Dərin olan quyu deyil, qısa olan ipdir.
Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.
Ehtiyatlı adamlar az hallarda səhv edir.
Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.
Əgər qüsurların varsa, onlardan xilas olmağa çalışmalısan və bundan qorxmamalısan.
Ətraflı çalış, doğru şəkildə, diqqətli düşün, düşündüklərini nəzərdən keçir, ciddi və səmimi şəkildə tətbiq et.
Heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb.
Hər şey bir gözəlliyə malikdir, lakin bunu hər kəs görməz.
İnsanlar məni tanımır deyə üzülməyəcəyəm; insanları tanımıram deyə üzüləcəyəm.
Tərk etməyi öyrən. Xoşbəxtliyin açarı budur.
İnsanın özünü məğlub edərək qazandığı zəfər, başqasının döyüşdə min adamı min dəfə məğlub edərək qazandığı zəfərdən daha yaxşıdır.
Tərifləmək və ya tənqid etmək müdrik adamın tarazlığını poza bilməz.
Başqalarının qüsurları asanca görülər, amma öz qüsurumuz görülməz; insan qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxladığı kimi saxlayar.
Kin saxlamaq yanan kömür parçasını başqasına atmaq məqsədilə əlinə almaq kimidir. Yalnız özünü yandırarsan.
Sağlamlıq ən böyük hədiyyədir, gözütoxluq ən böyük zənginlik, etibar ən yaxşı qohumluqdur. Nirvana isə ən böyük xoşbəxtlikdir.
Sonsuz bir qaranlığın içində doğuldum. İşığı gördüm, qorxdum. Ağladım. Zamanla işıqda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum. Gün gəldi, sonsuz qaranlığa yola saldım sevdiklərimi. Ağladım.
Yaşamağı öyrəndim. Həyatın bitməyə başladığı anın doğulmaq olduğunu öyrəndim. Arada qalan hissənin ölümdən oğurlanan vaxt olduğunu öyrəndim.
Zamanı öyrəndim. Yarışdım onunla. Zamanla yarışmağın yox, onunla barışmağın lazım olduğunu zamanla öyrəndim.
İnsanı öyrəndim. Sonra insanların içində yaxşı və pislər olduğunu öyrəndim. Sonra da hər insanın içində xeyirin və şərin olduğunu öyrəndim.
Sevməyi öyrəndim. Sonra etibar etməyi öyrəndim. Sonra da güvənin sevgidən daha çox yaşadığını, sevginin güvənin sağlam təminatı üzərində qurulduğunu öyrəndim.
İnsan dərisini öyrəndim. Sonra o dərinin altında bir ruh olduğunu öyrəndim. Sonra da ruhun əslində dərinin üstündə olduğunu öyrəndim.
Tam adı Pol Bencamin Osterdir. 1947-ci ildə doğulub. Yaşayan ən görkəmli ABŞ yazarlarından biri hesab olunur. Romançı, ssenarist, esseçi, tərcüməçi və şair kimi tanınır.
1986-90-cı illərdə Prinston Universitetində yazarlıq sənəti barədə mühazirələr oxuyub.
Postmodernist və eksperimental üslubda yazdığı 16 romandan nisbətən məşhurları aşağıdakılardır: “Nyu-York trilogiyası” (“Şüşə şəhər”, “Kabuslar”, “Qapalı otaq” (1985-86)), “Qeybə qarışanlar ölkəsi”(1987), “Ay məbədi” (1989), “Şans musiqisi” (1990), “Leviafan” (1992), “Mister Vertiqo” (1994), “Timbuktu” (1999), “Yanılmalar kitabı” (2002), “Kəhanət gecəsi” (2003), “Zülmətdəki kişi” (2008), “Gözəgörünməz” (2009), “Sanset park” (2010)
İki şeir kitabının, iki esse toplusunun və avtobioqrafik məzmunlu üç kitabın müəllifidir.
Bir neçə dəfə ədəbiyyat üzrə Nobel ödülünə nominant göstərilən P.Oster Fransanın sənət və ədəbiyyat kavaleri tituluna (1993), Mediçi ödülünə (1993), Asturiya şahzadəsinin Ədəbiyyat üzrə mükafatına (2006) və s. layiq görülüb.
1993-2007-ci illərdə Hoollivudda çəkilən altı filmin ssenari müəllifi olub. Bəzi filmlərdə rejissorluq da edib.
Tatuirovka, qan və çapıq– mən bunlardan hazırlanmışam.
Mənə psixoanalitik lazım deyil. Mənim oynadığım rollar mənim psixoanalitikimdir.
Ətrafımdakı bütün qızlar balerina olmaq istəyərkən mən vampir olmaq istəyirdim.
Mən çox gec başa düşdüm ki, xoşbəxt olmaq sadəcə bir seçimdir.
Anam heç vaxt qışqırmaz və söyüş söyməzdi. O, sadəcə ağlayırdı. Otaqlarımız yanbayan idi. Onun necə ağladığını eşidərdim. Bir dəfə orta məktəbdə oxuyanda – soruşmayın ki, mən nə zibil qaynatmışdım – dərsdən qayıdıb gördüm ki, anam ağlayıb, özü də gecədən səhərəcən.
Atam (Con Voyt)– böyük aktyordur, amma hər şeydən öncə o möhtəşəm atadır.
Filmlərə çəkilməmişdən qabaq mən heç öz döşümün ölçüsünü bilmirdim.
İki kişinin ən ortaq nöqtəsi qadınlar haqda sahib olduqları biliklərdir. (Onore de Balzak)
Kişi yaşadığı yerdə deyil, sevdiyi yerdədir. (Latın atalar sözü)
Heç vaxt küçədə keçəl və kök bir qadınla gəzən kişi görə bilməzsiniz. (Eleyn Busler)
Ən dərində yerləşən xəzinələr belə, bir qadının sevgisinə tutulmuş bir kişinin hiss etdiyi duyğu qədər dəyərli deyil. (Tomas Midlton)
Kişi sevdiyi işdə işləyirsə, nadir hallarda işinə görə sağlamlığı pozular. (Onore de Balzak)
Dağlar yaxınlaşdıqca daha nəhəng görsənirlər, amma nəhəng kişilər bu cəhətdən dağlara oxşamırlar.(Leydi Blessinqton)
Kişinin evi kənardan qala kimi görünsə də, içəridən daha çox uşaq otağına oxşayır. (Klar But Luc)
Kişilər qəlbləri ilə deyil, fikirləri ilə yaşayırlar. (A. Çexov)
Kişilər yatdıqları hər qadını sevməzlər, sevdikləri qadınlarla yatmazlar. (Diderot)
Qızıl odla, qadın qızılla, kişi də qadınla əriyər. (Pifaqor)
Subay kişilər qadınlar haqda evli kişilərdən daha çox şey bilirlər. Əgər bilməsəydilər, onlar da evlənərdilər. (H.L.Menken)
Kişinin “kişinin yaxşısı” anlayışı ilə bir qadının “kişinin yaxşısı” anlayışı eyni şey deyil. (Ortega Y. Qasset)
Deyəsən, əsl adım Osmonddur.
Qəribə uşaq idim. Əvvəlcə Brüs Li olmaq istəyirdim, sonra Daniel Bun (amerikanın ilk sakinlərindən biri – Esquire).
Gənc yaşlarımda satıcı işləmişdim, çox tez də qovulmuşdum. Yəqin “Bu kostyum sizə heç yaraşmır!” deməyi çox sevdiyimdən olmuşdu.
Tim Barton-gördüyüm ən qapalı insandır. “Çarli və şokolad fabriki” filmi çəkiləndə kimsə mənə yaxınlaşıb dedi ki, Helen sizi (Bonem Karter, Bartonun sevgilisi – Esquire) telefona çağırır. Soruşdum: “Yaxşısan? Billə bir şey olmayıb ki?”. Onların oğlu Bill hələ çox balaca idi onda. “Hə, hər şey yaxşıdı. Tim istəyir ki, sən Billin xaç atası olasan”, — dedi. “İki dəqiqə əvvəl Timlə birlikdəydim axı, heç nə demədi”,- dedim. Bu, əsl Tim idi. “İstəyirəm ki, oğlumun xaç atası olasan” deməkdən ağır iş yox idi onun üçün. Çəkiliş meydançasına qayıdıb Timə dedim ki, bu mənim üçün böyük şərəfdir. O isə: “Aha, əlbəttə, başlayaq işləməyə”.
Tim hansı rolu məndən istəsə, düşünmədən razılaşaram. Lap filmdə qarışqayeyənlə sekslə məşğul olmaq lazımdırsa, böyük məmnuniyyətlə edərəm.
Çalışıram daima çaşqınlıq vəziyyətində olum. Çaşqınlığın üzdəki ifadəsini xoşlayıram.
Əsl adı Robert Nesta Marli olan Bob Marli 1945-ci ildə Yamaykada dünyaya gəlib. Dünya şöhrətli musiqiçi, bəstəkar, gitara ifaçısıdır.
Onun sayəsində Yamaykada yaranmış reqqi (Afrika ənənəvi musiqi ritmlərindən ibarət müasir musiqi janrı) bütün dünyaya yayılaraq məşhurlaşıb. Elvis Presli roknroll üçün nədirsə Bob Marli də reqqi üçün odur.
Məşhur olduqdan sonra dünyada Afrika xalqlarının azadlıqlarının carçısı kimi tanınan Bob Marli tezliklə Afrikanın simvoluna çevrilir. Onu hətta üzvü olduğu rastafari dininin (1930-cu ildə Yamaykada yaranmış, Qədim Misir, xristianlıq və yəhudiliyin qarışığından ibarət din ) peyğəmbəri də hesab edirlər.
Rastafari dinində bədənin hər hansı bir üzvünün kəsilməsi qadağandır. Buna görə də ayağında əmələ gəlmiş bəd xassəli şişin aradan qaldırılmasına icazə verməyib. Və 36 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.