Kapitan Məsud İbrahimzadə iş otağındakı divardan asılmış Tac-Mahal sarayının rəngli reproduksiyasına baxdı. Yenə də xəyal onu o uzaq illərə çəkib apardı…
Camna çayının sahili. Hindistanın mirvarisi, yetmiş dörd metrlik bir möcüzə, Tac-Mahal sarayı. Ağ mərmərdən işlənilmiş dörd kiçik və bir nəhəng kümbəz mavi səmanın fonunda daha da bəyaz görünür. Dünyanın hər yerindən milyonlarla insan bu möcüzəni öz gözləri ilə görmək üçün Hindistana axışır…
Bələdçi-gid qız gözəl çöhrəsinə qonmuş təbəssümlə sarayın qarşısına toplaşmış turistlərə Tac-Mahalın tarixçəsini danışırdı…
… Bu saray təkcə memarlıq abidəsi kimi deyil, min bir gecə nağıllarına bənzər məhəbbət hekayəti ilə də ürəkləri riqqətə gətirir.
XVII əsrdə yaşamış Cahan Şah on doqquz yaşı təzəcə tamam olmuş dünya gözəli Mumtaz Mahal ilə evlənir.