Uşaqlarda rast gəlinən fobiyalardan biri də həkim fobiyasıdır. Bu uşağın həkim adını eşidərkən qorxması, həyəcanlanması ilə özünü biruzə verir. Eyni zamanda uşaqlar lazımi zamanlarda həkimə getməli olduqlarında ağlayaraq, müxtəlif xoşagəlməz davranışlarla valideynlərinin narahatlığına səbəb olurlar. Bəs uşaqlarda rast gəlinən bu fobiyaya səbəb nədir? Uşaqlarda həkimdən qorxu nə zamandan başlayır?
Yəqin ki, övladınızı körpəlik dövründə həkimə rahat şəkildə apardığınıza diqqət etmisiniz. Səbəb isə onların hələ həkim haqqında heç bir təsəvvürlərinin olmamasıdır. Artıq ətrafı dərk etməyə başlayan uşaq həkimə gedərkən orada ona iynə vurulmasının şahidi olduqdan sonra həkimə getməkdən qorxar. Eyni zamanda, övladınız dəcəlliklər edərkən, sizi dinləmədiyində, yatmadıqda, “Sakit dur, yoxsa həkimə apararam”, “Belə etsən, həkimi çağıracağam, iynə vursun”, “Yat, yoxsa həkim gələcək” kimi ifadələriniz övladınızda həkim haqqında yanlış təsəvvürlər yaranmasına və bu təsəvvürlərin mənfi istiqamətdə inkişafına səbəb olur.