Bəzən düşünülməmiş, əndazəsiz bir zarafat qarşı tərəfin psixoloji durumuna və hətta səhhətinə olduqca ağır təsir göstərə bilər. Zarafat məqsədi ilə söylənilmiş yalanlar neçə insanın həyatına ağır zərbə vurub, heç bu haqda düşünmüsünüzmü?
Hər şey öz ölçüsündə, çərçivəsində olanda gözəldir. Zarafat məsələsində biz bu ölçünü daha çox nəzərə almalıyıq. Unutmayaq ki, zarafat sözü zəriflik, incə davranış mənasındadır. Təəssüflər olsun ki, biz çox zaman bu həqiqəti unudaraq ən qaba, ən kobud şəkildə zarafat edirik. Əslində bu davranışın adı zarafat deyil, elə mahiyyətindən də göründüyü kimi qabalıqdır, sərtlikdir.
Zarafatla da olsa, yalan söyləmək olmaz. Bütün davranışlarımız qarşı tərəfin könlünü almaq, ona xoş duyğular bəxş etmək üçün olmalıdır.
By gün 1 Apreldir. Çoxları bu günü səbirsizliklə gözləyir ki, kimisə aldatsın. Əslində bu gün aldatma günü deyil, təbəssüm, gülüş günüdür.
Anan səndən ötrü nələr eləmir ki, nələrə dözmür ki… Oda-közə vurur özünü, ağrılarını-acılarını ürəyində, qayğılarını çiynində daşıyır. Səni gülərüz, xoş əhvali-ruhiyyədə görəndə dünyanı bağışlayırlar ona, sanki. Narahatlığını simandan, gözlərindən oxuyur, qəlbinə yol tapmağa çalışır, başını köksünə sıxıb tellərini oxşayır: “Nə olub sənə, niyə narahatsan, ömrüm-günüm?” Sənsə bu nəvazişdən kövrəlir, bir az da ərköyünləşirsən. “Kaş ki bir dərdi olmayaydı” deyərək nigarançılığın qoynuna qısılıb səbirsizliklə cavabını gözləyir. Nə olar, çalış, hər gileyi, gördüyün hər hadisəni ona bildirmə. İncitmə ana qəlbini, hər xırda şeyi dilinə gətirmə, hər şeydən ötrü qəlbinə od salma. Axı bu dünya fanidir. Qədrini bil ananın, qoru onu, qorx onu itirməkdən. Ana zirvədir, əvəzsiz, sənə, mənə gərəkli zirvə...
Söhbət düşəndə deyirsən: “Borcunu qaytara biləydim, ana!” Mümkündürmü bu? — Əsla! Ona qarşı sayğılı, xoşrəftar davran, onsuz da çıxa bilməzsən o borcdan. Sev ananı, sev, o səni sevən kimi...
İndi hər şey gözünə günahkar kimi görünür, sıxılırsan, darıxırsan, hərdənbir köks də ötürürsən. Əslində desən də-deməsən də baxışlarından oxunur sıxıntın. Hərdən daha şən, qıvraq görünürsən… Bəs gülümsəyən gözlər, təbəssümlü çöhrə görəndə necə, heç sevinmirsənmi? İnanmıram ki, sevinməyəsən. Çünki çöhrədəki təbəssüm qaranlıqda yandırılan işıq kimidir, təbəssüm təşəkkürdür, təbəssüm sənə bağışlanan bir qucaq gül-çiçəkdir, təbəssüm sevgidir, dostluğa dəvətdir, bir dünyadır, təbəssüm hər şeydir, hər şey...
Sir-sifətindən zəhər-zəhrimar yağan birisini görmək istəyirsənmi?
— Əsla! Çünki o sənə bədbinlikdən, kindən, nifrətdən başqa heç nə vəd eləmir.
Gülüşünü, təbəssümünü evdən, övladından, insanlardan əsirgəmə. Onsuz da bu dünyanın ağlı-qaralı günləri başımızın tükü sanıdır.
Onun saçlarına sığal çəkəndə, alnını, əllərini öpəndə baxışlarına necə təbəssüm dolduğuna, “gəl, gəzməyə gedək” deyəndə qollarını boynuna dolayıb səni itirəcəyindən qorxurmuş kimi qoynuna sığınmasına heç fikir vermisənmi? Bəli, bax, beləcə, o həmişə diqqət, nəvaziş gözləyir, səndən. Nə olur-olsun, səni heç kimsə əvəz edə bilməz onun üçün. Hər yenicə doğulmuş körpəyə atalı-analı böyüməsini arzu edirlər. O bu atalı-analı dünyadan məhrum olanda, hansı səbəbdənsə boşanmalara gətirib çıxaran qərarın zərbəsi körpə ürəyinə dəyəndə çilik-çilik olub torpağa səpələnmiş ayna kimi qırılır, parça-parça olur. Axı saf, təmiz, ləkəsiz aynaya bənzəyir körpə qəlbi. Bu aynanı qırmağa tələsmə, necə deyərlər, yenə yüz ölç, bir biç, düşünülmüş qərar ver. Ciddi-ciddi düşünsən, yaxşı-yaxşı götür-qoy etsən, hər şey yaxşılığa doğru dəyişər. Hər səhər, hər gün öp, oxşa körpəni, gülən gözlərinə aynaya baxan kimi bax, sevincinə sevginlə cavab ver, bağrına basıb qızılgül tək qoxula onu, astaca əyilib qulağına pıçılda: “Sən gülsən, gülüm...” |