Böyük insanlar,şəxsiyyətlər kateqoriyası üzrə məqalələr

Böyük Britaniya kraliçası-II Yelizaveta

Kraliça II Yelizavetanın Edinburq hersoqu, şahzadə Filiplə brilliant toyu münasibətilə Bukingem sarayı tərəfindən onların nikahı barədə bəzi faktlar açıqlamışdır. İndiki kraliça — özünün brilliant toyunu tarixdə ilk dəfə qeyd edən Britaniya monarxıdır. Şahzadə Yelizaveta və Filip 1934-cü ildə Filipin qohumu, yunan şahzadəsi Marina və şahzadə Yelizavetanın qohumu Kent hersoqunun toyunda tanış olmuşlar.
Şahzadə Yelizaveta və leytenant Filip Mauntbattenin nişanlanması haqqında 1947-ci il iyulun 9-da elan edilmişdir. Yunanıstan və Danimarka şahzadəsi Filip Böyük Britaniyanın Kral Hərbi Dəniz Donanmasında xidmətə 1939-cu ildə daxil olmuş və İkinci Dünya Müharibəsindən sonra 1947-ci ilin fevralında Britaniya vətəndaşlığı almışdır. Donanmada gələcək işini davam etdirmək üçün şahzadə Filip özünə soyad seçməli idi və öz anasının şahzadə Alisa Battenberqin britaniyalı qohumlarının soyadı olan Mauntbatten üzərində dayanmışdır. Şahzadə Yelizaveta ilə evləndikdən sonra kral IV Georq ona Edinburq hersoqu titulunu vermişdir.
Davamı →

Nəsirəddin Tusi

Xacə Məhəmməd Nəsrəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsrəddin adını vermişdir. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul etmişdir.
Mənşə etibarı ilə onun əsli Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Həmədan şəhərindəndir. Nəsrəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən almışdır. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdir. Mütəfəkkir özünün «Seyr və sülük» əsərinin müqəddiməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı:  «Mən hələ uşaq ikən atam məni öz dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də atamın vəsiyyətini nəzərə alaraq bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa, ondan dərs aldım. Ancaq onu da deyim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim.»
Davamı →

Janna Dark

Müqəddəs Yekaterina, Marqaritanın və Cəbrayılın səsi qulağına gələndə Jannanın 13 yaşı ardı. Janna Orleanı əsarətdən qurtarmalı, vəliəhdi taxta çıxararaq qəsbkarları krallıqdan qovmalıydı: «Janna, sən başqa yolla getməli olacaqsan. Çünki Göylərin padşahı səni kralın müdafiəsiyçün seçib». Bu səslər artır və hər gün «Orleanın mühasirəsini qırmaq lazımdır, sən getməlisən» deyib dururdu. Janna onu dəlilikdə gunahlandıranların yadına qədim məsəli salırdı:«Fransanı qadın məhv edib, sonra bakirə qız xilas edəcək». Məsəlin birinci hissəsi artıq çin olmuşdu. Bavariyalı İzabella əri fransız kralı 6-ci Karlı məcbur eləmişdi ki, oğlunu nicahdan kənar elan eləsin. Fransa kralsız qala bilərdi.
Davamı →

Surətpərəst Landau

Bakıda Landau adına küçə var. Adı Eynşteyn, Nilson Bor, Rezerford, Heyzenberq, Pauli kimi alimlərlə bir sırada çəkilən Nobel mükafatı almış fizik Lev Davıdoviç Landaunun bioqrafiyası silinməz cümləylə başlayır. O, Bakıda neft mühəndisinin ailəsində dünyaya göz açıb. Özü belə deməyi sevərmiş: «Mən yanvarın 22-də lord Bayronla bir gündə, amma dahi ingilis şairindən 120 il sonra anadan olmuşam». Atası onu süd içməyə, saatlarla royalı döyəcləməyə vadar etsə də, altı yaşlı uşağa tövlənin divarında təbaşirlə məsələ həll etmək daha maraqlı gəlirdi.  Arıq, çəlimsiz olsa da, bu uşaq yaxşı oxuyur, hətta 12 yaşında rəqəmləri differensasiya etməyi, 13 yaşında isə inteqrasiya eləməyi bacarırdı. Amma gimnaziya bağlanandan sonra evdə oturmağa məcbur olan Landau anasının sözlərini qulağında ömürlük sırğa elədi: «İşsizlikdən insan məhv ola bilər». İntihar haqqında düşündüyü bu dövrdə xoşbəxtlikdən onun əlinə Stendalın «Qırmızı və qara» kitabı düşür və o anlayır: insan o qədər güclü ola bilər ki, öz həyatını istədiyi kimi dəyişə bilsin.
Davamı →

Yuri Alekseyeviç Qaqarin

Aleksey İvanoviç Qaqarin və Anna Timofeyevna Matveyevanın ailəsində 1934-cü il, mart ayının 9-da Rusiyanın Smolensk vilayətindəki Qjatsk rayonunun Kluşino kəndində bir oğlan dünyaya gəldi. Sarışınsaçlı və mavigözlü bu körpənin adını Yuri qoydular. Amma o vaxt heç kim bilmirdi ki, dünyaya gələn bu körpəni bir vaxtlar bütün dünya tanıyacaq və hər dəfə onun adı gələndə milyonlarla insanın qəlbi coşacaq.
Müharibə başlayanda Yurinin 7 yaşı vardı və o, məktəbə getməyə hazırlaşırdı. Amma məktəbə getmək ona nəsib olmadı. 1941-ci ilin iyunun 22-də Almaniya SSRİ üzərinə hücum etdi və müharibə başladı. Cəbhədə sovet ordusuna sarsıdıcı zərbələr endirən almanlar 1941-ci il, oktyabr ayının 12-də Smolensk vilayətini işğal etdilər. Nəticədə, balaca Qaqarin bir neçə il ərzində alman işğalı altında olan ərazidə yaşamalı oldu. Ancaq 1943-cü il, aprel ayının 9-da isə hücuma keçən sovet ordusu yenidən Smolensk vilayətini azad etdi. 1945-ci ildə Qaqarinlər ailəsi Qjatska köçdülər.

Davamı →

Napoleon – özünü Fransa sayan korsikalı sərkərdə

Bir vaxt ardı ilə milyonları aparan, fransızları Avropaya qan uddurmağa vadar edən Napoleonun ölümü nədənsə mərhəmət coşqunluğu yaratmadı. Romantizm dövrü gəldikcə isə o, Don Juan, Faust və Prometey kimi qəhrəmanların sırasına qoşularaq mifik qəhrəmana çevrildi. Vandom meydanındakı sütun və triumfal arka Napoleon dövrünün simvolu kimi hələ də yerindədir.

Davamı →

Mişel Nostradamus

Müharibə olur, deyirlər ki, Nostradamus bunu yazmışdı. Zəlzələ baş verir, yenə də Nostradamusun proqonozlarının doğru çıxdığını iddia edirlər. Bəs əslində, Nostradamus kimdir? Nostradamus XVI əsrdə yaşayan astroloq, kahin, münəccim və ya bir falçıdır… Müdafiəçilərindən biri olan Charles Wardın sözlərilə «gələcəkdə baş verəcək anormal hadisələrdən» xəbər verən bir insan...
Tarixdə bir çox insanın gələcəklə bağlı xəbərlər verdiyi məlumdur. Belələrini peyğəmbərlər və kahinlər kimi iki qrupa ayırmaq olar. Peyğəmbərlər bir möcüzə olaraq gələcək haqqında məlumatlar verib və onların dedikləri eynilə düz çıxıb. Onların xəbərlərinin əsası vəhy və ilahi elmdir. Zamanı yaradan Allah göndərdiyi peyğəmbərləri insanlara təsdiq etdirmək üçün onlara möcüzəli bir şəkildə gələcək haqqında xəbərləri bildirib.
Davamı →

Teodor Mommzen

Teodor Mommzen (almanca Theodor Mommsen, 30 noyabr 1817, Hardinq, Şlezviq-Qolşteyn — 1 noyabr 1903, Berlin) — alman tarixçi, filoloq, hüquqşünas, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1902) ("«Roma tarixi» adlı monumental əsərinə görə"), Romanın fəxri vətəndaşı. 1868-ci ildə «Pour le Mérite» medalı ilə mükafatlandırılıb.
Davamı →

Güldürən düşündürən insan- Molla Nəsrəddin

Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.
Davamı →

Leonardo da Vinçi

Bir neçə il əvvəl dünyanın bir çox ölkələrinin vətəndaşlarının qatıldığı geniş rəy sorğusunda belə qənaətə gəlinmişdi ki, ikinci minilliyin ən böyük şəxsiyyəti italiyalı Leonardo da Vinçi olub. Təsadüfi deyil. Əsasən rəssam və «Mona Liza» əsərinin müəllifi kimi tanınan da Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu gün də milyonları heyrətə gətirir. 

Nikahdankənar övlad
Leonardonun atası Pyero Vinçi yetərincə varlı adam idi. Onlar bir neçə nəsil notarius kimi çalışırdılar. Son dərəcə diribaş və bic olduqlarından xeyli torpaq sahələri də vardı. Pyero eyni zamanda boylu-buxunlu, qadınlara qarşı biganə olmayan bir kişi imiş. Ən azı dörd dəfə evli olmuşdu və on iki uşağı vardı. Leonardo 15 aprel 1452-ci ildə Katerina adlı bir kəndli qızından olub. Katerina Vinçi şəhərciyinin yanında yerləşən üzüm bağları və zeytunluqlarla əhatə olunmuş Ankiano kəndindən idi. Onun gözəl, ya çirkin, ağıllı və ya yüngülbeyin olması haqda bioqraflar heç nə yazmır. Bəlli olan odur ki, Leonardo qanundankənar övlad olub. Katerina sonradan bir kəndliyə ərə gedib. Deyilənə görə, cənab Pyero da Vinçi Donna Alberiya adlı bir qadınla evlənib, amma dörd il yaşasalar da, uşaqları olmadığından Leonardonu oğul kimi qəbul edib. O vaxt kəbindənkənar övladı olmaq böyük qəbahət sayılmırdı…
Pyero istərdi ki, oğlu da onun kimi notarius olsun. Amma XOŞBƏXTLİKDƏN o vaxtın qanunlarına görə, kəbindənkənar uşaqlar notarius və həkim ola bilməzdi.
Leonardo da Vinçi
Florensiya
Oğlunun xüsusi istedadını görən ata Florensiyaya köçür. Nəhayət, günlərin birində Pyero da Vinçi oğlunun rəsmlərini özünün köhnə dostu, Florensiyada ən məşhur heykəltəraş, rəssam və zərgər kimi tanınan Andrea Verokkoya göstərir. Verokko onlara baxanda heyrətə gəlir və deyir ki, bu uşaq özünü bütünlükdə rəssamlığa həsr etməlidir. 1466-cı ildə Leonardo şagird kimi Verokkonun emalatxanasında fəaliyyətə başlayır. Çox keçmədən gənc Leonardoya öz müəllimini ötmək müyəssər olur. Bu, o dövr idi ki, artıq elm və incəsənətdə İntibah yetişirdi. Nəhayət, Renessans gəlib Verokkonun emalatxanasına da çatdı. Burada əl-ələ verib çoxlu rəssam, heykəltəraş, dəmirçi işləyirdi. Elementar mexaniki işlər də görülürdü. Leonardo rəssamlıq və heykəltəraşlıqla yanaşı, qazıntı və yük qaldırmaq üçün olan alətlərin mexanizmini də öyrənirdi. Sonralar bunlar müxtəlif ideya və kəşflər üçün işinə yarayacaqdı.

Qəribəlikləri
İnsan kimi qəribəlikləri də çox idi. O, bazarı gəzir, qazancı çox olmasa da, quş satılan yerlərdə quşları qəfəsdən çıxarar, pulunu ödəyib azad edərdi. Gündə hər saatda on beş dəqiqə olmaqla yatarmış. Yazı tərzi də fərqli imiş. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə yazırmış və yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün imiş. Bəziləri bunu mürtədlikdə ittiham olunmaqdan qorunmaq, bəziləri ixtiralarının sirrini saxlamaq üçün etdiyini yazır. Sonralar bu manuskriptləri oxumağa müxtəlif alimlər on illər sərf ediblər.

İudanın «prototipini» harada axtarmalı

Tezliklə istedadlı bir rəssam kimi tanınan Leonardo 1482-1499-cu illərdə Milanda hərbi mühəndis, arxitektor, heykəltəraş və rəssam işləyir – hersoq Lüdovik Sfortsanın yanında. Sforsa İtaliyada tiran kimi tanınırdı. Onu heç kəs sevmirdi, amma qorxudan hesablaşırdılar. Burdakı iş Leonardonu təmin etmirdi. Maaşı çox az idi. Hətta deyirlər ki, saray liliputu da ondan çox qazanırmış. Da Vinçi Milanda Sfortsanın sifarişi ilə «Gizli şam yeməyi» əsəri üzərində işləməyə başlayır. Rəsmdə İsa peyğəmbərlə həvarilərin son söhbəti təsvir olunur. Peyğəmbər orada bildirir ki, həvarilərin biri satqındır. Və təbii ki, bu sözlər ayrı-ayrı sifətlərdə fərqli emosiyalar oyadır. Da Vinçi burada öz unikal bacarığını göstərib. Rəsmdə satqın İuda da yer alır. Deyirlər ki, İudanın sifətinin təsviri üçün Leonardo cinayətkarların toplaşdığı pritonları gəzib axtarırdı. Amma istədiyini tapa bilmirmiş. Nəhayət, o cinayətkar yuvalarında axtardığını… monastırda tapır. Özündən son dərəcədə razı və zəhlətökən priorun (monastır başçısı) başını çəkir. Bunu eşidən Sfortsa gülməkdən qəşş eləyir: «Sən tamamilə düzgün seçim etmisən». Da Vinçi Sfortsanın at üzərində 80 metrlik bürünc heykəlini hazırlamağa başlayır. Amma 1499-cu ildə Fransa kralı XII Lüdovikin qoşunları Milanı ələ keçirir və orada əsl vandalizm nümayiş etdirir. Françesko Sfortsanın tamamlanmamış heykəli də məhv edilir. Leonrado yenidən Florensiyaya qayıtmalı olur.

«At rəssamı»
Florensiya respublikasının dekreti ilə iki böyük rəssama – da Vinçi və Mikelanceloya (Rafael hələ çox gənc idi) Şura sarayında freska çəkmək sifariş verilir. Süjet kimi Piza döyüşü nəzərdə tutlurdu. Da Vinçidən otuz yaş kiçik olan Mikelancelo çox ciddi və təhlükəli rəqib idi. 1503-cü ildə onun əsəri artıq hazır idi. Da Vinçi isə 1504-də işə başladı. Nəhayət, 1505-ci ildə karton üzərinə çəkilmiş əsərlər Şura sarayında yanaşı qoyulmuşdu. Amma Florensiya hökuməti onlardan heç birinə üstünlük verməmək üçün freska çəkiləsi olmayıb. Bu şəkillərin hər ikisi itib.
Mikelancelo ilə da Vinçinin araları sərin olub. Hətta rəvayətə görə, bir dəfə rastlaşanda (Da Vinçi ondan otuz yaş böyük olub) Mikelancelo ona deyib: «At rəssamı! Bürüncdən bir heykəli belə tökə bilməyib biabır oldun».

Sfumato
Leonardo sənətdə sfumato (italyanca tüstü kimi yox olan) prinsipinin yaradıcısıdır. Bu üsulla çəkilən şəkillərdə rənglər sanki bir-birində həll olunur, dəqiq sərhəd yaranmır. Həyatda olduğu kimi hər şey yayılır, biri digərinə nüfuz edir. Eyni zamanda nəfəs alır, yaşayır, fantaziyaları hərəkətə təhrik edir. O, şəkil çəkərkən qəsdən işlədiyi otağı tüstü ilə doldurardı ki, tüstü burumlarında, topalarda obrazlar tapsın. Məhz sfumato prinsipi nəticəsində Cokondanın parlaq təbəssümü öz təcəssümünü tapdı. O, elə çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən asılı olaraq, Mona Liza bəzən nəvaziş və şəfqətlə gülür, bəzənsə qəzəblə dişlərini qıcırdadır. Əsərin ikinci möcüzəsi odur ki, Mona Liza sanki diridir. Əsrlər keçdikcə onun təbəssümü dəyişir – dodaqlarının qıraqları yuxarı qalxır.

Cokonda kim olub
Da Vinçinin bioqrafı Vazari yazır ki, bu əsər konkret sifarişlə çəkilib: «Leonardo fırçaya sarılıb Françesko del Cokonde üçün onun arvadı monna Lizanın portretini çəkməyə başladı. Amma üzərində dörd il işləyib rəsmi yarımçıq qoydu. Bu portret hazırda Fransa kralının kolleksiyasındadır. Yeri gəlmişkən, Leonardo bu üsula əl atdı: madonna Liza çox gözəl idi. Da Vinçi xeyli adam toplamışdı. Onlar lirada çalır, mahnı oxuyurdular. Burada həmişə təlxəklər olurdu. Onlar melanxoliyanı qovmaq və şən ovqat yaratmaq üçün çalışırdılar». Ziqmund Freyd yazır ki, bu versiya özünü doğrultmur. Əgər belə idisə, Françesko del Cokondonun arvadının rəsmi necə olub ki, Leonardoda qalıb və Fransaya aparılıb? Cokonda üçün 1-ci Fransisk maliyyə problemləri olsa da, ona 45 000 frank ödəmişdi.

Gülümsə bir az
Nədənsə da Vinçinin bütün rəsmlərində, freskalarında qadınlar sirli bir tərzdə gülümsəyirlər. Bu təbəssüm və yarımtəbəssümləri kişi rəsmlərində də görmək olar. «İsa peyğəmbərin xaç suyuna çəkilməsi» rəsmində Yəhya peyğəmbər xaçı – gələcək çarmıxın simvolunu göstərərək gülür. Madonna Lita qıvrımsaçlı, gələcəyin peyğəmbəri olacaq körpənin üzərinə əyilib gülümsəyir. Mona («madonna» sözünün qısaldılmış variantı) Liza gülür. Onun gülüşü haqqında cildlərlə kitablar yazılıb. Araşdırıcılar bir məsələdə həmrəydirlər: bunlar adi gülüş deyil. Böyük sirləri bilənlərin gülüşüdür.

Sultan II Bəyazidə məktub
Çox da uzaq olmayan keçmişdə İstambulda Topqapı sarayında bir vərəq tapılıb. Burada Leonardo da Vinçinin türk sultanı II Bəyazidə məktubu və onun tərcüməsi var. Məktubun 1502-1503-cü ildə yazıldığı güman edilir. Burada Leonardo sultana bir neçə ixtirasını təqdim edir. Bunların sırasında böyük bir körpü layihəsi də var. O vaxt florensiyalılarla türklər arasında gözəl münasibətlər vardı. Da Vinçi sultana yazır: «Eşitmişəm, İstambulla Qalatanı birləşdirən körpü tikdirmək istəyirsən, amma bacarıqlı usta tapmırsan». Da Vinçi altından yelkənli gəmilərin rahatlıqla keçəcəyi böyük bir körpünün layihəsini yaratmışdı. Leonardo körpünün ölçülərini qeyd kitabçasında belə verib: eni 40 dirsək, sudan hündürlüyü 70 dirsək, uzunluğu 600 dirsək – bunun 400-ü su üzərindən, iki yüzü quruda. Körpünün cızmaqarası da var. O vaxt bir Florensiya dirsəyi 0,586 metr olub. Beləliklə, körpünün ölçüləri belə olmalı idi: eni 23,75 metr, sudan hündürlüyü 40,852 metr, uzunluğu 350 metr. Bu layihə o vaxt həyata keçməyib.
Amma beş yüz il sonra — cəmi bir neçə il bundan əvvəl Norveçdə bu layihə ilə möhtəşəm bir körpü tikilib. Körpünün təşəbbüskarı olan Vebyürn Sand yazır ki, öz gözəllliyinə görə da Vinçinin layihəsi çox cazibədardır. Onun yanında 20-ci əsrin yetmişinci illərinin layihələri köhnə dəbli görünür.

İxtiraçı da Vinçi

Da Vinçinin maraq dairəsi universal idi. Buraya rəssamlıq, heykəltəraşlıq, arixitektura, pirotexnika, hərbi və mülki mühəndislik, riyazi və təbii elmlər, tibb və musiqi daxil idi.
Quşların necə uçmasını araşdıran Leonardo hətta uçmaq qərarına gəlmişdi. Bunun üçün qanadlar da düzəltmişdi. Uçuş Qu dağı adlanan yerdə baş tutmalı idi. Yəqin, Qərb Renessansının dahisi ondan hardasa beş yüz ilə əvvəl – düz 1000-ci ildə Nişapurda məscidin günbəzinə çıxıb düzəltdiyi cihazla quş kimi uçmağa cəhd edən və yıxılıb ölən dilşünas və ixtiraçı əl-Cövhəri haqqında eşidibmiş… Yeri gəlmişkən, 15-ci əsrdə anonim fransız rəssamının çəkdiyi bir rəsmdə İsa peyğəmbərin çağa vaxtı fırfıra ilə oynaması təsvir olunur. Oyuncağın oxuna propellerə bənzər nəsə bərkidilib. Görünür, o vaxt belə oyuncaqlar var imiş..
Da Vinçinin maraqlı ixtiralarından biri otuz altı lüləli topdur. Üç yarusda yerləşən lülələrdən biri atanda o biri soyumalı, üçüncü cərgə isə doldurulmalı idi. Bu, avtomatik silahların və raket qurğularının sələfi idi. Bundan başqa o, vertolyotun, sualtı qayığın, skafandrın, deltaplanın, hətta velosipedin çertyojunu çəkib.

Leonardo Fransada
Leonardo ömrünün qürub çağlarını Fransada keçirib. 1516-cı ildə böyük rəssam kral 1-ci Fransisk tərəfindən Fransaya dəvət olunur. Ona kralın baş rəssamı, arxitektoru və mexaniki vəzifəsi təklif olunur. Şahidlərin dediklərinə əsəasən, o, sarayda müşavir və məsləhətçi kimi fəaliyyət göstərir. İxtiralarını yenə davam etdirirmiş. Rəvayətə görə, sarayda olanda Leonardo yayla hərəkət edən mexaniki şir düzəldibmiş. Bir dəfə msiteriya zamanı şir krala doğru hərəkət edir – sanki üstünə cumacaq. Fransisk əsa ilə şiri vuranda onun sinəsi açılır və oradan kralın ayağının altına zanbaq tökülür.
Vazari yazır ki, da Vinçi xəstə olanda kral onu yoluxurmuş. Bir dəfə o bayılır və Fransisik onu qaldırıb başını dizinin üstünə qoyur. Elə həmin anda da böyük rəssam canını tapşırır. Bu, 2 may 1519-cu ildə Fransanın Turen şəhərindəki Klu qəsrində baş verib.

Aforizmləri

*Elm sərkərdə, təcrübə əsgərdir.
*Dəmir istifadə olunmayanda paslanır. Su duranda iylənir, soyuqda donur. İnsan ağlı da istifadə olunmayanda vərəmləyir.
*Orda ki rəssamın əlini ruh idarə etmir, orda sənət olmur. Orda ki fikir əllə birgə işləmir, orada rəssam yoxdur.
 

Müəllif: Vasif Sadıqlı, «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist
Mənbə: “Bizim Yol” qəzetində çıxmış “Korifeylərin portreti” layihəsi çərçivəsindəki yazı

Davamı →
Top