edirlər. Məgər kütləvi, ya da tək bir qətl törədərək cəmiyyətə mesaj vermək, sadəlöv düşüncənin məhsulu ola bilərmi?
Davamı →

Mən ümiddən danışacağam | Sesar Valyexo

Mən bu ağrıdan Sesar Valyexo kimi əzab çəkmirəm. İndi mən rəssam kimi, insan kimi və hətta adi bir canlı məxluq kimi əzab çəkmirəm. Mən bu ağrıdan katolik kimi, müsəlman kimi, nə də ateist kimi əzab çəkmirəm. Bu gün mən sadəcə əzab çəkirəm. Əgər mənim adım Sesar Valyexo olmasaydı belə, mən yenə də bu ağrıdan əzab çəkəcəkdim. Əgər mən rəssam olmasaydım belə, mən yenə də bu ağrıdan əzab çəkəcəkdim. Əgər mən insan və hətta adi bir canlı məxluq olmasaydım belə, mən yenə də bu ağrıdan əzab çəkəcəkdim. Əgər mən katolik, müsəlman və yaxud ateist olmasaydım belə, mən yenə də bundan əzab çəkəcəkdim. Bu gün mən bütün varlığımla əzab çəkirəm. Bu gün mən sadəcə əzab çəkirəm.

İndi mən izaholunmaz ağrını yaşayıram. Mənim ağrım o qədər dərindir ki, onun artıq nə səbəbi var, nə də ki, səbəbə ehtiyacı. Buna səbəb nə ola bilərdi axı? Hardan tapılar o mühüm səbəb ki, haçansa bu ağrıya səbəb olmaqdan tükənsin? Heç nə deyil bunun səbəbi; heç nə buna səbəb olmaqdan tükənə bilməz.
Davamı →

Gənclik | Tomas Vulf

Gənclik – heyrətаmiz vаxtdır: o, əzаblаr və sehrlərlə doludur, insаn dа ötüb-keçməmiş gəncliyini dərk eləmir. Onunlа аyrılığа dözmək iqtidаrındа deyil, ötüb-keçməsinə sonsuz kədərlə, təəssüflə tаmаşа eləyir, onu itirdiyinə ömrünün son günlərinəcən yаs tutmаlıdır, əslində isə gizli qüssə dolu sevinclə sаlаmlаyır, əgər onu müəyyən sehrli  tərzdə geri qаytаrmаq mümkün olsаydı, bu dövrü bir daha yaşamağa qətiyyən razı olmazdı.

Niyə аxı? Məhz onа görə ki, həyаtın qəribə, аcı möcüzəsi özünü gənclikdə olduğundаn bu qədər аydın heç yerdə göstərmir. Bəs bizim gənclik illərimizdə həyаtın bu qədər kəskin, bu qədər ifаdəedilməz tərzdə, belə аcı аğrıyla, sevinclə duyduğumuz bu qəribə, аcı möcüzəsinin mаhiyyəti nədir?

Bizim zəngin olmаğımızdа – kаsıblıq; qüdrətliyik – heç şeyimiz yoxdur; bu dünyаnın bütün аğlаgəlməz dəbdəbəsini, əzəmətini görə-görə, eşidə-eşidə, qoxulаyа-qoxulаyа, sehrli həyаtın binаsının, insаnın bələd olduğu ən uğurlu, zəngin, xeyirxаh, xoşbəxt həyаtın bütün bu binаsının elə indi, bu аndа, həmişəlik bizim olduğunu duyа-duyа yаlnız аddım аtmаğа, əl uzаtmаğа, söz deməyə bəndik; аmmа bilirik ki, heç şeyi götürə, özününküləşdirə, qoruyub sаxlаyа bilmərik.
Davamı →

Ölümə qədər heç kim özünə xoşbəxt deməsin

İnsan son gününü gözləməlidir hər zamanMichel de Montaigne
Xoşbəxt deməyək ona ölmədən
Cənazəsi qaldırılmadan                                                      (Ovidi)

Krezin bu haqda məşhur bir hekayəsi var. Fars kralı onu edama məhkum edir. O da edam taxtasına gedə-gedə “Ah Solon, Ah Solon” deyə qışqırırmış. Bu sözünü krala çatdırıblar. Kral ondan niyə bu cür dediyini soruşub. O da Solonun verdiyi bir öyüdü söyləyib krala: “Tale sənə nə qədər xoş üz göstərirsə göstərsin, ömrün son günü gəlmədən insan özünü xoşbəxt saymamalıdır. Çünki insan həyatı qeyri-müəyyən və dəyişkəndir, kiçik bir hərəkətə görə bir vəziyyətdən başqa bir vəziyyətə keçir”. 

Makedoniyalı İsgəndərdən sonrakı Makedoniya krallarının dülgərlik, bağbanlıq etməsini, Siciliya qoçularının dayəliklə dolanmasını tarix unutmayıb. Dünyanın yarısını fəth etmiş, böyük orduların komandanı olmuş imperator Misir kralının nökərlərinə yalvarırdı. Qoca Pompey altı-yeddi ay az yaşasaydı, bu günə düşməzdi.
Davamı →

Qoşalıq və ya tənhaların qəm nəğməsi

Hardasa belə bir əfsanə oxumuşam. Guya hər bir insan iki yerə bölünüb. Bu bölünmüş insanlar yer üzündə öz yarılarını axtarırlar. Kim tapırsa, birləşib bütöv, xoşbəxt olur.
“Mənim yarım” sözü elə bu rəvayətdən yaranmayıbmı? Kim öz yarını tapa bilmirsə, qalır yarımçıq.
Bəziləri, bəlkə də çoxları öz yarı əvəzinə başqasının yarını tapır, sonra səhv etdiyini başa düşüb ayrılırlar.
Çoxları da heç ayrılmır. Ömürlərini özgələrinin yarıları ilə başa vururlar, ona görə də heç vaxt bütöv olmurlar.
Niyə belədir axı görəsən? Niyə hər şey qoşa olanda gözəl olur? Tənha qadın...Tənha kişi…
Heç vaxt inana bilmərəm ki, dünyada elə bir tənha qadın (yaxud kişi) tapılsın ki, özünü xoşbəxt hiss etsin.
Yarımçıq insan deyilmi tənhalar? Nədir axı bunun sirri? Bəlkə də ona görə ki, qoşalıqdan gəlir dünyaya insan övladı?
Tənha quşun yuva qurduğunu görən olubmu? Bəlkə Günəş elə tənha olduğuna görə alışıb-yanır?

Kim bilir, bəlkə tənha olduğu üçün belə solğundur Ay?
İnsan bədəninin neçə üzvü qoşadır. Qulaqlarımız, gözlərimiz, kirpiklərimiz, qaşlarımız qoşa deyilimi?
Qoşa deyilmi sifətimiz? Qoşa deyilmi dodaqlarımız?
Qoşa deyilmi damaqlarımız? Burnumuz birdir, bəs qoşa deyilmi onun dəlikləri? Birdir başımız, bəs qoşa deyilmi beyin yarımkürələrimiz?

Ürək birdir, ancaq ürəyin şöbələri qoşa deyilmi? Böyrəklərimiz, ağ ciyərlərimiz qoşa deyilmi?
Onurğa sütunu insan kürəyini iki yerə bölmürmü? Qoşa deyilmi ayaqlarımız? Qollarımız qoşa deyilmi?
Hər iki olan qoşadırmı? Qoşalıq və iki olmaq eynidirmi? İki olmaq ayrı-ayrı iki ədəd birin mövcud olmasıdır.
Qoşanın bir birləşən yeri var axı...qoşalıq həm də bir olmaqdır. Yəni, kökü eyni olur qoşanın.
Ayaqlarımız və ya qollarımızın biri o birindən uzun yaxud gödək olanda anormallıq əlaməti sayılır.
Gözün birinin o birindən balaca olması eyib hesab edilir.

Qoşalıq bərabərlikdir həm də. Cütlük bütövlükdür. Kimlərdir həyatda ən xoşbəxt?
Kimlərdir ən bədbəxt? Öz tayını, öz yarını tapıb bütövləşənlər xoşbəxtlər xoşbəxti deyilmi?
Öz yarılarını tapmayanlar dünyanın ən bədbəxti deyilmi?
Hər şeyin əlacı var. Şirin şeydən doyub bezəndə turş nəsə axtarırıq.
Yanan odu su ilə söndürürük. İstidən alışıb yananda sərin bir axtarırıq.
Budur odun əlacı. Soyuqdur istinin çarəsi. Hər şeyin əlacı var.
Hər şeyin çarəsi var. Bəs həyatda öz yarılarını tapmayanların əlacı nədir görəsən?

Öz yarılarının başqa birinə zorla calaq edildiyini görənlərin dərdinə dərman varmı görəsən?
Öz yarısını gec də olsa tapan, amma ona yalnız xəyalən qovuşanlar bədbəxtdir yoxsa xoşbəxt?
Öz yarılarını tapmayanların al-əlvan çılçıraqları o evi nurlandıra bilərmi, ilahi?
Öz yarılarını tapanların evində yanan zəif şam şölələri ən işıqlı çılçıraqdan işıqlı deyilmi?
Qoşaların ruhu ayrıdır, yoxsa birdir, ay Allah?
Qoşa olanlar xoşbəxtdir. Yarımçıqdır tənhalar! Tənhaların evlərinin divarları qəm nəğməsi dinləyir hər gecə.

Tənhaların göz yaşları içlərinə axır hər gecə.
Tənhaların dodaqlarında qəm nəğməsi oxunur hər gecə.

Mahnı qulaqlarımda əks-səda verir...

Hamı gəzir yarısını
Qoca gəzir qarısını...
gəzir....

© Sevil Gültən
Davamı →
Top