İnsanlar nəyə görə içki badələrini toqquşdururlar?
Bu ənənə ilə bağlı iki ayrı fikir irəli sürülür:
1. Şərab içən insanın 5 duyğu orqanını razı salmaq məqsədi ilə şərab qədəhini süfrədə çın səsiylə toqquşdurmaq. Burada 5 duyğu dedikdə aşağıdakılar nəzərdə tutulur: Şərabın rəngi — görmə hissi; Şərabın dadı — tam alma hissi; Şərabın iyi – qoxu alma hissi; əl ilə toxunmaq – toxunmaq hissi; çın səsi – eşitmə duyğusu. Şərab bütün duyğuları qane edən mənasını daşıyır.
2. Digər fərziyəyə görə antik dövrlərdə bir insanın düşmənini yeməyə dəvət edib ona zəhərli içki təqdim etməsi tez-tez müşahidə edilirdi. Ev sahibi içkisinin zəhərsiz olduğunu göstərmək üçün öz içki badəsini havaya qaldırar və qonağın içkisinin bir hissəsinin öz badəsinə tökülməsini istərdi. Sonra eyni vaxta içkilər içilərdi. Qonaq bu zaman ev sahibinə inamını göstərmək üçün badəsini ev sahibinin yuxarı qaldırdığı badəyə yavaşca toqquşdurar və çın səsi ilə içkini yoxlamağa ehtiyac olmadığını göstərərdi.
Neçə on illiklərdir ki, dilimizdə “xuliqan” sözü işlədilir.
Elə həmin dövrdən indiyədək avara, boş, səfil bir həyat keçirən, qanunlara tabe olmayan, addımbaşı qanunları, asayişi pozanları – “xuliqan” adlandırırlar. Bu gün hamı “xuliqan” sözünü işlədir. Bəs, bu sözün haradan gəldiyini bilirsiniz?
1898-ci ildən London polisinin hazırladığı məruzələrdə artıq “xuliqan” kəlməsindən istifadə edilməyə başlanmışdı. Bəzi iddiyalara görə, həmin dövrdə qanunları pozmaqda ad çıxarmış, millətcə irland olan Xuliqan (ingiliscə “Hooligan”) ailəsi haqqında mahnı vardı və çox güman ki, bu söz burdan götürülmüşdür.
Lakin Klarens Rukun 1899- cu ildə nəşr edilmiş “Xuliqan gecələri” adlı kitabında bildirilir ki, bu kəlmə Londonda yaşamış mühafizəçi və oğru Patrik Xuliqanın adından götürülmüşdür. Öz ailəsi və kiçik dəstəsilə birlikdə o, tez – tez cinayətlər törətməklə, qarətlər etməklə ad çıxarmışdı. Patrik Xuliqan hətta polis işçisini qətlə yetirmiş, həbsxanaya düşmüş və ömürlük həbs cəzası almışdır. Adı isə əbədiləşmışdir – “Xuliqan”.
Biznes mühitində hamının qəbul etdiyi bir fraza var: “Müştəri həmişə haqlıdır”.
Bu frazanın müəllifi 1834-1906-cı illərdə yaşamış amerikalı milyoner Marşal Filddir.
Marşall Fild Massaçusets ştatında fermer ailəsində dünyaya gəlmişdir. 17 yaşından o təsərrüfat mağazasında çalışmağa başlamışdır.
1856-cı ildə Marşal qardaşı ilə birlikdə Çikaqoda “Cooley, Wadsworth and Co.” ticarət kompaniyasında iş tapır. 1862-ci ildə Fild həmin kompaniyanın tərəfdaşı olur və kompaniyanın adı dəyişərək “Farwell, Field & Co.” adlanır. 1881-ci ildə kompaniya heç bir borcu olmadan “Marshall Field and Company” adı ilə biznesin ön sıralarına daxil olur.
Marşal Fild hələ ilk dəfə mağaza işlədərkən müştərilərin marağını müdafiə edən bir siyasət irəli sürmüşdür ki, müştəri aldığı malı geri qaytara bilər və satıcı müştərinin qaytardığı malı sorğu-sualsız geri götürməlidir. Elə həmin zamanlar Marşal Fild belə bir fraza işlətmişdir: “Müştəri həmişə haqlıdır” və “ xanıma nəyi istəyirsə, onu da verin”.
Marşal tarixin gəlmiş-keçmiş ən varlı insanları sırasında 18-ci pillədə yer alıb, sərvəti 66 milyard dollar təşkil edirdi. Marşal Fild 1906 –cı ildə, ömrünün 72-ci yeni ilini qarşıladığı zaman dostları ilə qolf oynayarkən, pnevmaniyadan (ağciyər iltihabı) dünyasını dəyişmişdir.
azens.az