İRADƏSİZLİK
Zəng etməyəcəm sənə,
Əvvəl telefon nömrəsini
unudacağam,
Sonra səni.
Barmaqlarımın yaddaşından
siləcəyəm saçlarının yumşağlığını.
Gəlməyəcəm sizə tərəf
Bəhanə edəcəyəm yolların uzaqlığını...
Qovacağam yaddaşımdan
xırmandan sərçə qovan kimi
sarıdimdik xatirələrini.
Qərəzli arzulartək
ürəyimdə boş qoyacağam yerini.
Zəng etməyəcəm sənə
Əli qoynunda qalacaq
lal telefonun.
Şüşə gözlərdən
kədərli rəqəmlər boylanacaq sənə.
Kədərlə baxacaqsan
sükutun hədəsinə.
Hər gecə yuxulu gözlərində
bir günlük ümid öləcək;
Yuxuna qorxulu
şübhələr töküləcək,
Balıncın yarısı üşüyəcək....
Zəng etməyəcəm sənə,
Boşaldı cibimin iki qəpiklik yükü,
Avtomat telefonların
azalacaq bir sakini.
İki yeri boş qalacaq arxa sırasında kinoteatrların,
Adını tapmayacaqsan arasında yeni yazdığım sətirlərin.
...Bu günün də
sənsiz axşamı gəldi,
Evdəsənmi,görəsən
Telefonun yanındamı dayanmısan yenə sən?
Səsin isidərmi otağınızı
Məndən yenə qeybətlər
edibmi qonşu qızı?!
Boylanırsanmı yenə
mənim gəldiyim yola?...
Yordu «bəlkə»lər məni,
-Xaloğlu,
bəlkə,2 qəpiyin ola?...
N.Kəsəmənli
Sənətkarın və onun əsərlərinin taleyi qəribədir. Bəzən iki, bəzən dörd misra, bəzən bir şeiriylə yadda qalanlar olur, bəziləri isə bütün külliyyatı ilə tarixə düşürlər. Elələri də var ki, heç ümumiyyətlə yaddaşa yazılmırlar. Məsələn, İmadəddin Nəsiminin qardaşı Şahi Xəndan dövrünün böyük şairi olub. Amma ondan bir misra da dövrümüzə qədər də gəlib çıxmayıb. Amma, çox qəribə də olsa Şamaxının mərkəzindəki və Seyid Əzim Şirvaninin basdırıldığı Şah Xəndan qəbiristanlığının adında qalıb adı. Atam “Nəsimi” dastanıyla fəxr edirdi. On ilə yazmışdı onu. İlk şöhrətini, fəxri adını da onda qazanmışdı. Deyirdi ki, mən tarixdə qalsam, bəlkə bu əsərimlə qaldım. Mən isə dilimi dinc qoymayaraq, “Yox. Sənin yaradıcılıq taleyin “Səhv düşəndə yerimiz” şeridir” deyirdim.
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Yalan sözü at ağzına, dolan çeyniyə- çeyniyə,
Tüpür acı həqiqətə, yalan çeyniyə- çeyniyə,
Tutub zəif damarımı, alıbdır ixtiyarımı,
Qoyub gözəl diyarımı, talan çeyniyə- çeyniyə,
Silib- süpürdü düzləri, yeyib qutardı bizləri,
O yan çeyniyə- çeyniyə, bu yan çeyniyə- çeyniyə,
Bu güzgüyə bir vaxt qoşa baxardıq,-
bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb?
Göz yaşların canındadı, bəlkə də
damla-damla əriyəcək bu güzgü.
Bir gün sənin ayağınla dünyada
ayaq açıb yeriyəcək bu güzgü.
Bəlkə, səni axtaracaq, gəzəcək
milyon-milyon adamların içində.
Görən kimi tanıyacaq üzünü
ən qaranlıq axşamların içində.
Qaçacaqsan bu güzgünün əlindən,
Dönəcəksən o döngəyə, bu tinə.
Adamları, maşınları, evləri
Atacaqsan bu güzgünün cənginə.
Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!
HƏQİQƏT
Həqiqəti pıçıltıyla dedilər
Haylı-küylü yalanların içində.
Həqiqəti daim başda gördülər,
Oda düşüb yananların içində.
Yeri düşsə qum göyərər, daş çıxar,
Bir doğruyla neçə yalan boş çıxar,
Bacarırsan həqiqətlə baş çıxar
Həqiqəti dananların içində.
Biz qovulduqca qaçıb mərddən dönən namərdlərik,
Az.Tv-də dərdsizik əslində əhli-dərdlərik.
Keçmərik düşmən qoyan sərhəddi bir addım belə,
Amma sərhədlər içində xeyli bisərhədlərik.
Biz xüsusi işlərin hazır olan qurbanııyıq,
Biz ümumi dərdi çəkməkçün xüsusi fərdlərik.
Əhmədi-biqəmlərik ki, hər şeyə biganəyik,
Biz həqiqətlər yerə çırpan hacı əhmədlərik.
Biz həkimlərçün, müəllimlər üçün “şirvan”larıq,
Leyk şofer tayfasıyçün bir maşın “məmməd”lərik.
Alo!
Dünyanı dolaşmadan, yalnız öz küçəmizdə,
öz şəhərimizdə gördüyümüz qızları sevdik.
Bəlkə də mənim əsl sevgim
Məsələn, uzaq Afrikadakı qaradərili qız idi.
Mən o qızı düşündükcə indi ahıl yaşımda,
utanıram evimdə öz həyat yoldaşımdan.
Bəlkə o qaradərili qız da ovucunu yağışlara,
üzünü uzaqdakı baxışlara tutub ağrıyır ki:
“İlahi, dünyanı nədən bu yekəlikdə yaratdın –
nədən uzaq saldın iki sevgilini?”