Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsində cəzanın anlayışı verilmişdir. Həmin maddəyə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət — hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Qanunu ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
Cəza, digər dövlət məcburiyyəti tədbirlərindən (inzibati, mülki-hüquqi) aşağıdakı mühüm əlamətləri ilə fərqlənir:
1) Cəza, yalnız cinayət qanunu ilə müəyyən olunur.
2) Cəza, cinayət qanununa uyğun olaraq yalnız məhkəmənin ittiham hökmünə əsasən tətbiq olunur.
3) Digər inzibati, intizam, mülki — hüquqi sanksiyalar ayrıca hakimiyyət, idarəetmə orqanları və yaxud vəzifəli şəxsin adından tətbiq edildiyi halda, cəza yalnız dövlət adından məhkəmə tərəfindən tətbiq olunur. Bu, cəzaya ictimai xarakter verir.
4) Cəza törədilən cinayətə görə tənbehdir.
5) Cəza məhkumluq yaradır; digər dövlət məcburiyyəti tədbirləri belə nəticələr əmələ gətirmir.
6) Cəza, törədilən cinayətin hüquqi nəticəsidir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əksər maddələrinin qanunverici quruluşu elədir ki, cinayətin bir şəxs tərəfindən törədilməsini nəzərdə tutur. Lakin cinayət iki və ya daha artıq şəxs tərəfindən də törədilə bilər. Axırıncı halda, müəyyən əlamətlərin mövcudluğu zamanı cinayətdə iştirakçılıq yaranmış olur. İştirakçılıq zamanı cinayətkarlar öz səylərini birləşdirərək, çox vaxt öz aralarında rolları bölüşdürürlər. Bu, cinayətin törədilməsini asanlaşdırır, cinayətə daha böyük inamla və daha az risklə getməyə imkan yaradır ki, bu da cinayəti daha təhlükəli edir. Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən iştirakı iştirakçılıq sayılır.
İki və daha çox şəxsin cinayətdə iştirakı bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onların hamısının qanunla müəyyən edilmiş yaş həddinə çatmasını və həmçinin cinayət törədildiyi zaman bütün iştirakçıların anlaqlı olmasını nəzərdə tutur. Buna görə də anlaqsız şəxslərin və yaxud yetkinlik yaşına çatmayanların ictimai-təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır.
Bəzən elə hallar olur ki, şəxsin bu və ya digər hərəkəti zahirən cinayətə bənzəsə də əslində, onda heç bir cinayət tərkibi olmur. Bu hərəkətlər, konkret vətəndaşların şəxsi və ictimai mənafelərini və digər vətəndaşların hüquqlarını cinayətkar qəsdlərdən müdafiəsi üçün törədildiyinə görə nəinki cinayət hesab olunmur, əksinə ictimai faydalı əməl kimi həmişə qanun tərəfindən müdafiə edilir.
Bir çox cinayət hüquq ədəbiyyatlarında oxşar hallar əməlin ictimai — təhlükəliliyini və qeyri-hüquqiliyini istisna edən və aradan qaldıran hallar kimi xarakterizə edilsələr də, Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində onlar «Əməlin cinayət olmasını aradan qaldıran hallar» adı altında təsbit olunmuşdur. Cinayət Məcəlləsinin 36-40-cı maddələrini əhatə edən bu hallara zəruri müdafiə, cinayət törətmiş şəxsin tutulması, son zərurət, əsaslı risk, əmrin və ya sərəncamın yerinə yetirilməsi kimi hallar aid edilir.
Hüquq normalarının pozulmasında təqsirli olan şəxslərə tətbiq edilən dövlət məcburiyyəti hüquqi məsuliyyətin müxtəlif formalarında ifadə olunur. Onlardan biri də cinayət məsuliyyətidir.
Hüquqi məsuliyyətin digər formalarından o, yüksək ağırlığı ilə fərqlənir ki, bu da cinayət işləri üzrə hökmün həmişə dövlət adından çıxarılması növündə cəzanın tətbiqi ilə başa çatır.
Cinayət məsuliyyəti cinayət — hüquq münasibətləri çərçivəsində həyata keçirilir (əmələ gəlir, reallaşır, xitam olunur). Cinayət hüquq münasibətləri — cinayət törətmiş şəxslərlə dövlət arasında qanunla tənzim olunan münasibətlərdir. Cinayət hüquq münasibətləri cinayətin törədilməsi anından əmələ gəlir. Məhz bu andan cinayət törətmiş şəxslərin və dövləti təmsil edən ədalət mühakiməsi orqanlarının hüquq və vəzifələri meydana çıxır: dövlətin təqsirli şəxslərə cinayət məsuliyyətini təşkil edən məcburetmə tədbirlərini tətbiq etmək hüququ yaranır. Bununla belə, təqsirli şəxslərə cinayət qanunu ilə müəyyən edilmiş hədlərdə konkret təyin edilməsi onun vəzifəsidir. Öz növbəsində, təqsirli şəxslərin məsuliyyət daşımaq vəzifəsi yaranır.
Cinayət qanunu — Respublikanın ali qanunverici orqanı (Milli Məclis) tərəfindən qəbul edilən — cinayət məsuliyyətinin prinsiplərini və əsaslarını, hansı əməllərin cinayət olduğunu və belə əməlləri törətmədə təqsiri olan şəxslər barəsində tətbiq ediləcək cəzaları, məsuliyyətdən və cəzadan azad etmənin şərtlərini müəyyən edən hüquq normalarından ibarət aktdır.1
Cinayət hüququnun xüsusiyyətləri ondan ibarətdir ki, yalnız cinayət qanunu cinayət hüquq normalarını: əməli cinayət və cəzalanmalı olması, cinayət məsuliyyətinin əsasları, cəzanın sistemi, onun təyin edilməsi şərtləri və qaydalarını, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad etmə və s. normaları özündə əks etdirir. Cinayət qanunu cinayət hüququnun vahid və yeganə mənbəyidir. Heç bir digər hüquqi aktlar və yaxud məhkəmə qərarları cinayət hüquq normalarını təyin edə bilməz.
Qüvvədə olan cinayət qanunvericiliyi (CM. Maddələr 84-92) yetkinlik yaşına çatmayanların yaş xüsusiyyətlərini nəzərə alaraq, onlara tətbiq olunan cinayət məsuliyyəti və cəzanın yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir.
Cinayət qanunvericiliyində yetkinlik yaşına çatmayanların konkret yaş həddi müəyyən edilmişdir. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu şəxslər cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Cinayət Məcəlləsinin 85-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:
Nikah — kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü, bərabərhüquqlu ittifaqıdır. Ailə qanunvericiliyində nikahın bağlanması üçün bir sıra şərtlər nəzərdə tutulmuşdur:
1. Nikaha daxil olan şəxslərin yazılı razılığı.
Bu şərt öz ifadəsini Ailə Məcəlləsinin 11-ci maddəsində tapmışdır. Yazılı razılığın mahiyyəti ondan ibarətdir ki, evlənmək arzusunda olanlar nikahın bağlanması üçün kənardan heç bir təzyiq olmadan, könüllü surətdə yalnız öz iradələrini təsdiq edilmiş formada — yazılı formada ifadə etməklə müvafiq orqana müraciət edə bilərlər.
2. Nikah yaşı.
Ailə Məcəlləsinin 10-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Minimum yaş həddinin qanunvericiliklə müəyyən edilməsində məqsəd ondan ibarətdir ki, nikaha daxil olan şəxslər fiziki, psixoloji və mənəvi cəhətdən yetkin olsunlar. Lakin qanunvericilik burada bəzi istisnalara yol verir. Belə ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Ailə hüququnun müstəqilliyi, onun, hüququn digər sahələrindən fərqli cəhətləri, öz ifadəsini ailə hüququnun prinsiplərində tapmışdır. Həmin prinsiplərə aşağıdakılar daxildir:
1) qadınla kişinin şəxsi və əmlak hüquq bərabərliyi;
2) təknikahlıq;
3) boşanma azadlığı;
4) nikahın bağlanmasında azadlıq və könüllülük;
5) ana və uşaq haqqında dövlət qayğısı, onların mənafeyinin mühafizəsi;
6) ailə münasibətlərinin tənzim olunmasında dinin iştirakına yol verilməməsi;