Buynuz təbəqənin daha tez inkişaf etməsinə görə ayaqların dərisi də tez quru olur, daban hissədə isə qalınlaşır. Məhz buna görə də ayaqların dərisinə qulluq edilməsi əl və üz dərisinə qulluq edilməsi qədər vacibdir.
Ayaqlara kompleks qulluq edilməsinin ən effektiv və xoşagələn prosedurası — isti vannadır. Təmizləmə prosedurası üçün hər 1 litr suya 1-2 çay qaşığı soda və 1 xörək qaşığı duş geli qarışdırılır və ayaqlar 15-20 dəqiqə ərzində bu suda qalır. Ayaqlara tonuslandırıcı vanna edilməsi üçün bir ovuc dəniz duzunu 3 litr ilıq suda həll etmək lazımdır. Ayaqlarda şişkinlik və yorğunluq olduqda, ot dəmləmələri ilə olan vannalar (çobanyastığı, kalendula, gicitkən, dazıotu çiçəklərinin hər birindən 2 xörək qaşığı 2 litr su ilə dəmlənir), həmçinin kontrast vannaların (növbə ilə ayaqları 5 dəqiqə isti və 5 dəqiqə soyuq suda saxlamaq) qəbul edilməsi xeyirlidir. Vannadan sonra ayaqlara ayaq üçün xüsusi krem vurmaq lazımdır. Krem ayaqlara yalnız aşağıdan yuxarıya doğru olan hərəkətlərlə vurulur. Həftədə 1 dəfədən az olmayaraq dabanlarda olan artıq dərini xüsusi yonucu (“pilka”) və skrabın köməyi ilə təmizləmək lazımdır.
Dodaq dərisində piy vəzilərin olmadığı üçün dodaqların səthi daha həssas olub qurumağa və qabıq verməyə meylli olur. Bu hal vitaminlərin çatışmazlığı, orqanizmin bir sıra xəstəlikləri, streslər, uzun müddət soyuq havada qaldıqda və s. nəticəsində baş verir.
Dodaqların qurumasının səbəblərindən biri də siqaret çəkilməsi, həmçinin krem və ya pomadaya qarşı allergiyanın olmasıdır. Bir sıra hallarda dodaqların qırmızı haşiyəsinin iltihablaşması prosesinin səbəbi günəş şüalarına qarşı yüksək həssaslığın olmasıdır.
Bu halda çölə çıxmamışdan qabaq dodaq dərisinə tərkibində günəşdən qoruyucu filtrlər olan krem və ya pomada sürtmək tövsiyə edilir (çimərlikdə günəş vannaları qəbul edərkən də bu cür etmək lazımdır).
Yadda saxlayın ki, şaxtalı və küləkli havada dodaqları yalamaq olmaz. Bunu etməklə siz onun qoruyucu səddini xaric edirsiniz ki, bunun da nəticəsində dodaqlar qurumuş olur. Şaxtalı havalarda dodaqların səthinə bir neçə qat yağlı pomada sürtmək lazımdır.
Manikürü 7-10 gün ərzində 1 dəfə etmək məsləhətdir. Evdə və ya kosmetik salonda manikür etməyinizdən asılı olmayaraq dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr.
— Dırnaqları vanna etdikdən dərhal sonra yonmaq olmaz, belə ki, bu prosedura onları yumşaq və kövrək edir.
— Təbii dırnaqlar üçün sərt metal dırnaq “pilkalardan” istifadə etmək olmaz. Mütəxəssislər almaz tozlu dırnaq “pilkalardan” istifadə etməyi məsləhət görürlər.
— Quru dırnaqları dırnaqtutanla kəsmək olmaz.
— Kutikulanı kobud şəkildə kəsmək olmaz. O, dırnağın sağlamlığına cavabdehdir.
Manikürün bir neçə növü vardır. Klassik manikür hamıya yaxşı məlumdur. Bu zaman isti vannadan sonra kutikula çıxarılır. Avropasayağı manikür dırnaqları daha çox qoruyur. Kutikula xüsusi tərkibli məhlulla yumşaldılır və xaric edilməyərək taxta çubuq və ya rezin (plastik) başlığı olan alətlə arxaya çəkilir.
Kutikula işləndikdən sonra dırnağa lazımi forma verilir və onun səthinə dırnaq lakı vurulur. Əvvəlcə mütləq “baza lakı” vurulmalıdır. Bu lak dırnaqlarda rəngsiz və şəffaf görünür (hətta qabında bir az rəngli olsa da). Baza lakı dırnaqları qoruyur, tərkibinə vitamin və mikroelementlər daxil olduğu üçün onları sağlamlaşdırır, əsas lak tonunun yaxşı vurulmasına kömək edir, onun davamlılığını artırır.
Baza-lakından sonra əsas ton, sonra isə rəngsiz möhkəmləndirici lak vurulur. Mütəxəssislər baza lakını, hətta dırnaqları boyamadıqda belə, onları qorumaq üçün vurmağı məsləhət görürlər. Belə ki, müntəzəm olaraq müxtəlif məişət kimyası ilə kontaktda olmaq dırnaqları xeyli dərəcədə korlayır.