Səhər yuxudan duranda fikirləşdi ki, görəsən intihar etməyə cəsarəti çatarmı? Hər halda intihara psixoloji hazırlıq mərhələsini keçmək lazım idi. O isə bu “mərhələ”ni intihar haqqında didaktik tonda yazdığı məqalə ilə keçmişdi. Deyən gərək, ay əbləh, camaata dərs keçirsən, özününsə könlündən intihar keçir, xeyr ola?
Hardasa oxumuşdu ki, I Pyotr intihar edənlərin ölüsünü it leşi kimi şəhərin küçələrində sürütlətdirirmiş ki, özünə qəsd etmək istəyənlərə görk olsun. Yaşamaq cəhənnəm əzabına dönsə də intihar etməyə özündə təpər tapa bilməyəcəkdi, onsuz uzun və əzablı bir ölümə məhkum edildiyindən xəbərdar idi; həkimlər qanında hepatit C virusu aşkarlamışdılar və üzünə demişdilər ki, pənah Allaha, nə qədər yaşadın qənimətdi… Qanındakı mikrobların durmadan çoxaldığını, qara ciyərinə daraşıb onu hey-həkətdən saldığını sanki gözlərilə görürdü və kənar müşahidəçi kimi soyuqqanlılıqla, sakitcə, bir az da maraqla bu mənzərəni seyr edirdi.
...Pul-pul şəfəqlərilə min bir rəngə çalanda
Az qala özü boyda mavi tonqal olanda
Yosunlu bir qayanın ətəyində dayandım,
Dayandım, səni andım...
Maviliklər yanırkən al günəşin alından,
Eşitdim, səsin gəlir hər dalğanın dalından:
— Ah, bu uzun sevda yolu vurulurmu başa, könül?
Kaman çəkdim, nişan aldım, dəydi oxum daşa, könül!