Şəhərin mərkəzinə, “Tarqovı” tərəfdə toz-təmir işlərinə baxmağa gedirdim. Küçəni keçərkən yekə bir xarici maşın üstümə elə gəldi, az qala məni vursun, kənara tullanıb qəzadan güclə yayındım. Baxdım ki, maşının uzunluğu beş metr olar. Şüşələri gülləkeçirməz, dəmiri tankadavamlıdı. Ancaq markasından başım çıxmadı. Sükan ardında bir axmaq adam oturub saqqız çeynəyə-çeynəyə mənə baxırdı. Dedim, a kişi, zibilini o tərəfdən sür dəə, başına yol qəhətdi?
Maşını bir az yana verib başını aynadan çölə çıxartdı: “Zibil sənin ayağındakı ayaqqabılarındı!” Məni od götürdü, demək o, mənim piyada olmağıma gülürdü. Dedim, arzum budu, sənin də maşınının təkərı yeyilib mənim ayaqqabımın gününə düşsün.
Divanda arabir öz xorultusuna ayılır, arvadının hələ də televizora baxdığını görüb təzədən mürgüləyirdi. Növbəti dəfədə daha dözmədi:
— Ay arvad, acı bağırsaq kimi nə çox uzandı sənin bu verilişin? Bağla, dur yataq də, gecə keçdi axı.
— Sən allah, bir az da səbrini bas, axırıdı, indicə qurtarır.
— Sən də elə o telekanalların günündəsən, – bərkdən əsnədi. – Sözdə yalandan cin-şeytana, cadugərə, falabaxana, ekstrasensə, nə bilim, parapsixoloqa inanmamağa çağırır, hamısının fırıldaqçı, şarlatan olduğunu söyləyirlər. Amma əməldə onları bu kanal sənin, o kanal mənim, deyib, bir-birinə ötürə-ötürə reklam edir, məşhurlaşdırır, camaata sırıyırlar.
Pıspısa onun ayaması idi və o, bu ada o qədər öyrəşmişdi ki, hərdən əsl adını kiminsə dilindən eşidəndə təəccüblənirdi, amma bununla belə çox yaxşı bilirdi ki, halalca ərinin xudpəsənd, dəymədüşər anasının dilindən alıb ona pərçim etdiyi bu ayamanın mənbəyi hardandı, Pıspısa nədi, el arasında hansı böcəyə «Qara pıspısa» deyirlər və bu qara böcəklər daha çox harda eşələnirlər?
Simnarə bu qara böcəklərin adı ilə bağlı ayaması haqqında bir zamanlar düşünüb-daşınmışdı, amma taleyi kimi, bu ayama ilə də barışmışdı.
Ad, ayama sarıdan onun baxtı əzəldən gətirməyib. Belə ki, bisavad atası Nemət kişinin savadlı adamlara həsəd aparması və bir axşam kolxozun klubunda «Dəli Kür» filminə baxması və bu filmdə səslənən «Seminariya» sözünün nə olduğunu anlaması onunla nəticələnib ki, elə o arada doğulan doqquzuncu qızının adını Simnarə qoyub, amma bu ad el arasında dilə yatmadığından, bir qədər qəribə səslənsə də, qızı sadəcə Sim çağırıblar.