Ey oğul, bil ki, böyük Yaradan bu dünyanı məqsədlə yaratmış, hədərə yaratmamışdır, onu ədalət və hikmət əsasında qurmuşdur, çünki O, varlığın yoxluqdan, xeyirin şərdən, bolluğun qıtlıqdan, gözəlliyin eybəcərlikdən daha yaxşı olduğunu bilirdi. O, bunların hər ikisini bilir və hər ikisini yaratmağa qadir idi, lakin O, yaxşılarını yaratdı, bildiyinin əksinə etmədi, hər şeyi vaxtında və ədalət əsasında yaratdı, cəhl, fəsad və nadanlıq əsasında yaratmadı.
Beləliklə, dünyanın bünövrəsi hikmətlə qoyuldu, hər nə gözəl idisə, onu da yaratdı. O edə bilərdi ki, günəşsiz işıq versin, buludsuz yağış yağdırsın, tərkibsiz maddə yaratsın, ulduzlara ehtiyac olmasın. Lakin dünya qanunauyğunluq əsasında qurulduğundan O, səbəbsiz heç bir şey yaratmadı və bu səbəbi dünyanı nizama salan bir vasitə etdi. Bu vasitə ortalıqdan qalxsa, işləri nizama salan səbəb də ortalıqdan qalxar, səbəb ortalıqdan qalxdıqda isə bütün nəzm-nizam da pozular.