Azərbaycan kateqoriyası üzrə məqalələr

Fədakar muzey təşkilatçısı və arxeoloq alim

Xalqımızın tarixi mirasının öyrənilməsi və təbliğinə töhfə verən ilk arxeoloqlarımızdan biri də tanınmış muzey təşkilatçısı, pedaqoq Davud Şərifov olub. O, sovet dövründə – milli tarixi yaddaşın qorunması və araşdırılmasına ciddi maneələrin olduğu bir zamanda bu sahədə mühüm uğurlara imza atıb.

Davud Mikayıl oğlu Şərifov 1885-ci ildə Tiflisdə hərbi topoqraf ailəsində anadan olub. Valideynləri onu səkkiz yaşında Tiflis I Oğlanlar gimnaziyasına qoyurlar.

O, gimnaziyada təhsilini başa vurduqdan sonra Kiyev Universitetinin Tarix-filologiya fakültəsinə qəbul olunur. Ancaq burada tələbə nümayişlərində (1905) iştirakına görə universitetdən kənarlaşdırılır. Sonra Odessa Universitetinə daxil olur. 1908-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub Bakıya dönür.
Davamı →

Qafur Rəşad Mirzəzadə

Qafur Ələkbər oğlu Mirzəzadə (Qafur Rəşad) 1884-cü il may ayının 6-da İsmayıllı rayonunda dünyaya göz açıb. İbtidai təhsilini başa vurduqdan sonra 1894-1901-ci illərdə Şamaxı şəhər realnı məktəbində oxuyur. Sonra Bakıya gələn Qafur III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verir, Azərbaycan dili müəllimi arayış-vəsiqəsini alır. 1902-ci ildə Şamaxı qəzasının Lahıc kənd ibtidai məktəbinə müəllim təyin olunur, beş il burada böyük sevgi ilə uşaqların biliklərə yiyələnməsinə çalışır.

1907-ci ildə Bakıya köçür və “Nəşri-maarif” cəmiyyətinin müəllim hazırlığı kursunda müəllimlik edir. Sonra “Rus-tatar” məktəbinə dəyişilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918) Xalq məktəbləri direktorunun əmri ilə milli fənləri tədris etmək üçün 2-ci realnı məktəbinə təyinat alır. Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU), Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Sənaye Akademiyasında, Sənaye İnstitutunda, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda çalışır.
Davamı →

Azərbaycanın ilk heyvan təlimçisi - Ələkbər Fərrux

Azərbaycanın ilk heyvan təlimçisi kimi tanınan Ələkbər Fərrux ölkəmizdən kənarda da məşhur olub
XX əsrin əvvəllərində Orta Asiyada, Rusiyanın bir sıra şəhərlərində mahir heyvan təlimçisi kimi tanınmış əslən Bakıdan olan Ələkbər Fərrux haqqında nə bilirik?

Xalq yazıçısı Qılman İlkin Bakının tarixinə dair yazdığı kitablarda Azərbaycanın da ilk sirk təlimçisi hesab olunan bu şəxs barədə məlumat verir: “Ələkbər Fərrux çox qüvvətli, qorxmaz və iradəli bir təlimçi olmuşdur. Heyvanların təbiətinə yaxından bələd olan, onların şıltaqlıqlarına təmkinlə dözən sirk ustası kimi ömrünün böyük bir hissəsini manejlərdə keçirmiş və elə manejdə də həlak olmuşdur. O, vəhşi heyvanları: pələng, şir, fil, timsah, ayı, canavar və başqalarını məharətlə əhliləşdirməklə böyük şöhrət tapmışdı”.
Davamı →

Bakının adsız heykəlləri – onları necə tanıyaq?

Bakı öz tarixi memarlıq nümunələri ilə zəngindir. Şəhərin tarixi simasını daha da rövnəqləndirən, uzaq keçmişin izlərini yaşadan binalar, saraylar, digər tikililərilə yanaşı, görkəmli insanların xatirəsinə ucaldılan abidələri də maraq doğurur.

Paytaxtımızda ilk heykəl 1922-ci ildə qoyulub. Böyük satirik şair Mirzə Ələkbər Sabirin heykəli müsəlman Şərqində ilk belə abidə hesab olunur. İndi Bakıda, eləcə də bölgələrimizdə heykəltəraşlıq əsərləri geniş yayılıb. Bu həm ölkəmizin mədəni inkişafının göstəricisi, həm də tarixi şəxsiyyətlərimizə verilən dəyərin bir örnəyidir.

Amma Bakıda bir sıra heykəllər var ki, onların üzərində şəxsin kimliyi, bəzi hallarda şəxsin doğum və ölüm tarixi, eyni zamanda heykəlin müəllifinin kim olduğu qeyd edilməyib. Əlbəttə, tariximizdə elə önəmli şəxsiyyətlər var ki, onların adlarını görmədən də kimliyi bəlli olur. Sözsüz ki, bu yanaşmanı bütün heykəllərə aid etmək mümkün deyil. Ölkəmizdə çoxlu beynəlxalq tədbirlərin keçirildiyi, turist axınının artdığı bir vaxtda bu məsələ daha çox aktuallıq kəsb edir.
Davamı →

Mixaylo - Əfsanələşmiş həqiqət

Yad ellərdə “Xilaskar Mixaylo”, yalquzaq yanaşmalarda “şeytan, iblis”, ortaq “sovetlər dili”ndə “Qeroy”, ana Vətənində “Əfsanəvi igid” – Mehdi Hüseynzadə, Öz kənd-kəsəyindəsə, sadəcə, “novxanılı balası”...

“Uzaq sahillərdə” filmindən tanıdığımız analoqsuz partizan, faşizm “növrağı” məntəqələrinin amansız qənimi, qərib ünvanlı başdaşısı üzərindəki yazıya, çoxsaylı sənədlərə, uzaq elli əcnəbilərin xatirələrinə görə, başqa xalqların da azadlığı uğrunda çarpışan altruist, “Kaş ki, mən bir sarı yarpaq olaydım, Sabahın yelləri alaydı məni, Aşaraq bu qarlı uca dağları, Vətən torpağına salaydı məni” kimi qəlb-qələmli və… məlum filmdəki “bədii Anjelika”nın realı olan Sloveniya gözəli Anjelinin altmış dörd il sonra (2008) belə ruhuna göz yaşları axıtdığı incəqəlbli bir Aşiq...

Deyirəm, bu ümumsovet qəhrəmanımızın o uzaq od-alovlar içində vaxt tapıb öz qələmilə Novxanı ünvanına yazdığı bayatıvari misralarını bəri başdan təqdim edim ki, yazı boyu toxunacağım “sunami”fason tarmarçılığı, onun sırf milli davamçısı olan Mübariz İbrahimovun igidliyini təftiş-təsnif edən psixoloq (?!) nərmin şahmarzadələrə çoçün gəlməsin:
Davamı →

Milli mətbuatımızı “Ziya”ya qərq edən maarif xadimi

XIX əsrin ikinci yarısında Azərbaycanın ictimai-mədəni həyatında mühüm rol oynayan məşhur nəsillərdən biri də Ünsizadələr olub. Bu soyun görkəmli nümayəndələri arasında şair, maarif və mətbuat xadimi Səid Ünsizadənin adı hörmətlə çəkilir.

Səid Əbdürrəhman oğlu Ünsizadə 1825-ci ildə Şamaxıda dünyaya göz açıb. İlk təhsilini atasından alıb, dünyəvi elmlərə yiyələnmək məqsədilə müsəlman Şərqinin bir sıra məşhur təhsil ocaqlarında oxuyub. O, Şamaxıya qayıdaraq məktəb açır, pedaqoji fəaliyyətlə məşğul olur. Şamaxıda fəaliyyət göstərən Bakı Quberniya Əhli-Təsənni İdarəsinə üzv seçilir. 1873-cü ildə Bakıya köçür.
Davamı →

Məhəmməd Əmin Rəsulzadənin dil haqqında bilinməyən məqaləsi

Mətbuatı araşdırarkən 1949-da nəşrə başlayan, indi çıxmayan «Yeni İstanbul» qəzetinin 27 aprel 1950 tarixli sayında Məhəmməd Əmin Rəsulzadənin "İraq Times" qəzetində ingiliscə basılmış «Türk kültürü boyunduruq altında» adlı bir məqaləsinin tərcüməsinə rast gəldim.

Az şəkil verən, xəbər və şərh ağırlıqlı, liberal görüşlü «Yeni İstanbul» redaksiyasının «doktor» kimi təqdim etməsindən Rəsulzadə haqqında çox da bilgi sahibi olmadığı anlaşılır.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda indiyədək bəlli olmayan bu məqalədəki bəzi görüşlərini Məhəmməd Əmin Rəsulzadə 27 noyabr 1949-da Ankarada Türk Ocağı salonundakı "Çağdaş Azərbaycan ədəbiyyatı" mövzulu, 1951-də ayrıca kitabça kimi nəşr edilmiş məruzəsində dilə gətirmişdir.
Davamı →

Bakıda alman memarlarının izləri

Adolf Eyxler 20 illik peşə fəaliyyətində bir çox tikililərin layihəsini hazırlayıb
XIX əsrin sonu — XX əsrin əvvəllərində neft bumu yaşanan Bakıda bir sıra xarici ölkələrdən memarların layihəsi əsasında müxtəlif təyinatlı binalar tikilib. Bunların sırasında alman əsilli memarların da ucaltdığı 80-dən artıq bina bu gün paytaxtımızın gözəlliyinə rəng qatır. Bu yazıda Adolf Eyxlerin layihələri ilə Bakıda inşa olunan memarlıq incilərindən söz açacağıq.

Adolf Eyxler 1869-cu ildə Rusiyanın Oryol şəhərində anadan olub. Kimyaçı və əczaçı olan atası Vilhelm Eduard Eyxler 1860-cı ildə məşhur neft maqnatı Vasili Kokerevin dəvəti ilə Bakıya gəlir və Suraxanıda onun neft emalı zavodlarında, kerosin zavodunda çalışmağa başlayır. Qısa müddətdə şöhrəti bütün Bakıya yayılır. 1888-ci ildə artıq “Neft sənayeçiləri birliyi” kerosinin keyfiyyətinə nəzarət etməyi ona həvalə etmişdi. O həm də şəhərin ictimai həyatında fəal iştirak edirdi. Təbiətsevər şəxs idi, öz vəsaiti hesabına 1878-ci ildə Mixaylov (indiki Qubernator) bağını abadlaşdırmışdı. Əsilzadələrin sevimli istirahət məkanı olan bağda nadir ağaclar əkilmişdi.
Davamı →

Nobel mükafatı və Azərbaycan

Alfred Bernhard Nobel 1833-cü il oktyabr ayının 27-də İsveçin paytaxtı Stokholmda dünyaya gəlmişdir. 1842-ci ildə ailəsi ilə birlikdə Sankt-Peterburqa getmiş, professor N.N.Zinindən kimya elmini öyrənməyə başlamışdır. 1849-cu ildə təhsilini davam etdirmək üçün Alfred Avropa və Amerikaya getmişdir.

2 illik səyahətdən sonra Rusiyaya qayıtmış və çar ordusu üçün silah istehsal edən ailə fabriklərini idarə etməyə başlamışdır. 1853-cü ildə Krım müharibəsinin başlaması “Nobel” şirkətinin çiçəklənməsinə səbəb olmuşdur. Lakin ailə biznesinin iflasa uğramasından sonra atası ilə İsveçə qayıtmış, həyatını partlayıcı maddələrin tədqiqinə həsr etmiş, tüstüsüz barıtın, uğultulu-civəli kapsul detonatorun, dinamitin ixtiraçısı olmuş və 1868-ci ildə ixtirasının patentini almışdır.
Davamı →

Azərbaycan kəlağayısı

Azərbaycanda istehsalı qədimdən məlum olan kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadınlar üçün nəzərdə tutulmuş baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat” da deyilir. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanırdı.

Kəlağayının haşiyəsi, bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları ornamentlərinə görə bir-birindən seçilirdi.

Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.
Davamı →
Top