Hüquq və qanunvericilik kateqoriyası üzrə məqalələr

Məhkəmə hakimiyyəti

Hər bir demokratik dövlətdə dövlət hakimiyyəti hüquqi dövlətin əsas prinsipi olan «hakimiyyət bölgüsü» əsasında təşkil edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsində bu prinsip əks olunmuşdur: Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Hər bir hakimiyyət qolu demokratik cəmiyyətdə müəyyən rolu yerinə yetirir. Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu isə müxtəlif hüquqi mübahisələrdə Konstitusiyada, qanunlarda, qanun qüvvəli aktlarda və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüququn aliliyini təmin etməkdir.

Davamı →

Prezidentin seçilməsi və səlahiyyətlərinin xitam edilməsi qaydaları

Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər. Konstitusiyaya görə prezident 5 il müddətinə seçilir və heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin seçilmə qaydası 2003-cü il 27 may tarixli «Azərbaycan Respublikasının Seçki Məcəlləsi» ilə tənzimlənir. Məcəlləyə görə Prezident seçkilərinin keçirilməsi günü Mərkəzi Seçki Komissiyası tərəfindən seçki gününə azı 120 gün qalmış təyin olunur. Seçki günü prezidentin səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü hesab olunur.

Davamı →

Azərbaycan Respublikası Prezidentinin statusu

Müasir sivilizasiya, həyatın digər sahələrində olduğu kimi dövlət quruculuğu sahəsində də əldə edilən yeni-yeni nailiyyətlərlə xarakterizə edilir.
İdarəetmə forması kimi prezidentli respublika ilk dəfə 1787-ci il-də ABŞ-ın Konstitusiyasında təsbit edilmişdir. Lakin dövlətin funksiyalarının hakimiyyət orqanları arasında bölüşdürülməsi bir anlığa baş verməmişdir. ABŞ-da təsis olunmuş prezidentlik institutu özünün nəzəri əsasını hakimiyyətin bölgüsü nəzəriyyəsindən götürmüşdür. Hakimiyyətin bölgüsü nəzəriyyəsi də ilk dəfə XVIII əsrdə Monteskyö tərəfindən irəli sürülmüşdür. Monteskyö hakimiyyətin bölgüsü nəzəriyyəsini irəli sürərkən o nöqteyi-nəzərdən çıxış edirdi ki, «harada hakimiyyət ciddi şəkildə bölüşdürülməyibsə, orada azadlıq ola bilməz».
Müxtəlif dövlətlərdə prezidentlik institutu ayrı-ayrı dövrlərdə idarəetmə formasından asılı olaraq tətbiq olunmuşdur.
Davamı →

Milli Məclis deputatının hüquqi statusu

Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür adlandırılır. Məsələn, Böyük Britaniyada, ABŞ-da yalnız aşağı palatanın üzvləri parlament üzvü hesab olunur. Onlar ABŞ-da konqresmen adlandırılır. Bolqarıstanda parlament üzvləri xalq nümayəndəsi, Türkiyədə isə millət vəkili adlanır. Azərbaycanda isə parlamenti (Milli Məclisi) Azərbaycan Respublikasının deputatları təşkil edir. «Deputat» termini serb sözü olub hərfi mənası «elçi göndərilmiş» deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Sual yaranır: bu fünksiyanı həyata keçirən zaman deputat kimin mənafelərini ifadə edir, xalqın, yoxsa yalnız onu seçənlərin, öz elektoratının?

Davamı →

Milli Məclisin fəaliyyəti

Azərbaycan Respublikası Konstitusiyasının 7 və 81-ci maddələrinə görə Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Milli Məclis 125 deputatdan ibarət tərkibdə fəaliyyət göstərir. Milli Məclisin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Daxili nizamnaməyə görə Milli Məclis öz fəaliyyətində aşağıdakı prinsipləri üstün tutur:


  • aşkarlıq;

  • siyasi plüralizm, çoxpartiyalılıq;

  • məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması.
Davamı →

Milli Məclisin səlahiyyətləri

Hakimiyyət bölgüsü mexanizmində ən əsas vasitə hakimiyyətin bölünməsini təmin edən elementlər — səlahiyyətlərdir. Məhz bu səlahiyyətlərin bir-birinə olan münasibətindən, onların həcmindən asılı olaraq hakimiyyət bölgüsünün mövcud olub olmadığını demək olar. Ona görə də hakimiyyət bölgüsünü analiz edərkən, əsas diqqət onlara yetirilməlidir. Hakimiyyət bölgüsünün elementləri bu və ya digər hakimiyyət budağına aid edilən bütün səlahiyyətləri əhatə etmir. Buraya məhz o səlahiyyətlər aiddir ki, hakimiyyət budaqlarının bir-birinə təsir etməsi, bir-birinin fəaliyyətinə müdaxilə etməməsi və nəzarət etməsini təmin edir. Bu səlahiyyətlər istisnasız olaraq məhz hakimiyyət bölgüsü mexanizminin həyata keçirilməsi naminə müdaxilə imkanmı təmin etməlidir. Başqa sözlə, bu səlahiyyət mütləq digər hakimiyyət budağına yönəlməli, ən başlıcası onun fəaliyyət sahəsinə təsir etməyə imkan verməlidir. Lakin iş sadəcə olaraq bununla bitmir. Ayrı-ayrı hakimiyyət budaqlarının bölgüsü sistemində tutduğu yeri müəyyənləşdirmək üçün onların formalaşdırılması əsaslarını, təyinatını müəyyən edən normalar da nəzərə alınmalıdır.

Davamı →

Qanunvericilik hakimiyyəti

«Parlament» termini ingilis sözüdür. İngilislər isə bu termini fransızca «parler» — «danışmaq» sözündən götürüblər. Lakin məhz Fransada deyil, İngiltərədə qanunverici orqan «parlament» adlandırılmışdır. Onu da qeyd edək ki, inqilabaqədərki Fransada parlament əyalət məhkəməsinə deyilirdi və yalnız sonralar bu termin ingilis sözünün ekvivalentinə çevrilmişdi. Parlament Monteskyönün ayırdığı üç hakimiyyətdən birini -qanunvericilik hakimiyyətini həyata keçirir. O, xalqın mandatını almış nümayəndələrdən ibarətdir və xalqın mənafelərini ifadə edir.
Dünyada ilk parlamentli dövlət sayılan İngiltərə, parlamentarizm ənənəsinə malik bir ölkədir. Müstəqil Azərbaycan Respublikası da İngiltərənin və digər qabaqcıl dövlətlərin parlamentarizm ənənəsini özündə təcəssüm etdirir. Buna görə də Azərbaycan parlamentarizminin tarixi dünya təcrübəsi ilə qarşılıqlı əlaqədə öyrənilməlidir.

Davamı →

Vətəndaşlıq

Vətəndaşlıq məfhumu hələ qədim Afina və Romada tətbiq olunmuşdur. Burada vətəndaşlıq azad insanlara məxsus idi. Orta əsrlərdə isə vətəndaşlıq məfhumu təbəəliklə əvəz olundu.
Konstitusiyamızın 52-ci maddəsində və «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» 1998-ci il 30 sentyabr qanununun 1-ci maddəsində göstərilir: «Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır».
Bəzi müəlliflər hesab edirlər ki, şəxs dövlətə yalnız totalitar rejimdə mənsub ola bilər. Amma bu fikir düzgün deyil. Çünki şəxsin dövlətə mənsubluğu dedikdə, onun dövlətin yurisdiksiyasında olması başa düşülür.
Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir.
Davamı →

Hüquqi məsuliyyət

Hüquqi məsuliyyət hüquq pozuntusu törətmiş şəxs üçün arzuolunmaz nəticələrlə ifadə olunur. Hüquqi məsuliyyətin əmələ gəlməsinə əsas hüquq pozuntusunun törədilməsi faktıdır. Hüquqi məsuliyyət dövlətlə, hüquqla sıx əlaqədardır. Dövlət hüquq normalarını (ümumməcburi davranış qaydaları) müəyyən edərək, həm də hüquqazidd davranışa görə hüquqi məsuliyyəti də nəzərdə tutur.
Hüquqi məsuliyyətin fərqli əlaməti — hüququ pozan şəxsin hüququn tələblərini icra etməsinə dövlət məcburiyyətidir. Dövlət məcburiyyəti nədir? Əvvəla, bu vurulmuş ziyanın, dəbbə pulunun məcburi ödənilməsi, başqa şəxslərin pozulmuş hüququnun bərpası üzrə vəzifələrin qoyulmasıdır.
Davamı →

İnsan və vətəndaşın hüquqi statusu

Vahid hüquqi statusa mənsub olan hər bir insanın hüquqlarının həcmi müəyyən dərəcədə, bu fərdin insan yoxsa, vətəndaş kimi çıxış etməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası əsas hüquq və azadlıqları «insanın» və «vətəndaşın» hüquq və azadlıqlarına bölməklə fərqləndirir.
Belə sual yarana bilər ki, bu cür fərqləndirmənin, insanın ikiləşdirilməsinin mənası nədir? Bu hər şeydən əvvəl vətəndaş cəmiyyətində şəxsiyyətin özünümüəyyən etməsini, özünürealizəsini, onun hər hansı qanunsuz müdaxilədən muxtariyyətini və müstəqilliyini təmin etməkdən ibarətdir.
Vətəndaş hüquqları fərdin dövlətlə münasibətlər sferasını əhatə edir. Burada o, yəni fərd, təkcə öz hüquqlarının qanunsuz müdaxilədən müdafiə olunmasına deyil, həmçinin də dövlət tərəfindən onların həyata keçirilməsinə aktiv dəstək olunmasına ümid edir.

Davamı →
Top