Buddizmin müqəddəs kitabı «Tipitaka» ("Üç səbət (qanun)") eradan 80 il öncə Seylonda yazılıb, ancaq onun yaranma tarixi xeyli əvvələ, e.ə. VI əsrə və sonrakı yüzillərə gedib çıxır. «Tipitaka» üç bölməyə ayrılır: «Vinaya-pitaki» ("Öyüd-nəsihət səbəti"), «Sutta-pitaki» («Mətnlər səbəti»), bir də «Abhidhamma-pitaki» (Müdriklik səbəti). Hər bölmə özlüyündə hissələrə, kitablara, fəsillərə və s. bölünür. Ayrı-ayrı buddizm mətnləri günümüzə bir çox dillərdə, o cümlədən sanskrit dilində gəlib çatıb, ancaq «Tipitaka»nın bütöv versiyası pali dilində qorunub-saxlanıb. Ümumilikdə «Tipitaka» bir çox üslubları, formaları, janrları özündə birləşdirən kitabdı. Onun bir sıra bölmələri, fəsilləri bədii keyfiyyətlərinə görə dünya ədəbiyyatının qızıl fonduna daxil olub.
Bu baxımdan ikinci bölmə – «Sutta-pitaki» ayrıca seçilir. Onun mətni həm şer, həm də nəsrlə yazılıb. Özlüyündə «Sutta-pitaki»nin ən güclü yeri isə beşinci hissə – «Khuddaka-nikaya» («Qısa təlimlər toplusu») hesab olunur. Bu hissəyə buddist ədəbiyyatın şedevrləri sayılan «Dhammapada» («Yaxşılıq yolu»), «Sutta-nipata» («Mətnlərin kiçik toplusu»), «Thera-qatha» və «Theri-qatha» («Rahib və rahibələrin nəğmələri»), «Cataki» (Buddanın əvvəlki doğuluşlarının tarixi) və başqa kitablar daxildi. Buddizmin başlıca əxlaqi prinsipləri «Dhammapada»ya yığılıb. Ənənəyə görə, bu deyimlərin hamısı Buddaya məxsus hesab edilir. 26 fəsil və 423 ayədən ibarət «Dhammapada» əsrlər uzunu bir çox Asiya dillərinə çevrilib, bəzi ölkələrdə buddizmi qəbul edənlər üçün dərslik kimi istifadə olunub, əzbər öyrənilib.