Azərbaycan ədəbiyyatı kateqoriyası üzrə məqalələr

Yazıçı və “koka-kola”

Vallah, birinci mərtəbədə yaşamaq da bir şey deyil. Həyətdə qonum-qonşu bir az bərkdən danışan kimi elə bil evdə onlarla  diz-dizə oturub söhbət edirsən. Səhər tezdən məktəbə gedən uşaqların hay- küyünü də bunun üstünə gələndə adam istəyir ki, ya evdən baş götürüb getsin, ya da satıb beş-altı mərtəbə yuxarı qalxsın. Amma başqasının evini necə satasan? Sağ olsun arvadın qardaşı, pulsuz-parasız verib ki, nə qədər istəyirsiniz yaşayın. Qohum-qardaşın kirayənişin həyatından danışdıqlarını eşidəndə arvadın yanında olmasa da, özlüyümdə qaynıma minnətdarlığımı bildirirəm ki, məni belə qayğılarla üz-üzə qoymayıb.
Davamı →

Yaddaşın 18-ci saniyəsi

Albert yerə gəlir, o qışqıra da bilmir. Çox qorxuludur. Amma nədənsə onun üçün zaman dayanıb. Reallıqda bəlkə də iyirmi saniyəyə yerdə olmalı idi. Yox… Zaman getmir. O düşünür…


Nə etdim mən? Ailə qurdum, mənə xəyanət edən həyat yoldaşımdan boşandım. O da qızımın tərbiyəsiylə maraqlanmadığından, qızım fahişə olaraq böyüdü. Vellinqtonun küçələrində onu yaxşı tanıyırlar. Artıq harda olub-olmamağımın onun üçün nə fərqi var ki…
Tanrını axtarmağa çıxdım, bütün ömrüm boyu ona ehtiyacım var. Xristianam. Daha doğrusu idim… Bir gün nədənsə kilsəyə girdim. Padredən özünün də ağlına gəlməyəcəyi sualı soruşdum.

Davamı →

Xoşbəxt adamla bədbəxt adamın söhbəti

Bu nə duzsuz adamdı, yekə kişidi, dişləri ağara qalıb, barı boyundan utanmır. Kişi xeylağı belə əzilib-büzüldüsə heç nə… O cibindəki nədi e, yol boyu başımı xarab eləyib, elə ona baxıb hırıldayır. Yəqin arvadının şəklidi, yüz faiz o da bunun kimi quşbeyinin biridi, boş yerdən deməyiblər ha taylı tayın tapmasa bağrı yarılar. Bir də hırıldasa, dədəmin ölmüşünə, deyəcəyəm «ə bəri bax, kişi ağır olar e. Arvad nə olan şeydi şəklini üstündə gəzdirirsən, dəqiqə başı da çıxardıb marıtlıyırsan…»
Davamı →

İlk cinayət/Gülər Miryəhya

İnsanın həyatında hadisələr çox olur. Komada olan və ya kliniki ölüm keçirən insanlar danışarlar həmişə, “gözlərimin önündən həyatım kino lenti kimi keçdi”-deyə. Bax hadisələr məhz elə xırda kino lentləri kimi baş verir. Bir-birinə birləşir və sonda ömür, ya nə bilim həyat adlanan nəsnəni yaradırlar. Amma onların arasında bir hadisə, məhz bir hadisə olur ki, həyatının həmin kino lentində əsas sujetlərdən olur. Çünki həmin o bircə lent, bircə sujet o qədər çox şeyi dəyişə bilir ki, istədin istəmədin bütün ömürünü həmin o bir, balaca sujetin təsirilə yaşaya bilirsən. Ana xətt o sujetdən ibarət olur və bütün digər sujetlər o xəttin üzərində qurulur. Fəlsəfə açmayacam, mənim də həyatımda o ana xətt baş verdi. Çox uzun illər mən o ana xəttin təsirilə yaşadım. Həmin hadisə həyatımı dəyişdi deyə bilmərəm, o mənim həyatımı məhv etdi. O zaman mənim 12 yaşım olardı.
Davamı →

Həkimə gedən məğrur adam

Payızın sərinləşməkdə olan havasını ciyərlərinə çəkdi və kimisə axtarırmış kimi çoxdandır gözünün həsrət qaldığı doğma həyətin bütün künc-bucağına boylandı. Hər şey öz yerində idi, evdən azca aralıda təkəmseyrək zeytun ağacları, onların altına qoyulmuş sınıq-salxaq skamyalar, domino masası, uşaqların oyun meydançasında tikilməkdə olan nəhəng göydələn, evin qabağından düz dayanacağa qədər uzanan çattaq-çattaq olmuş asfalt yol hamısı öz yerində idi. Elə adamlar da dəyişməmişdi – həmişə eyni mövzularda söhbət eləyən bekar qonşular səhərin gözü açılandan zeytunluğun altında domino oynamağa hazırlaşırdılar, onların bütün səhərləri belə açılır, bütün axşamları belə qapanırdı.
Davamı →

Anam və onun quldur dəstəsi

Oxuduğum macəra romanlarından, baxdığım kinolardan bilirdim ki, quldurlar əsasən Karib dənizində və Qərbi Avropada, bir də Ərəbistanda-zadda olur. Ancaq belə deyilmiş. Mən yanlış bilirmişəm. Sən demə, bizim məhlədə də quldur dəstəsi varmış.Əgər sizin təsəvürünüz güclüdürsə, məni anlayacaq və mənə haqq verəcəksiniz. Məsəl üçün, təsəvvür edək ki, yaşadığım yataqxana bir quldur gəmisidi. İndi deyəcəksiniz ki, heç binadan da quldur gəmisi olar? Gəmi məhəllənin ortasında nə gəzir?


Əvvələn, onu deyim ki, bizim quldur gəmimiz dənizdədir. Belə ki, mənim yaşadığım yataqxana binasının altı tamam kanalizasiya suyudur. Əgər quldur gəmisinin dənizdə olmasını təsəvvür etdinizsə, niyə də kanalizasiya suyundan dəniz olmasını xəyalınıza gətirməyəsiniz?

Davamı →

Mənim birinci yalanım

— Gəldin, qadası, bəs niyə gecikdin? – Əbdül kişi dörd kiloluq qurğuşun külçəni linotip maşının qarmağına keçirib mənimlə salamlaşdı.
— Oxu zalında kitab axtarırdım, hayıf çox vaxtım getdi.
— Tapmadın?
— Yox, tapdım, amma mənə lazım olan səhifələri cırmışdılar.
— Deməli, səni qabaqlayıblar də.
Elə ağzımı doldurub demək istəyirdim ki, «yox, mən kitab cırmaram» – sexin dəhlizə bitişik balaca otağından məsul katibimiz Tələt müəllimin səsi gəldi  – «Ə, harda qalmısan, gəl çıx də. Hələ gəl bir tikə çörək ye, bu gün işimiz çox olacaq e».

Davamı →

Qardaşımın sevgiləri

Qardaşım atağız bir kişi olub, belə deyək, gəncliyi modifikasiyaya uğrayıb. Ay budu ha, deyirsən, indicə durub aləmi qatar bir-birinə, uşağı-böyüyü kəllə-kəlləyə vurar.Di gəl, işi-peşəsi onun-bunun möhübünü düzməkdir. Xasiyyətini ipəkqurduları toxuyub: yaxşılıq etdiyi, işinə yaradığı adamların firavan həyatını öz uğuru sanar.

Davamı →

Mən necə Polat Alemdar oldum?

Güzgünün qabağında durmuşdum. Özümə baxanda dedim, gör necə də Polat Alemdara oxşayıram. Nənəm demiş, elə bil bir almanın yarısıydıq. Həqiqətən də elə görünürdü. Onunla mənim aramda elə də böyük bir fərq yoxdu. Boylarımız eyni, bədənimizin quruluşu eyni, üzümüzün forması eyni. Allah bir baxıb iki dənə yaradıb. Daha nə olmalıdı ki? Yalnız kiçik bir fərq vardı, o da ki, mənim tapançamın olmamasıydı. Düzdü, bundan bir il əvvəl mənim də laqanım vardı, təbii ki, oyuncaq laqandan söhbət gedir. Ancaq bu oyuncaq silaha görə az qala məhlənin bütün uşaqları mənə düşmən kəsiləcəkdi. Səbəb isə bu idi ki, guya onları yaralamışam. Hamısı qaçıb anama şikayətə gəlmişdi, yalandan bədənlərinin bir yerini tutub ufuldayırdılar ki, anam inansın.
Davamı →

Şahid (hekayə)

Mavi rəngli «Jiquli»-nin uşağı necə vurduğunu gördü.  Zərbə uşağı yolun kənarındakı divara çırpdı, qayıdıb ağzı üstə arxın içinə yıxıldı. Sürücü maşını saxlamadan dönüb arxa şüşədən geri  baxdı, dəhşətdən sifəti əyilmişdi. Maşının nömrəsini, əyilən eybəcər sifəti yadında saxladı. Polislər, təcili yardım maşını gələnə artıq uşaq artıq ölmüşdü. Polis soruşur, uşağı vuran maşını kimin gördüyünü xəbər alırdı. Dayanacaqda onlarla adam var idi,  ancaq hamısı da bir ağızdan görmədiklərini deyirdilər. Gözlərinin qarşısında uşağı vurub öldürmüşdülər, qatil qaçıb aradan çıxmışdı, ancaq  kimsə polisə yardımçı olmaq, qatilin tapılmasına kömək eləmək istəmirdi. Tfu sizin sifətinizə, ürəyində adamları söyürdü, necə adammış bunlar?! Uşağı vuran maşını gördüyünü, nömrəsini də yadında saxladığını  dedi. Polis kapitanı onu xeyli təriflədi,  birlikdə şöbəyə getdilər, orda  da rəis  vurğunluqla tərifləyirdi, nə qədər sizin kimi mərd, qorxmaz insanlar var, yaşamağa dəyər. Halal olsun, sən də sussaydın  qatili tapa bilməyəcəkdik! Tərif canına yağ kimi yayılır, ancaq rəisin tez qurtarmasını arzulayırdı, avtobusa gecikəcəyindən qorxurdu. Rəis tərif üçün dilimizdə olan bütün xoş sözləri, – tərslikdən dilimizdə belə sözlər qədərindən artıqmış, – deyəndən  sonra kimliyini, nəçiliyini, haralı olduğunu soruşub yazdı və dedi:
Davamı →
Top