Dava qasırğa kimi başladı-əvvəlcə heç kimin ağlına gəlməzdi ki, bu, doğrudan da qasırğaya çevriləcək, fəlakət törədəcək, çünki zəif bir dalğa idi: iki qonşu uşağın arasında baş vermişdi, daha doğrusu, onlar tərəfindən yaradılmışdı.
Sağ tərəfdəki qonşunun uşağı Rəhmanın səsi həyətlərin ikisini də başına götürmüşdü:
— Anaaa! Babaaa, yasəmənimiz çiçəkləyib! Gəlin, baxın, görün nə boyda gül açıb!
Rəhmanın anası da, babası da çölə çıxdılar və onun yanına gələndə heyrətlərindən dondular — soldakı qonşunun uşağı Kamran nazik, az qala tamam qurumuş görsənən yasəmən çubuğunu iki araya basdıranda inanmırdılar ki, o bitəcək.
Düzdür, əvvəlcə Rəhmanın atası deyinmişdi ki, o niyə ağacı bizim evin arxasına basdırır? Rəhmanın nənəsi acıqlanmışdı ki, a bala, əvvəla, ora boş, istifadəsiz yerdir, o biri yandan da iki arada basdırır; həm də nə pis iş görür ki, yasəməndir, ətri onlara da yayılacaq, bizə də!
Əslində, mən — Süleyman sevgiyə, məhəbbətə bir o qədər də inanmamışam.
Sevgi, məhəbbət, eşq mənim aləmimdə şairlərin, rəssamların, yazıçıların uydurduğu bir illüziya, boş bir sabun köpüyüdür. Belə ki, söz, sənət adamları bu eşq, məhəbbət haqqında uzun-uzadı danışıblar, deyiblər, əslindəsə, onun mövcudluğuna özləri də şübhə ilə yanaşıblar. Həmişə cəmiyyət də bu eşqə, məhəbbətə, hətta, onu vəsf edənlərə bir qədər ironiya ilə yanaşıbdır. Və mən də həmişə bu fikirdə olmuşam ki, əsl kişi, ümumiyyətlə, sevgi, məhəbbət əsiri olmaz. Qadınlar — əks cinsin nümayəndələri nədirlər ki, onlara belə böyük bir hiss də bəsləyəsən. Qadınlar hər vaxt mənə öz rolunu yaxşı oynayan aktrisaları xatırladıblar. Hər zaman mənə elə gəlib ki, onlar süni və saxtakardırlar. Onların heç bir hissi-sevinci də, kədəri də, istəyi də, narahatlığı da, hətta, etirazı da təbii deyil. Onlar həmişə kişilərə əngəl və maneə törədib, onlara başağrısı olublar. Onlardan heç bir halda adama xeyir gəlməz.
İki ildən bəri canından çıxmaq bilməyən, onu haldan salan ağrılar ya azalmışdı, ya da bu ağrılara vərdiş etdiyindəndi — nədəndi, daha dözümlü olmuşdu. Hələ hərdən huşa gedəndə şirin yuxular da görə bilirdi. Bir-birinə oxşayan, bir-birinin davamı olan yuxularında ömrünün ən gözəl illəri, həsrətində olduğu doğma yerlər onu çağırır, xəyalını qanadlandırır, ürəyini titrədirdi. Bu iki ildə yastığının dibindən aralanmayan vəfalı ömür-gün yoldaşı huşdan ayılanda nəvazişlə:
— A kişi, deyəsən yuxulamışdın, yaxşı yuxu da görürdün, eləmi? — soruşanda təəccübləndi:
— Hardan bildin, ay arvad?
— Üzünə nur gəlib, işıqlar oynaşırdı.
— Arvad, bilirsən haralara getmişdim?
Telefon nömrələri
Oxşamaz bir-birinə
amma hamısında
insan səsi...
...pis günlər
oxşamaz bir-birinə
birində özün susarsan,
birində telefon.
Vaqif Vəkilov
Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki… Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.