orta əsrlər tarixi kateqoriyası üzrə məqalələr

İspaniya XI-XV əsrlərdə

İspaniya klassik feodalizmə keçid dövründə. Ərəblər VIII əsrdə Pireney yarımadasını tutub Burada Kordova xilafətini yaratdılar. Bu xilafət 300 il mövcud olmuşdu. Kordova xilafətinin müsəlman əhalisi mavrlar adlanan ərəblərdən və Şimali Afrikanın bərbər adlanan tayfalarından ibarət idi. Bu dövrdə ərəblər İspaniyanı Əndəlus adlandırırdılar. Əndəlus İspaniyanın cənubunda tarixi vilayət idi. Burada əkinçilik, sənətkarlıq inkişaf etmişdi. Ərəblər buraya xurma, çəltik, şəkər qamışı, nar, tut və s. gətirmişdilər. Əkinçilikdə süni suvarmadan istifadə edilirdi. Sənətkarlıq və ticarətin inkişafı şəhərlərin yaranması və genişlənməsinə səbəb oldu. Kordova şəhəri həm sənətkarlıq və ticarət. mərkəzi, həm də xilafətin paytaxtı idi. Burada mədəniyyət də inkişaf etmişdi. Kordovada Əmir kitabxanası (400 min kitab var idi) və Universiteti daha çox məşhur idi. Müsəlman memarlığının ən gözəl nümunələri Qranada hakimlərinin Əlhambra sarayı — Qırmızı saray (XIII-XV əsrlər), Seviliyada Əlkəsar saray-qalası (XII əsr) və Kordova məscidi idi.

Davamı →

Xristian kilsəsinin parçalanması.Səlib yürüşləri

Xristian kilsəsinin parçalanması. Kilsənin qüdrətinin artması. XI əsrin ortalarına qədər xristian kilsəsi vahid kilsə hesab edilirdi. Qərbi Roma kilsəsinin başçısı Roma papası idi. Bizansda isə kilsənin başçısı Konstantinopol patriarxı idi. Şərqi Avropanın bir çox ölkələri, o cümlədən Serbiya, Bolqarıstan və Kiyev Rus dövləti xristianlığı Bizansdan qəbul etmişdilər. Lakin Roma papası bu ölkələrin kilsələrini özünə tabe etmək istəyirdi. Papa və patriarx xristian kilsəsinə ağalıq və onun gəlirini bölüşdürmək uğrunda mübarizəyə başladılar. Nəticədə 1054-cü ildə xristian kilsəsi Qərb və Şərq kilsələrinə parçalandı. Qərb kilsəsi katolik (ümumdünya kilsəsi), Şərq kilsəsi isə pravoslav (həqiqi din) kilsəsi adlanmağa başladı. Bundan sonra hər iki kilsə müstəqil oldu.

Davamı →

İtaliya XI-XV əsrlərdə

İtaliyada kommunalar, şəhər respublikaları. Klassik feodalizm dövründə İtaliyanın birləşdirilməsi başa çatmadı. Fransa və İngiltərədə isə mərkəzləşmiş dövlət yaranmışdı. Almaniya da İtaliya kimi iqtisadi və siyasi cəhətdən parçalanmış halda idi. Avropanın digər dövlətlərinə nisbətən İtaliyada şəhərlər daha tez meydana gəlib sürətlə inkişaf etmişdi. Şəhərlərin sürətlə inkişaf etməsində səlib müharibələri mühüm rol oynamışdı.


İtaliya 1328-ci ildəX-XI əsrlərdə İtaliya şəhərlərində senyorlara qarşı mübarizə başlandı. Əksər şəhərlərin senyorları yepiskoplar idi. Bu şəhərlərin senyorlara qarşı mübarizədə, başqa ölkələrdə olduğu kimi, kral hakimiyyəti kimi müttəfiqi yox idi. Mübarizə nəticəsində Milan, Boloniya, Piza və s. şəhərlərdə kommunalar yarandı. (Şəhərlərin senyorlara qarşı mübarizə ittifaqı.) Onlar özləri qanunlar qəbul edir, bütün məsələləri müstəqil həll edirdilər. Azad kommunalar tədricən ətraf əraziləri də ələ keçirərək şəhər dövlətlərinə və ya respublikalara çevrildilər. Bu feodalların nüfuzunu qırdı. Onları şəhərlərə köçürüb nəzarət altında saxladılar. Şəhərin əleyhinə çıxış etmək istəyən feodalı ciddi cəza gözləyirdi. Nəticədə kəndlilər şəxsən azadlıq əldə etdilər. Onlar feodal zülmündən qurtarıb şəhər kommunalarına vergi verirdilər.

Davamı →

Qərbi Avropada erkən orta əsrlərdə mədəniyyət

Mədəniyyətin geridə qalması. Erkən orta əsrlərdə Avropada əhalinin çoxu öz kəndindən kənara çıxmırdı. Onlar səyahətə çıxmadıqlarına görə başqa ölkələr və xalqlar haqqında heç bir təsəvvürə malik deyildilər. Yerin kürə şəklində olması haqqında qədim alimlərin dedikləri hələ tamamilə unudulmamışdı. Lakin insanlar təbiət, yer kürəsi haqqında ağılasığmaz uydurmalar irəli sürürdülər. Avropalıların fikrincə, səmada günəş, ay və s. planetlər hərəkət edir. İnsanlar vaxtı yerə basdırılmış ağac çubuğun kölgəsi ilə müəyyən edirdilər. İli 12 aya bölürdülər.


Xristian əhalisi ili İsa peyğəmbərin, müqəddəslərin anadan olması, dini bayramların keçirilməsi və s. ilə müəyyən edirdilər. Antik dünyadan orta əsrlərə keçid dövründə mədəniyyət Avropada tənəzzül edirdi (bu dövrdə ərəblərdə mədəniyyət tərəqqi edirdi).

Davamı →

Çexiyada Qusçular hərəkatı

Çexiya Müqəddəs Roma imperiyasının tərkibində. Çexiyada katolik zülmü və alman ağalığı. Çexiyada dövlət X əsrin əvvəllərində yaranmışdı. XIV əsrdə Çexiya qüdrətli dövlətə çevrilmişdir. Həmin əsrin ortalarında kral I Karl (1346-1378) dövründə Çexiya Müqəddəs Roma imperiyasının tərkibinə daxil oldu, Çexiya kralı I Karl Müqəddəs Roma imperiyasının imperatoru seçildi. O, Çexiyanın ərazisini genişləndirdi. Sənətkarlıq və ticarəti himayə etdi. Praqa I Karl dövründə Müqəddəs Roma imperiyasının paytaxtı oldu.

Davamı →

Slavyanlar VI-XI əsrdə

Slavyanların yaşadığı ərazi və məşğuliyyətləri. Slavyanlar Mərkəzi və Şərqi Avropada yaşayırdılar. VI əsrdə onların yaşadığı ərazi Şərqdə Dnepr çayının ortalarından, Qərbdə Elba çayına qədər, Şimalda Baltik dənizindən Cənubda Dunay çayına və Qara dənizə qədər olan ərazini əhatə edirdi. Slavyanlar 3 qrupa bölünürdülər:
  • Qərbi slavyanlar: çexlər, polyaklar, slovaklar;
  • Cənubi slavyanlar: bolqarlar, serblər, xorvatlar. Onlar Balkan yarımadasının şimalında məskunlaşmışlar.
  • Şərqi slavyanlar: ruslar, ukraynalılar və belarusların ulu babaları olan polyanlar, drevliyanlar, severiyanlar, uliçlər və başqaları daxil idi.
Bizans tarixçisi Psevda Mavrikin göstərir ki, slavyanların təsərrüfat sahəsi oturaq əkinçilik idi. Slavyanlar çovdar, buğda, arpa və s. dənli bitkilər və bostan bitkiləri yetişdirirdilər. At, inək, donuz və digər ev heyvanları saxlayırdılar. Slavyanlar mübahisəli məsələləri veçedə (xalq yığıncağı) həll edirdilər. Hamı veçedə fikrini deyə bilərdi.
Davamı →

XI-XV əsrlərdə Avropa mədəniyyəti

Maarif. Qərbi Avropada insanlar xaç yürüşü zamanı dünyanın müxtəlifliyinə və genişliyinə heyran oldular. Onlar bundan sonra yeni ölkələrlə maraqlandılar. XIII əsrdə Venesiya taciri Marko Polo 25 il Uzaq Şərqdə Çində yaşamış, vətənə qayıdandan sonra gördüklərini qələmə almışdı. «Marko Polonun kitabı» uzun müddət coğrafiya xəritələri çəkmək üçün əsas olmuşdu.
İlk orta əsrlərdə xüsusi məktəblər, şəhər şuralarının dünyəvi məktəbləri və kilsə məktəbləri mövcud idi. Kilsə məktəblərindən fərqli olaraq, xüsusi məktəblərdə və şəhər şurasının məktəblərində yazı, hesab, təbiətşünaslıq haqqında biliklər verilirdi. Ticarət, sənətkarlıq belə biliyə malik olan adamlar tələb edirdi. Bu dövrdə dövlət və şəhərlər üçün də savadlı adamlar lazım idi.
Davamı →

Fransa XI-XV əsrlərdə

Ölkənin birləşdirilməsi uğrunda mübarizə. XI əsrdə Fransa iri və xırda feodal mülklərinə parçalanmışdı. Ölkənin şimal-şərq torpaqları Paris və Orleanla birlikdə krala məxsus idi. Kral bütün ölkə üçün qanun verə bilməzdi, vergi toplamaq hüququna malik deyildi. Hətta vassallar da kral torpaqlarında qəsrlər tikirdilər. Kral öz mülkündən əldə etdiyi gəlirin hesabına yaşayırdı. Onun qoşunu və muzdla işləyən məmurları yox idi.


X-XI əsrlərdə Avropanın hər yerində olduğu kimi, Fransada da kənd təsərrüfatı və sənətkarlıqda irəliləyiş yarandı. Şəhərlər meydana gəldi, vilayətlər və şəhərlər arasında əmək bölgüsü yarandı, ticarət inkişaf etdi. Normandiyada dəmir filizi, Şampan və Burqundiyada taxıl və kətan parça istehsal olunurdu. Əmək bölgüsü və ticarət vilayətlər arasında əlaqə, ölkənin birləşməsi üçün şərait yaratdı.


Feodalların pula ehtiyacı artdı, feodallar məhsul töycüsünü pul töycüsü ilə əvəz etdilər. Kəndlilər yüksək ödənc müqabilində şəxsi asılılıqdan azad olurdular. Vergilərin artırılmasına qarşı üsyanlar baş verirdi. Orta və xırda feodallar bu üsyanın qarşısını ala bilmirdilər, onlar bu üsyanı yatırtmaq üçün krala arxalanırdılar. Sənətkar və tacirlər feodal dağınıqlığının aradan qaldırılmasına, şəhərlər senyor zülmündən xilas olmağa çalışırdılar. Şəhərlilər feodaldan xilas olmaq üçün krala müraciət edir,ona pulla, silahlı dəstələrlə kömək edirdilər.

Davamı →

Bizans VI-XI əsrlərdə

Bizans imperiyasının güclənməsi. Bizans VI əsrdə Balkan yarımadasını, Kiçik Asiyanı, Suriyanı, Misiri, Fələstini, eləcə də Krım və Qafqazın Qara dəniz sahillərini, Ərəbistan və Şimali Afrikanın bir sıra torpaqlarını əhatə edirdi. Paytaxtı Konstantinopol keçmişdə Bizans adlanırdı. Bizans şərq ölkələri (Hindistan, Çin və s.) ilə ticarətdə varlanırdı. Burada ticarətin inkişaf etməsinə səbəb Konstantinopolun əlverişli coğrafi mövqedə yerləşməsi idi. Bu şəhər «Qızıl körpü» də adlanırdı və Avropadan Asiyaya, Aralıq dənizindən Qara dənizə gedən iki ticarət yolu üzərində yerləşirdi. Konstantinopoldan başqa burada Antioxiya, İsgəndəriyyə, Beyrut, Korinf və digər şəhərlər var idi. Onlar ticarət və sənətkarlıq mərkəzi idi.
Qərbi Avropada kənd təsərrüfatı tənəzzül etdiyi halda, Bizansda yüksək inkişaf etmişdi. Buna səbəb Bizansda iri torpaq sahibliyinə nisbətən xırda torpaq sahibliyinin inkişaf etməsi idi. Bizansda qüvvətli imperator hakimiyyəti gücünü itirməmişdi. Onun böyük ordusu, qüdrətli donanması, zəngin xəzinəsi var idi. Kəndlilərdən ağır dövlət vergisi alınırdı.
Davamı →

Ərəb xilafəti və ərəb işğalları

Ərəb Xilafətinin I dövrü (630-661) 661-ci ilə qədər olan dövrü əhatə edir. Bu dövrdə Məhəmməd Peyğəmbər və onun 4 xəlifəsi (Peyğəmbərin müavinləri) hakimiyyətdə olmuşdular. 632-ci ildə Məhəmməd Peyğəmbər vəfat etdi. O vəfat edəndən sonra ərəb işğalları genişləndi. Ərəblərin hərbi işğallarının səbəbləri aşağıdakılardır: Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər ikisini zəiflətmişdi; ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən süvarilərin sayı daha çox idi; Bizans və İran əhalisi ağır vergilərdən azad olmaq üçün ərəblərə xilaskar kimi baxır, onların tərəfinə keçirdi.


Xəlifə Əbu Bəkir (632-634), Ömər (634-644), Osman (644656), Əli (656-661) dövründə işğalçılıq müharibələri genişləndi. Əbu-Bəkir dövründə Suriya və İranın işğalına başlandı. Ömər Suriya, İraq və Misiri işğal etdi. Yərmuq (636) döyüşündə Bizans məğlub oldu. 638-cı ildə Kadsiyyə yaxınlığında İran qoşunu məğlub oldu. 642-ci ildə Nahavənd vuruşmasında ərəblər İrana qalib gəldilər. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı. Mədain (Ktesefon) 652-ci ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu.

Davamı →
Top