Xristianlığın formalaşmasında apologetlər çox əhəiyyətli fəaliyyət göstərmişdirlər. Lakin o dövrdə Xristianlıq hələ sistemləşmiş bir təlim halına gəlməmişdi. Bütpərəst fəlsəfi doktrinalarda mübarizə aparmaq üçün isə fundamental, sistemləşmiş və hərtərəfli bir nəzəriyyə yaratmaq lazım idi. Ona görə də, bir neçə xristian mütəfəkkiri bu çətin işlə məşğul olmuşdur. Bu işdə ən böyük nailiyyətləri İsgəndəriyyədə II əsrdə təsis edilən ilahiyyat məktəbinin nümayəndələri əldə etmişdirlər.
Bu məktəb Xristianlığın əsasları ilə tanış olmaq və onu qəbul etmək istəyənlər üçün açılmışdır. Eyni zamanda bu məktəb ən savadlı təbəqələrin xristian təliminə marağı oyatmaq istəyirdi. Lakin bunun üçün təkcə dini ehkamların tədrisi kifayət etməzdi. Ona görə də burada fəlsəfi fəndlərə də böyük əhəmiyyət verilirdi. Dini ehkamlarla antik mədəni və fəlsəfi irsin bir-birinə yaxınlaşması, uyğunlaşması siyasəti aparılırdı. Burada çalışan alimlər bu yaxınlaşmaya nail olmayaraq Xristianlığın yayılmasının mümkün olmamasını anlayırdılar və bu istiqamətdə məqsədyönlü iş aparırdılar.
Ptolemeylərin hakimiyyəti altında olan Misir ellinizm dövründə ən inkişaf etmiş ölkələrindən biri idi. O, eyni zamanda qədim dünyanın mədəniyyət mərkəzlərindən biri idi. Məhşur kitabxanası olan İsgəndəriyyə şəhərində müxtəlif ölkələrdən gəlmiş tanınmış alimlər çalışırdı. Ptolemeuslar həm də müxtəlif dinlərin və dini ənənələrin bir-biri ilə yaxınlaşması, onların ziddiyyətlərini ortalıqdan qaldırılma siya-sətini aparırdılar. Bunun nəticəsində dini-fəlsəfi sinkretizm meylləri güclənmişdi.
Bu prosesə İsgəndəriyyədə yaşayan çoxsaylı yəhudi icması da cəlb edilmişdi.
Yəhudilərin çoxu öz doğma dillərini unudub yunanca danışırdılar və yunan mədəniyyətinin bir çox elementlərini mənimsəmişdirlər. Lakin, eyni zamanda, yunanlar və İsgəndəriyyədə yaşayan başqa xalqlar da yəhudilər vasitəsilə Yaxın Şərq mədəniyyəti ilə yaxından tanış olmuşdurlar.