İnsanın biologiyası iki bölməyə ayrılır: morfologiya və fiziologiya.
Morfologiya orqanizmin formasından, daxili quruluşundan — strukturasından bəhs edən elmə deyilir. Fiziologiya üzvlərin vəzifələrindən bəhs edən elmdir. Forma və vəzifə bir-birilə sıx rabitədədir, bir-birini tamamlayır. Forma vəzifəyə təsir etdiyi kimi vəzifə də formaya təsir edir ki, onlar daim bir-biri ilə qarşılıqlı əlaqədə olur.
Anatomiya morfoloji elmdir və tədqiqetmə metoduna görə iki şöbəyə ayrılmışdır: makroskopik və mikroskopik anatomiya. Makroskopik anatomiya orqanizmi cihazsız, göz ilə yaxud bəzən az dərəcədə böyüdücü optik alətlərlə öyrənir. Mikroskopik anatomiya mikroskop vasitəsi ilə orqanizmin incə quruluşunu tədqiq edir. Bu elm öz növbəsində bir neçə şöbəyə ayrılır: 1) sitologiya — hüceyrələrdən, 2) histologiya — toxumalardan, 3) orqanologiya — üzvlərin mikroskopik quruluşundan bəhs edən elm.