Yeni doğulmuş uşaq. Uşaq anadan olarkən yalnız bir neçə: qida, müdafiə, tutmaq, robinzon, babin və s. kimi şərtsiz refleksə malik olur. Bunlar ətraf aləmlə ilkin əlaqə yaratmaq imkanı verir. İkinci həftənin axırlarında uşaqda ilk şərti refleks yaranmağa başlayır. Üçüncü ayın sonunda bütün analizatorlar üzrə şərti refleksin yaranması uşağın ətraf mühitlə əlaqəsini bir növ asanlaşdırır.
Anadan olandan bir yaşa qədər olan dövrü çox vaxt iki yarımdövrə bölürlər: çağalıq dövrü (iki aya qədər olan dövr) və körpəlik dövrü (2 aydan bir yaşa qədər olan dövr). Bu dövrdə sensor və hərəki funksiyalar, nitqə yiyələnməyə hazırlıq böyüklərlə bilavasitə qarşılıqlı təsir prosesində intensiv imkanları əldə edir. Körpəlik dövründə böyüklərlə bilavasitə — emosional ünsiyyət aparıcı fəaliyyət kimi özünü göstərir. Ana və başqa yaşlılarla bu cür ünsiyyət körpənin tələbatını ödəməklə onun fiziki və psixi inkişafında mühüm rol oynayır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır.
Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədimdən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələnmişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslərdən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir.
Azərbaycanda psixoloji fikrin, psixologiya elminin tarixinin araşdırılmasını dünya psixologiya elminin inkişafı kontekstindən ayırmamağı lazım bildik.
Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiyanı eyni zamanda «güzəran psixologiyası» adlandırırlar.
Ünsiyyətin tərifi, məzmunu, məqsəd və vəzifələri. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir.
Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.
Psixologiyada fenomenologiya anlayışı altında hər hansı bir konkret obyekt üçün xarakterik olan əsas hadisələr barədə təsəvvür və izahatlar nəzərdə tutulur. Bu baxımdan kiçik qrupların da özünəməxsus fenomenologiyası vardır. İndi kiçik qruplar üçün xarakterik olan fenomenləri və əsas elmi anlayışları qısaca olaraq nəzərdən keçirək.
Sosial-psixoloji tədqiqatlardan məlum olduğu kimi, eyni bir qrup üzvü onlar üçün xarakterik olan münasibətlər sistemində eyni vəziyyətdə olmurlar. R.S.Nemovun qeyd etdiyi kimi, kiçik qrupların üzvləri qrupdaxili münasibətlər strukturunda özlərinin mövqeləri, statusları, daxili yönəlişlikləri, rollarına malik olurlar. Ona görə də R.S.Nemov hər bir adamın qrupdaxili münasibətlər strukturundakı yerini müəyyənləşdirmək üçün həmin anlayışlardan istifadə edildiyini qeyd edir.
Bütün bunlarla yanaşı olaraq kiçik qrupların fenomenologiyasında aşağıdakı anlayışlar da özünəməxsus yer tutur: kiçik qrupların həcmi, strukturu, psixoloji uyuşma, qrup təzyiqi, norma və funksiyalar, qrupun qütbləşməsi, rəhbərlik və liderlik və s.
Müasir elmlər sistemi və psixologiya. Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırki dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Bəs elmlər sistemində psixologiya elmi hansı yeri tutur, onun başqa elmlərlə qarşılıqlı əlaqəsi nədən ibarətdir?
Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. Onun «elmlər üçbucağı»nda bunu aydın görürük. B.M.Kedrova görə psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur (bax şəkil 2).