Zərvanilik
Azərbaycanda yayılmış qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik olmuşdur. Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri, Quran, Orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir. Zərvanilikdə zaman, bəzi hallarda zaman ilə məkan varlığın yaradıcısı kimi təqdim edilir. Allahı, ruhun ölməzliyini, cənnət və cəhənnəmi inkar və yalnız maddəni real hesab etdiyinə görə zərvanilik öz dövründə tənqid olunmuşdur.
Maniçilik
Zərdüştlüyün, xristianlığın və buddizmin ayrı-ayrı ünsürlərini özündə toplayan maniçilik təlimi III əsrdə Azərbaycanda, İranda və Orta Asiya ölkələrində yayılmışdır. Onun banisi Mani (216-276) xalis dualizm mövqeyindən çıxış edərək göstərirdi ki, aləmin başçısı iki varlıqdır: birincisi işıq, ikincisi qaranlıq. Maninin fikrincə xeyir, mürvət, fayda, sevinc, nizam birlik-işığın, şər, əksiklik, zərər, kədər isə qaranlığın işidir. Maniçilik feodal istismarına qarşı kəndlilərin və şəhər əhalisinin etirazını, mübarizəsini ifadə edən bidətçi təlim olduğu üçün Mani öldürülmüşdür. Lakin maniçiliyin təlimi uzun müddət yaşamış və V əsrin sonunda məzdəkilərin ideya mənbəyi olmuşdur.