Zefferinonun atası qəti çimərlik paltarı geyməzdi. Əynində həmişə köynək və ətəyini qatladığı şalvar olar, ağ papağını gözünün üstünə basıb gün boyu qayalıqlarda hərlənərdi. Ən böyük azarı qayalara yapışan, hər birinin sərt qabığı az qala daşlaşan Çinpapaq midyələr, yastı molyuskalar idi. Zefferinonun atası onları ancaq bıçaqla qoparardı. Hər bazar günü, gözündə iri eynəyi, sahil burnundakı qayaları bir-bir yoxlayardı. Balaca səbətini doldurana qədər ordan getməz, bəzilərini ordaca yeyər, islaq və turşməzə əti qaşıq kimi tutduğu qabıqdan sümürər, bəzilərini isə səbətinə atardı. Arada başını qaldırıb dənizə baxar və “Zefferino, haradasan?” deyə qışqırardı.
Zefferino günortadan sonraları dənizdən çıxmazdı. Ata-oğul birlikdə buruna gələr, sonra atası onu orda qoyub molyuskaların dalınca gedərdi. Qayalara yapışmış, inadkar Çinpapaq midyələr Zefferinonun diqqətini çəkmirdi; əvvəllər xərçənglərə, sonra osminoqlara, meduzalara meyil salmış və yavaş-yavaş hər növ balıqla maraqlanmağa başlamışdı. Yaz aylarında get-gedə daha çətin və ustalıq tələb edən işlərlə məşğul olurdu: artıq yaşıdları arasında sualtı tüfəngdən onun qədər bacarıqla istifadə edən yox idi. Ən yaxşı üzgüçülər bəstəboy və arıq-tırıq olanlardan çıxır, Zefferino da eləydi. Onu sahildə atasının əlindən tutub gedərkən görsəniz, elə bilərdiniz ki, saçı dibindən keçəl olan bu ağzı ayrıq uşağı dümsükləməsən tərpənməz, amma elə ki, dənizə girdi, heç kim onunla aşıq ata bilməzdi, özü də dibdən üzməkdə əlinə su tökən yox idi.