Sənaye və ticarətin inkişafı. Fransanın birləşdirilməsi XVI əsrin əvvəllərində başa çatmışdı. Sənaye və ticarət inkişaf edirdi. Burada 15 milyon əhali yaşayırdı. Fransa Avropada ən böyük dövlət idi, ölkədə kapitalist istehsalı inkişaf edirdi.
Coğrafi kəşflərdən sonra ticarət yollarının Atlantik okeanına keçməsi ilə əlaqədar Fransanın qərbindəki limanların rolu artdı. Paris, Bordo, Marsel kimi şəhərlərin əhəmiyyəti çoxaldı. Fransada manufakturalar yaradılırdı. Manufakturalarda ipək parça, kətan, bəzək əşyaları, tüfəng, top və s. istehsal edilirdi.
Reformasiya və kəndli müharibəsinin səbəbi. XVI əsrin başlanğıcında Almaniyada sənaye və ticarət inkişaf etməyə başladı. Manufakturalar artırdı, lakin feodal dağınıqlığı kapitalizmin inkişafına mane olurdu. Şəhərdə manufaktura yarada bilməyən tacirlər onları şəhərdən kənarda açır və varlanırdılar. Almaniyada ən varlı nəsil Függerlər ailəsi idi. Onlar hətta krala və Roma papasına borc verirdilər.
Amerika xalqları XV əsrdə. XV əsrdə avropalılar 3 qitəni, yəni Avropa, Asiya və Afrika qitələrini tanıyırdılar. 1000-ci ildə Skandinaviya dənizçiləri Qrenlandiyanı kəşf etdilər. Oradan Şimali Amerikaya gedib çıxdılar. Bu dövrdə Amerika xalqları ibtidai icma quruluşunda yaşayırdı, əsasən, ovçuluq və balıqçılıqla məşğul olurdular. Əmək alətləri və silahlar ağac, daş və tuncdan idi. Onlar kotan, odlu silah, təkər və dəmirin nə olduğunu bilmirdilər. Ölkənin simalında ancaq it və lamalar əhliləşdirilmişdi. Yalnız Mərkəzi və Cənubi Amerikada əkinçilik və sənətkarlıqla məşğul olan xalqlar var idi. Amerikada yaşayan tayfalar kartof, günəbaxan, qarğıdalı, pomidor, kakao becərir, torpağı ağac xışla şumlayırdılar. Mayya, astek, ink xalqlarının inkişaf səviyyəsi Amerikanın başqa xalqlarına nisbətən yüksək idi.
Böyük coğrafi kəşflərdən sonra İngiltərə mühüm dəniz yollarının keçdiyi rayonlara daxil idi. Londonda çoxlu tacir kontorları və banklar meydana gəlmişdi. Manufaktura yaranandan sonra İngiltərə başqa ölkələrə yun göndərmir, ancaq mahud, kömür, balıq və s. aparırdı. Ticarət sürətlə inkişaf edirdi. Uzaq ölkələrlə aparılan bütün ticarət ən varlı tacirlərin təşkil etdiyi şirkətlərin əlində idi. Şirkətlərə daxil olan tacirlər mah birlikdə satır, gəlirini qoyulan pula görə bölüşürdülər. Rusiya ilə ticarət etmək üçün Moskva şirkəti, Afrika ilə Qvineya şirkəti, Hind okeanı və Sakit okeanı sahillərindəki ölkələrlə ticarət aparmaq üçün Ost-Hind şirkəti (1600) yaranmışdı.
Yeni su mühərrikləri. Metallurgiyanın inkişafı. Zaman keçdikcə kəndlilər və sənətkarlar əmək alətini təkmilləşdirirdilər. Bu isə XV-XVI əsrlərdə texnikanın inkişafına təkan verdi. Qədim dövrdən bəri aşağıdan fırladılan çarxlardan istifadə edilirdi. Təcrübənin artması nəticəsində aşağıdan fırladılan çarxları əvəz edən yuxarıdan fırladılan çarx ixtira edildi: belə çarxlar bir ton ağırlığında çəkici endirib qaldıra bilirdi. Yuxarıdan fırladılan çarxdan metal emalında, kağız istehsalında, mədən işlərində istifadə edilirdi. Filiz istehsalının çoxalması XIV əsrdə domna sobalarının (metal əridilən iri soba) tikilməsinə səbəb oldu.
İngiltərədə mərkəzləşmiş dövlətin yaranması. Fateh Vilhelm. Anqlların və saksların yaratdığı krallıqların birləşməsi nəticəsində IX əsrdə İngiltərə krallığı meydana gəldi və ölkədə feodalizm quruluşu bərqərar oldu.
1066-cı ildə Normandiya hersoqu Vilhelm İngiltərəni işğal etdi. Beləliklə, İngiltərədə mərkəzləşmiş dövlət yaradılmasının başlanğıcı qoyuldu. O, Lamanşı keçdi. Hastinqs vuruşması başlandı. Vilhelm hiyləyə əl atdı. O, qoşununu geri çəkdi. Vilhelmin atlı qoşunu hücuma keçib anqlo-saks qoşunlarına qalib gəldi, döyüşdə anqlo-saks kralı öldürüldü. London tutuldu, Vilhelm Fateh adı ilə İngiltərənin kralı oldu. Yerli feodalların torpağını öz vassallarına payladı. İngiltərə torpağının yeddidə birini özünə götürdü. Nəticədə İngiltərədə kral hakimiyyəti gücləndi və mərkəzləşmiş dövlətin əsası qoyuldu.
Litva knyazlığının yaradılması. XI-XII əsrdə — XIII əsrin əvvəllərində Baltik dənizinin cənub-şərqində müasir estonların, litvalıların, latışların ulu babaları yaşayırdılar. Həmin dövrdə onlarda ibtidai icma münasibətləri dağılmağa və feodal münasibətləri yaranmağa başladı. Litva knyazlığı XIII əsrin ortalarında yaranmışdır.
Alman cəngavərlərinin və isveçlərin Şərqə hücumu. XII əsrdə Avropa cəngavərləri estonlar, litvalılar, latışlar üzərinə hücum etməyə başladılar. Onlar Baltikyanı xalqların sərvətini ələ keçirmək və Roma papasının göstərişi ilə onları xristianlaşdırmaq istəyirdilər. Roma papası 1184-cü ildə monax Meynardı xristianlığı yaymaq üçün Litvaya göndərdi. Lakin əhali onu qovdu. Bundan sonra 1198-ci ildə səlibçiləri litvalıların üzərinə göndərdi. Alman cəngavərləri 1201-ci ildə Riqa şəhərinin əsasını qoyub Livoniya ordenini yaratdılar.
Kiyev dövlətinin knyazlıqlara parçalanması. Kiyev Rus dövləti IX əsrin ikinci yarısında yaranmışdı. XI əsrin axırları — XII əsrin əvvəllərində Kiyev dövləti geniş ərazini əhatə edirdi. Lakin möhkəm deyildi. Kiyev knyazlığından varlı və güclü knyazlıqlar meydana gəlmişdi. Natural təsərrüfatın yaranması və feodalların iqtisadi müstəqilliyə can atması, yerli boyar və knyazların siyasi hakimiyyətinin güclənməsi, şəhərlərin siyasi və mədəniyyət mərkəzi kimi meydana gəlməsi feodal dağınıqlığına səbəb oldu.