Mən deyim, siz inanmayın: bir də görəcəyik, çöldə-bayırda qəfildən kiminsə olan-qalan ağlı da yerindən oynadı, başını itirdi, başladı ki, bəs axı nədən yarım saatdan bəri bu mərkəzi küçədə gəzişirəm, amma bir adam balası da yaxınlaşıb təzə köynəyimi, yeni saç düzümümü layk – like eləmir?! Noolub şəhərimizin 3D-5D gözlü sakinlərinə?! Yox, görünür bu işdə bir iş var, yəqin, “public” görünmürəm…
Özüm eşitmişəm, avtobusda sağollaşan iki rəfiqədən biri o birinə elə beləcə də dedi: “Axşam qızlara da xəbər elə, çatda görüşək…”
Belə baxanda, nəyi pisdi ki? Məsafələr şəffaflaşıb yoxa çıxır, hamı olur laməkan…
Belə baxanda, nəyi yaxşıdır ki? Jestlərinə, mimikasına, səsinə alışdığımız, məsəl üçün, adının Klark Kent olduğunu bildiyimiz adam o tərəfə – virtuala aləmə keçən kimi dönüb olur Supermen.
Baxmaq olmur. Baxmamaq olmur.