Hüquq və qanunvericilik kateqoriyası üzrə məqalələr

Ailə hüququ

Ailə hüququ milli hüququn bir sahəsi olub, Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.
Ailə hüququnun özünəməxsus predmeti, xüsusi məqsədi və prinsipləri vardır. Bunlar ailə hüququnu, hüququn digər sahələrindən fərqləndirir. Şəxsi münasibətlərin nizamlanması ailə hüququnun başlıca məqsədidir. Ailədə əmələ gələn əmlak münasibətləri isə ikinci dərəcəli rol oynayır və şəxsi münasibətlərdən asılıdır.

Davamı →

Əmək müqaviləsi

Azərbaycan Respublikasında əmək azaddır. Hər bir vətəndaş əməyə olan qabiliyyətini həyata keçirərkən — fəaliyyət növünü və peşəsini seçməkdə azaddır. Məcburi əməyin qadağan olunması əsas nailiyyətdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunub.
Respublikamızda vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata keçirə bilərlər.
  1. əmək müqaviləsini bağlamaqla;
  2. seçkili vəzifələrə seçilməklə;
  3. gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat üzrə işə göndərməklə;
  4. şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə.
Davamı →

İnsan və vətəndaşın əsas hüquq və azadlıqlarının təsnifatı

Şəxsi (mülki) hüquqların təyinatı vətəndaş cəmiyyətində fərdin azadlığını və muxtariyyətini təmin etməkdən, hər-hansı kənar qanunsuz müdaxilədən onun hüquqi müdafiəsini təşkil etməkdən ibarətdir. Mülki hüquqların üzvi əsası və əsas vəzifəsi ondan ibarətdir ki, hər bir şəxsiyyətin inkişafının fərdi, daxili oriyentirlərinin üstünlüyünü təmin etsinlər.
Bu kateqoriya hüquqlar onunla xarakterizə olunurlar ki, dövlət, müəyyən münasibətlər sferasında şəxsiyyətin azadlığını tanıyır. O, neqativ adlandırılan azadlığı təmin edir. Hər bir fərdin atributu olan bu hüquqların vəzifəsi şəxsi maraqların fəaliyyət sahəsini müdafiə etməkdən, şəxsiyyətin fərdi özünü realizə etməsinin təmin edilməsindən ibarətdir.

Davamı →

Kollektiv müqavilə və saziş

Kollektiv müqavilə və saziş hal-hazırda əmək münasibətlərinin tənziminin müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış edir.
Əmək Məcəlləsinin 3-cü maddəsinə görə kollektiv müqavilə işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.
Bazar iqtisadiyyatına keçid dövründə kollektiv müqavilə, əməyin şərtlərini, habelə müəssisənin işçiləri üçün əmək şəraitinin təmin edilməsi ilə sıx bağlı olan digər məsələləri müəyyən edən hüquqi akt kimi çıxış edir.
Kollektiv müqavilənin bağlanmasında kollektiv danışıqlar aparmaq hüququ başlıca yer tutur. Kollektiv müqavilənin istənilən tərəfi kollektiv danışıqların təşəbbüsçüsü ola bilər. Təşəbbüskar tərəf danışıqların başlanması haqqında digər tərəfi yazılı surətdə xəbərdar edir. Xəbərdar olunan tərəf on gündən gec olmayaraq danışıqlara başlamağa borcludur. Əgər müəssisədə həmkarlar ittifaqları təşkilatı yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır.

Davamı →

Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi

Mülkiyyət hüququ elə subyektiv hüquqlara aiddir ki, o müəyyən hüquqi faktların olması və yaxud onların məcmusu zamanı əldə edilir. Belə hüquqi faktlar mülkiyyət hüququnun əldə edilməsi əsasları (üsulları) adlanır.
Mülkiyyət hüququnun əldə edilməsi üsulları ilkin və törəmə olmaqla iki yerə bölünür. İlkin və törəmə üsulların fərqləndirici kriteriyalarına gəlincə, birincisində kriteriya kimi iradəvi, ikincisində isə hüquq varisliyi əsas götürülür.
İradəvi kriteriya tərəfdarları hesab edirlər ki, mülkiyyət hüququnun əldə edilməsinin ilkinə elə üsullar aiddir ki, bu zaman mülkiyyət hüququ iradədən asılı olmayaraq əldə edilir. Törəmədə isə mülkiyyət hüququ mülkiyyətçi sələfin iradəsindən asılı olaraq əldə edilir.
Hüquq varisliyi üsullarının tərəfdarları isə ilkinə o üsulları aid edirlər ki, onun əsasında hüquq varisliyi yoxdur, törəmədə isə üsullar hüquq varisliyinə söykənir.

Davamı →

Məşğulluğun və işədüzəltmənin təmin edilməsi

Azərbaycan Respublikası ərazisində vətəndaşların əməklə bağlı hüquqlarının həyata keçirilməsinin təmin edilməsi və məşğulluq problemlərinin nizama salınmasında «Məşğulluq haqqında» Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli qanunu mühüm əhəmiyyət kəsb edir. Lakin məşğulluq haqqında Azərbaycan Respublikası qanunvericiliyi yalnız bu qanundan deyil, həmçinin, Respublika Konstitusiyasından, Əmək Məcəlləsindən, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Məşğulluq haqqında respublika qanunvericiliyi əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifi tarazlaşdırmaq siyasətini həyata keçirir. O, vətəndaşların hüquqi müdafiəsinin güclənməsinə və müəssisələrin lazımi kadrlarla təmin olunmasına kömək edir.

Davamı →

Əmək hüququ

Ümumi hüquq nəzəriyyəsindən məlum olduğu kimi, hüququn sahələrə və institutlara bölünməsi, hüquqi tənzimetmənin predmet və metodları nəzərə alınmaqla həyata keçirilir. Bu predmetin müəyyən edilməsi həmin hüquq sahəsinin normaları ilə nizama salınan ictimai münasibətlərin təyin edilməsi və onların müəyyən qruplarda təsnifləşdirilməsi deməkdir.
Əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur.
Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir.

Davamı →

Mülkiyyət hüququnun müdafiəsi

Mülkiyyət hüququnun müdafiəsi mülki, cinayət və digər hüquq elmlərinin ən mühüm problemlərindən biridir. Məlumdur ki, hüquqi dövlət quruluşu olan cəmiyyətlərdə mülkiyyət-iqtisadi münasibətləri həmişə hüquqi təminata bağlıdır. Bu öz əksini respublikanın yeni qəbul edilmiş Konstitusiyasında da tapmışdır. Mülkiyyət toxunulmazlığı, vətəndaşların şəxsi işlərinə özbaşına müdaxilənin yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsi, mülkiyyət hüququnun bütün formalarının bərabərliyi və s. prinsipləri təsbit etməklə Konstitusiya mülkiyyət hüququnun müdafiəsini dövlətimizin ən mühüm vəzifələrindən biri hesab edir.
Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülməlidir. Göstərilən vasitələr özünün hüquqi təbiətinə görə bir neçə qrupa bölünür.

Davamı →

Mülkiyyət hüququnun formaları və növləri

Mülkiyyət hüququnun forma və növləri məsələləri təkcə nəzəri cəhətdən deyil, həm də praktik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Konkret şəxsə məxsus olan əmlakın mülkiyyət hüququnun hansı forma və növünə aid olması əmlakın hüquqi rejimini və eyni zamanda mülkiyyətçinin həmin əmlaka olan sahiblik imkanları spektrini müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiyası mülkiyyətin üç formasını — dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasını təsbit etmişdir. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
Dövlət mülkiyyət hüququ. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə belə, istehsal fondları strukturunda dövlət mülkiyyəti mühüm çəkiyə malikdir. Əsas həyati təminat yaradan maddi ehtiyatların (ərzaq, yanacaq və s. vəsaitlərin) əsas hissəsi dövlətin əlindədir. İstehsal, sosial-mədəni və s. təyinatlı obyektlərin böyük bir hissəsinin dövlət mülkiyyətində olması iki amillə bağlıdır.

Davamı →

Mülkiyyət hüququ

Mülkiyyətçilik elə anlayışlara aiddir ki, onun ətrafında uzun əsrlər boyu insanların düşüncələri qarşı-qarşıya gəlmişdir. Lakin, təkcə nəzəri döyüşlərlə iş bitmir. İnsanların mülkiyyətçilik münasibətlərinin dəyişdirilməsi, bu sahədə yeni münasibətlərin bərqərar olunması uğrunda mübarizələri bütün dünyada həmişə sosial təbəddülatların meydana gəlməsinə səbəb olmuşdur. Bu mübarizələr bəzən müvəffəqiyyətli, bəzən də çox uğursuz nəticələrə səbəb olmuşdur. Olmuşdur ki, cəmiyyət, həqiqətən, öz inkişafının yeni, daha yüksək pilləsinə qalxmışdır. Lakin, mülkiyyətçilik münasibətlərinin dağıdılması nəticəsində cəmiyyətin çox geri düşməsi və bu gerilikdən uzun müddət çıxa bilməməsi halları da olmuşdur.
XX əsrdə bizim ölkəmizdə mülkiyyətçilik münasibətlərinin iki dəfə dağıdılması prosesi baş vermişdir. Birinci dəfə bu fəlakətlə nəticələnmiş və nəticələri neçə-neçə nəsli korlamış olan 1920-ci ilin aprelində başlanmışdır. İkinci dəfə isə bizim günlərdə baş verir. Onun əsas məqsədi mülkiyyətçilik münasibətlərini onun əsl mahiyyətinə qaytarmaq, indiki rejimin sosial dayağı ola biləcək xüsusi mülkiyyətçilərin geniş təbəqəsini yaratmaqdan ibarətdir. Beləliklə, nə deməkdir mülkiyyət?
Davamı →
Top