Qanunvericilik, hüquqyaratma fəaliyyətinin əsas, ən mühüm formasıdır. Qanunvericilik fəaliyyəti dedikdə, ali dövlət hakimiyyəti orqanının qanunlar qəbul etməyə yönəldilmiş fəaliyyəti başa düşülür.
Qanunvericilik fəaliyyəti qanunvericilik prosesi vasitəsilə reallaşır. Parlament qanunvericilik fəaliyyətini yerinə yetirərkən qanunvericilik prosesinə ciddi əməl edir, çünki qanunvericilik prosesinin pozulması qəbul edilmiş qanunun qeyri-legitimliyinə səbəb olur.
Qanunvericilik prosesi, istənilən hüquqi proses kimi aşağıdakı mərhələlərdən ibarətdir:
1) Qanun layihəsi və ya qanun təklifinin verilməsi (qanunvericilik təşəbbüsü);
2) Qanun layihəsinə parlament palataları və komitələrində (komissiyalarında) baxılması;
3) Qanunun qəbul edilməsi;
4) Qanunun sanksiyalaşdırılması, promulqasiya və dərc edilməsi.