Azərbaycan mətbuatının ən böyük qollarından biri də uşaq mətbuatıdır. Bu sahənin yaranmasında N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq, Ü.Hacıbəyov, S.S.Axundov, R.B.Əfəndiyev, A.Səhhət, M.Mahmudbəyov kimi müəllim və yazıçıların unudulmaz xidmətləri olmuşdur. Onlar bədii yaradıcılıqla yanaşı müəllimlik edir, dərslik, dərs vəsaitləri və proqramlar hazırlayır, dövri mətbuatda fəal çıxış edirdilər. Ziyalıları düşündürən vacib məsələlərdən biri də yeni üsullu məktəb, yeni tələblər səviyyəsində uşaq əsərlərinin yaradılması idi. Yeni üsullu məktəblərdə tədris olunan ədəbiyyat dərsliklərində uşaqların səviyyəsinə, zövqünə uyğun şeir və hekayələr, tarixi hadisələrə dair bədii oçerklər geniş yer tuturdu.
Naxçıvanın qədim qadın geyimlərində adətən innabı, yaşıl, gümüşü rənglərə üstünlük verilirdi. Geyim dəstindəki rənglər ən kiçik detallara qədər dəqiqliklə və uyğun çalarlarla seçilirdi. Geyim dəstinin ayrı-ayrı elementləri güllü parçadan tikilsə də, mütləq tox və sakit rənglər seçilirdi.
Xınalıq kəndi Quba rayonu ərazisində yerləşir. Rayon mərkəzindən təxminən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Son illərədək bu kəndə gedən yol o qədər də rahat deyildi. Buna görə də bu yurda gedib-gəlmək o qədər də asan olmurdu. Əlbəttə yol problemi vardı. Amma onu da deyək ki, bu yurdun rayon mərkəzindən uzaq olması, bu yerlərə gəliş-gedişin az olması Xınalığın öz orijinallığını, milli ənənələrini qoruyub saxlamasına müsbət təsir etmişdir. Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilıb. 2006-ci il oktyabrin 7-də isə müasir Quba-İspik-Xınalıq avtomobil yolunun açlışı olmuşdur. İndi həmin yolla avtomobillər rahat gedib-gələ bilir.
Azərbaycanda ən geniş yayılmış spirtsiz içki şərbət hesab edilir. Şərbət qida qəbulundan sonra, eləcə də şadyanalıq rəmzi olaraq toyvə ziyafət məclislərində, qonaq qəbul edildikdə içilir. Məhz nahardansonra müxtəlif meyvə və giləmeyvələrlə yanaşı limon, reyhan, nanə, zəfəran və ətirli-ədviyyəli bitkilərdən hazırlanmış şərbətlər verilir.
Azərbaycanda Novruz bayramı həm də Bahar bayramı kimi qeyd olunur. Novruzla yanaşı, baharın da adı qoşa çəkilir, qoşa vurğulanır. Hələ dilimizə fars sözləri girmədən öncə Novruza «il bayramı», «yaz bayramı» və «bahar bayramı» deyiblər. Odur ki, bu bayramın əsas simvollarından, qəhrəmanlarından biri də «Bahar qızı» adlandırılardı. Artıq neçə illərdir ki, Novruz «Bahar qız»sız təsəvvür edilmir. «Bahar qız» yazın ilk günündə bütün eli-obanı dolaşar, yazın gəlişinin müjdəçisi olar. Paytaxt Bakıda da Bahar qızı güllü-çiçəkli bahar rəngli, bahar donu ilə İçərişəhərdə, Qız qalasının önündə dayanaraq insanları xoşbəxtcəsinə seyr edər. Nə gözəldir, deyilmi?! Dünyanın ən xoş niyyətli qızı «Bahar qızı»…