1917-ci il Oktyabr çevrilişindən sonra Rusiyada vətəndaş qarşıdurması yeni mərhələyə qədəm qoydu. Hakimiyyətə gəlmiş bolşeviklərlə — qırmızılarla devrilmiş qüvvələr – ağlar arasında mübarizə başlandı. Sovet hökumətinin nəzarət etdiyi ərazilərdə də narazı qüvvələr bolşeviklərə qarşı ağ terrora keçdilər.
Bolşeviklər düşmənlərinin ağ terroruna qarşı qırmızı terror elan etdilər. RSFSR XKS 1918-ci il sentyabrın əvvəllərində qırmızı terror barədə dekret qəbul etdi. Sovet dövləti vətəndaş müharibəsi dövründə hərbi kommunizm siyasətini tətbiq etdi. Bu siyasətə görə bütün istehsal sahələri dövlətin əlində mərkəzləşdirildi; istehsal və bölgü üzərində möhkəm nəzarət qoyulurdu; kəndlilərdən ərzaq sapalağı alınırdı. Bu siyasət bolşeviklərin vətəndaş müharibəsində qələbə çalmasına çox kömək etdi. 1918-1920-ci illərdə baş vermiş hərbi müdaxilə və vətəndaş müharibəsi bolşeviklərin qələbəsi ilə başa çatdı.
Böyük Britaniya müharibədən qalib çıxsa da, onun xarici borcu 7 dəfə artmışdı. Bir sıra müstəmləkələrini itirmiş, qalanlarında isə milli-azadlıq hərəkatı genişlənməkdə idi. 1945-ci ildə keçirilən parlament seçkilərində qalib gələn Leyboristlər partiyası Klement Ettlinin başçılığı ilə hökumət təşkil etdilər. Hökumət Hindistan, Seylon, Birma, Fələstin və İordaniyaya istiqlaliyyət verməyə məcbur oldu. 1951-ci ilin parlament seçkilərində mühafizəkarlar qalib gəldilər. Çörçill yenidən baş nazir oldu. Mühafizəkarlar sosial təminat və tibbi xidmət sahələrinə toxunmadılar. Poladtökmə sənayesini və nəqliyyatı yenidən öz keçmiş sahiblərinə qaytardılar. Böyük Britaniya Sudan, Malayya Federasiyası, Qızıl Sahil (Qana), Kipr və Nigeriyaya istiqlaliyyət verdi.
SSRİ müharibədən qalib çıxdı. O, dünyanın ikinci fövqəl dövlətinə çevrildi. Eyni zamanda, SSRİ müharibədə çox böyük zərər çəkdi. O, 27 milyondan çox adam itirdi. Qarşıda vurulan yaraları sağaltmaq, təsərrüfatı dinc quruculuq xəttinə keçirmək və inkişaf etdirmək vəzifəsi dururdu. 1946-1950-ci illərdə 6200 sənaye müəssisəsi bərpa olundu və ya yenidən quruldu. 1947-ci ilin dekabrında pul islahatı keçirildi. Məhsulun bölgüsündə talon sistemi ləğv olundu. Dövlət Müdafiə Komitəsi ləğv olundu. SSRİ Xalq Komissarları Soveti SSRİ Nazirlər Soveti adlandırıldı. Digər tərəfdən totalitar rejim daha da gücləndirildi. Dövlət düşərgələr sistemi (QULAQ) daha da genişləndi və kütləvi repressiyaların yeni dalğası başlandı. “Leninqrad işi” və “Həkimlər işi” deyilən qondarma proseslər hazırlandı. 1948-1953-cü illərdə 6,5 milyona qədər adam kütləvi siyasi repressiyaya məruz qaldı. 1953-cü il martın 5-də Stalin vəfat etdi. Sov. İKP-nin 1956-cı ilin fevralında keçirilmiş XX qurultayında Stalinin şəxsiyyətinə pərəstişin kəskin tənqid olunması ölkənin siyasi həyatında çox mühüm hadisə oldu. İlk dəfə kolxozçulara pensiya sistemi tətbiq olundu. 1959-cu ildən onlara pasport verilməyə başlandı. N.Xruşşovun təşəbbüsü ilə 1954-cü ildə xam torpaqların istifadəyə verilməsi başlandı. 1957-ci ildə sənayenin idarə edilməsinin strukturu yenidən quruldu. Ali Xalq Təsərrüfat Şurası yaradıldı. Çoxillik planlaşdırmaya keçildi. Yeddiillik (1959-1965) plan qəbul olundu.
ABŞ ikinci dünya müharibəsindən hərbi, siyasi və iqtisadi cəhətdən ən güclü ölkə kimi çıxdı. 1945-ci ilin aprelin 12-də F.D.Ruzvelt vəfat etdikdən sonra ABŞ-da prezident vəzifəsini vitse-prezident Harri Trumen icra etməyə başladı. Trumen iqtisadi və sosial sahələrdə F.D.Ruzveltin “Yeni xətt” siyasətini davam etdirdi. 1944-1946-cı illərdə bir sıra qanunlar qəbul olundu. “Hüquqlar haqqında əsgər billi” qanununa əsasən ordu sıralarından tərxis edilənlərə təhsil və mənzil tikmək üçün kredit almağa, bizneslə məşğul olmağa imkan yaradan xeyli imtiyazlar verildi. Minimum əmək haqqının artırılması, sosial müdafiə sisteminin genişləndirilməsi və ucuz mənzillər tikilməsi proqramı qəbul edildi. ABŞ-da “firavanlıq dövləti” yarandı. Müharibədən sonra sosial və əmək münasibətləri də kəskinləşdi. Bu, öz təzahürünü 1947-ci ildə Konqresdə çoxluq təşkil edən respublikaçıların təkidi ilə qəbul olunmuş Taft-Xartli qanununda tapdı. Bu qanun həmkarlar ittifaqlarının fəaliyyətini və əmək münasibətlərini tənzimləyirdi. Müharibədən sonra ABŞ xarici siyasətdə “zor işlətmək”, “müharibə həddində müvazinət”, “total qarşıdurma” doktrinaları irəli sürdü. Trumen doktrinası və Marşall planı təklif olundu. Trumen doktrinası Yunanıstan və Türkiyədə sovet təsirinin güclənməsi əleyhinə çevrilmişdi. Marşall planı isə Avropadakı müttəfiqlərinə müharibə dövründə dağılmış iqtisadiyyatını bərpa etməsinə kömək üçün nəzərdə tutulmuşdu.
Birinci Dünya müharibəsinin geosiyasi nəticələrindən biri də liberal-demokratizmə alternativ sistemlərin meydana gəlməsi idi. Müharibədən bir müddət sonra bəzi ölkələrdə yeni siyasi hakimiyyət formalaşdı. Onlar sonradan totalitarizm adını aldılar. “Totalitarizm” sözü mənaca hər şeyi əhatə etmək deməkdir. Totalitar tipli dövlətlərdə hakimiyyət cəmiyyət həyatının, hətta vətəndaşların şəxsi həyatı daxil olmaqla bütün sahələrinə tam nəzarət edir. Totalitarizmdə demokratik azadlıqlar ləğv edilir. Mədəniyyət, ictimai fikir vahid ideologiyaya xidmət etməyə yönəldilir. “Lazım olmayan” ləğv və ya məhv olunur. İqtisadiyyatda hərtərəfli dövlət nəzarəti bərqərar olur. Totalitarizmdə rəsmi idarəetmə sistemindən və ictimai quruluşdan asılı olmayaraq, hakimiyyət diktatorun və ya bir qrup “rəhbərin” əlində cəmləşir. Sözsüz ki, belə vəziyyət uzun sürmür. Bu tip dövlətlər tezliklə iflasa uğrayırlar. Nasist Almaniyasında və keçmiş SSRİ-də belə olmuşdur. Böyük böhranın törətdiyi çətinliklərdən istifadə edən nasistlər populist vədlərlə hakimiyyətə gəldilər. 1933-cü il yanvarın 30-da prezident P.Hindenburq Adolf Hitleri reyxskansler təyin etdi. Hitler ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı.
1929-cu ilin payızında Avropa və ABŞ-da iqtisadi sabitlik, sonra isə yüksəliş dövrü sona yetdi. 1929-cu ilin oktyabrından iri sənaye ölkələrini böhran bürüdü. 1929-cu ilin payızından ABŞ-da başlayıb bütün dünyanı bürüyən iqtisadi böhran həddən artıq istehsal nəticəsində yaranmış artıqlıq böhranı idi. Qıtlıq böhranı kütləvi kasıblıq yaradır, artıqlıq böhranı isə sahibkarları müflisləşdirir. Onlar vəziyyətdən çıxmaq üçün bazarın tələbatından artıq məhsulları yandırır, məhv edir, məhsul istehsalını azaldır və ya istehsal sahələrini bağlayırlar. Bu da kütləvi işsizliyin yaranmasına səbəb olur. İşsizlərin sayı misli görünməmiş dərəcədə artmışdı. İqtisadi böhranın doğurduğu çətinliklər 1931-1933-cü illərdə təkcə Fransada bir neçə hökumət kabinetinin dəyişilməsinə səbəb oldu. 1934-cü ilin yanvarında hakimiyyətə E.Daladye hökuməti gəldi. 1929-1933-cü illərdə baş vermiş böhran nəticəsində ABŞ-ın sənayesi 1905-1906-cı illər səviyyəsinə enmişdi. Sənaye məhsulları iki dəfə azalmışdı. Belə böhranlar əvvəllər də olmuşdu. Lakin indiki iqtisadiböhran dərinliyinə və miqyasına görə əvvəlki böhranlardan tamamilə fərqlənirdi. Ona görə də bu böhran tarixdə Böyük böhran adını almışdı. Siyasi qüvvələr, siyasi partiyalar və dövlət xadimləri, iqtisadçılar böhrandan çıxmaq ünün müxtəlif yollar təklif edirdilər.
Böyük Britaniya müharibədən qalib çıxmış ölkələrdən biri idi. Buna baxmayaraq o, müharibə illərində milli sərvətlərinin üçdə bir hissəsini itirmişdi. 1924-cü ilin yanvarında başda Ramsey Maqdonald olmaqla leyboristlər hakimiyyətə gəldilər. Bu, leyboristlərin Böyük Britaniya tarixində ilk hökuməti idi. Birinci leyborist hökuməti bir sıra sosial tədbirlər həyata keçirdi. Lakin seçkiqabağı vədlərin çoxunun yerinə yetirilməməsi hökumətə qarşı narazılığı artırdı. 1924-cü ilin oktyabrında keçirilən seçkilərdə leyboristlər məğlubiyyətə uğradılar. Qələbə qazanmış mühafizəkarlar Stenli Bolduin başda olmaqla yeni hökumət təşkil etdilər. Sosial-iqtisadi və siyasi sabitlik dövrü olmasına baxmayaraq, Böyük Britaniyanın kömürçıxarma sənayesi dərin böhran keçirirdi. Fəhlələri lokautla hədələyən kömür sənayeçilərinə qarşı 1926-cı il may ayının 4-də bütün ölkədə şaxtaçıların ümumi tətili başlandı. Qarşıdurmanın ən yüksək nöqtəsi 1927-ci ildə “Sənayedə münaqişələr və tred-yunionlar haqqında” qanunun qəbul edilməsi oldu. 1929-cu ildə keçirilən növbəti parlament seçkilərində onlar məğlubiyyətə uğradılar. Leyboristlər R.Makdonald başda olmaqla ikinci leyborist hökumətini təşkil etdilər. Müharibə nəticəsində Fransa iqtisadiyyatı çox ağır vəziyyətə düşmüşdü. Ölkə maliyyə cəhətdən ABŞ və Böyük Britaniyadan asılı idi.
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954-1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı.
1954-cü il 13 mart tarixində SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı.
Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "...siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar..."
1978-ci ildə o zamankı rəhbəri Y.V.Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır.
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: SSRİ (rus. Союз Советских Социалистических Республик, СССР) — 1922-1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marsizm-leninzm — radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur.
Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür — 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar — 293 mln).
SSRİ-nin ərazisinin əsas hissəsini RSFSR təşkil etmişdir. SSRİ yaradılarkən onun əsasında 4 dövlət qurumu olmuşdur — Rusiya SFSR, Belarusiya SSR, Ukrayna SSR və tərkibində 3 (Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR) dövləti birləşdirmiş Zaqafqaziya SFSR. 1936-cı ilədək SSRİ-nin tərkibində əlavə Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdi. Həmçinin, 1936-cı il islahatlarının nəticəsi olaraq Zaqafqaziya SFSR parçalandı. Beləliklə, SSRİ formal 11 dövlətdən ibarət ittifaqa çevrildi.
Yer kürəsinin ən böyük dövlətinin — Sovet Sosialist Respublikaları İttifaqının dağılması XX əsrin sonlarında bəşər tarixinin ən mühüm hadisələrindən biri idi. Çox yüksək sənaye istehsalı sürətinə, güclü iqtisadiyyata, ABŞ-ın hərbi-texniki potensialı ilə uğurla rəqabət aparan nəhəng hərbi-sənaye kompleksinə malik olan SSRİ kimi nəhəng imperiya dövləti niyə dağıldı?
SSRİ-nin dağılması ilə bağlı hadisələr müasir tədqiqatçılar tərəfındən olduqca ziddiyyətli şəkildə qiymətləndirilir. Eyni zamanda, artıq bu gün bizim keçilmiş yolu ətraflı şəkildə təhlil etmək, o zaman gözlərimiz qarşısında, bizim fəal, yaxud passiv iştirakımızla sürətlə inkişaf edən proseslərə aid müxtəlif nəzər-nöqtələrini müqayisə etmək imkanımız var.