Bilinməz nə vaxtdan hərlənir bu tas,
Nə zaman pozular bu gözəl əsas.
Belə nazik fikri dərindən duyub
Ağıl ölçüsüylə dərk etmək olmaz.
Keçmiş günlərə baş vuranda , xəyala dalanda öncə gözü önünə kəndlərinin kənarını əhatə etmiş yamaclar gəlirdi. Nədənsə həmişə yaz vaxtları canlanırdı xəyalında ; yamaclar yaşıl dona bürünmüş olurdu .Və ən qəribəsi o idi ki , yamaclar aralıdan dağa bənzəyirdi, yaxından isə elə yamac idi ki, vardı. Sonra uca Pirdirəki dağını xatırlayırdı. Və anlayırdı ki , Pirdirəki dağı, sözsüz , dağdır, çünki ətrafdan , hətta çox uzaqdan belə görünür. Və ona çox təəccüblü gəlirdi nədən aşağılar - dağın yamacları yaşıl ,zümrüd rəngində, əsas özəyi — başı isə yumru və bozumtuldur: sanki sal qranit parçasıdır.
Uşaq vaxtı babası ilə dəfələrlə dağa getmiş və yəqinləşdirmişdi ki, dağ qranit parçası — filan deyil, amma daşlı- kəsəklidir. Yəqin ,elə buna görə də ətraf yamyaşıl zümrüd rəngunə boyananda o, eləcə bozumtul qalır .Bozumtul...
Nədənsə bu rəng həmişə ona kasıb gəlirdi , qoca gəlirdi və o , həmişə o vaxt da, indi də düşünürdü ki ,bu dağ nə isə qocadır, kasıbdır .Dağ onda qəribə bir təəssürat yaradırdı.