Komediya (yunanca: camaatı güldürən söyləmə) qədim Yunanıstanda faciəyə paralel yaranmışdır: faciə ayinindən sonra Böyük Dionisi bayramında komediyalar icra edilirdi. Ağlama ilə müşayiət olunan faciədən fərqli olaraq komediya yunan mifologiyasından alınan gülməli süjetlər üzərində qurulurdu. Nəzərə almaq lazımdır ki, yunan komediyasının kökləri fallas mərasimlərində icra edilən və məhsuldarlıq bayramları ilə bağlı olan ayinlərdən gəlirdi. Ona görə ən qədim vaxtlardan bu mərasimlərdəki kobud zarafat və erotika elementlər bu janrda uzun zaman mühüm yer tutmuşdur. Hələ Yunanıstanda komediya daha çox aşağı təbəqələrin iştirak etdiyi və onların başına gələn əhvalatlar kimi qəbul edilirdi. Ona görə ədəbiyyatın tarixində sonrakı əsrlərdə də komediya ən demokratik janrlardan biri olmuşdur. Bu səbəbdən bir sıra ölkələrdə xüsusilə orta əsrlərdə komediya xalq meydan mərasimlərinin bir şəkli kimi yaşayıb davam etmişdir.
Farsca yazmaq və oxumaq Quranı öyrənmək üçün təbii və düzgün yol idisə, onda XIII əsrdə klassik Azərbaycan ədəbi dili nə üçün yarandı? İlk növbədə, Azərbaycan türklərinin islamı qəbul və ona yiyələnmə prosesini sürətləndirmək üçün. Səlib yürüşləri və müharibələri səngiyəndən sonra missionerlik həm xristian, həm də müsəlman dünyasında güclü hərəkat şəklini aldı. Allahın dinini yaymaq müsəlmanlar arasında da müqəddəs hünər sayılırdı.
Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada realizmin naturalizm deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Naturalistlər realist yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyl etməyə başladılar. Bir sıra fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s. tələb edirdilər. Bunlar da tarixilik məsələsinin aspektləri idi. Naturalizmin ədəbi manifestini 1880-ci ildə Emil Zolya “Eksperimental roman” adı ilə çap etdirdi. Buradakı eksperiment anlayışı o zaman darvinizmin əsas üsulu olan canlı müşahidəni əks etdirirdi. Belə müşahidə konkret və fərdi faktın həm bədii, həm də elmi mənasını ortaya qoyurdu
Sözün obrazlıq xassəsi və ədəbi növlər
Ədəbi əsər sözlə yazılmış əsər, sözlərdən istifadə və onlar sayəsində yaradılan dünya obrazı deməkdir. Ona görə bütün əsərlər sözlərdən ibarətdir. Hər bir əsərin digərindən fərqi onun formasından və s. əvvəl onda sözlərin az və ya çoxluğu ilə şərtlənir. Ona görə ədəbi əsərlərin mətn təbiətinə görə iki növü fərqləndirilir: birinci sözləri müəyyən ritmlə oxumaya, ikinci isə birinci şəxsin ikinci şəxsə informasiya ötürmək üçün mətnyaratmaya əsaslanan növlüdür.
Poeziyanın əsas əlaməti olan sətirlərin ritmikliyi hər dildə spesifik şəkildə özünü göstərir. Belə spesifiklik isə ən çox müvafiq dilin fonetik quruluşu və bu quruluşdan doğan tələffüz qanunları üzərində qurulur. Eyni sait və samitlər müxtəlif dillərdə müxtəlif məxrəclərdə tələffüz olunur, bu da dillər arasında mühüm fonetik fərqləri yaradır. Poetik ritmiklik yaranarkən hər dilin sait və samitləri, onların tələffüz xüsusiyyətləri əsas rol oynayır və müvafiq vəznlərin, ritmika üsullarının sabitləşməsi ilə bitir.
Ədəbiyyatşünaslıq ən qədim elmlərdən biridir. Bu elmin qədim və dövrümüzə qədər gəlib çıxmış klassik nümunəsi — Aristotelin “Poetika” əsəri yeni eradan əvvəl dördüncü əsrdə Yunanıstanda meydana çıxmışdır. Sonrakı iyirmi dörd əsr ərzində dünya xalqlarının yüzlərcə dilində milli ədəbiyyatlar yaranmış və inkişaf etmişdir. Ədəbiyyatların belə milli əlvanlığına baxmayaraq onların hamısını birləşdirən ümumi xüsusiyyətlər vardır. Bunlar ədəbi dilin, bədii qavrayışın, bədii əsərin quruluşunun və yaradılması prosesinin ümumi xüsusiyyətlərinə aiddir. Bu xüsusiyyətləri, onları əks edən əsas anlayış və terminləri ədəbiyyatşünaslığın əsasları və ədəbiyyat nəzəriyyəsi öyrənir.