Bayırda xırda- xırda aramsız yağış yağır. Ta uşaqlıqdan bu yağışı sevirəm, ta uşaqlıqdan belə aramsız, soyuq yağış yağanda sirli bir qəmə qərq oluram. Külək vıyıldayır ,yağış pəncərəmə çırpılır. Hava tutqun, bozumtuldur. Özümü əsir düşmüş vəhşi kimi hiss edirəm, içimdə sanki tənha bir yalquzaq ulayır. Hara isə qərib-qərib ellərə getməyim gəlir, qərib-qərib duyğular içimi bürüyüb, xəyalım uzaq bir şəhərin küçələrini gəzir.
O şəhərin yağışdan islanmış otları sanki ayağım altındadır; pəncərəsinə yağış çilənmiş mağazalar, başı üzərində çətir tutmuş adamlar , budaqlarından su damcılayan al- qırmızı bəzənmiş quşarmudları...
Nə istəyir içimdəki tənha, qərib yalquzaq? Dünyadan istədiyi nədir? Nə üçün belə dərdli-dərdli soyuq, yağışlı Moskva meşələrini, Medvedko bazarını xatırlayır? Nə üçün həmişə quru meyvə aldığım o özbək qadının siması xatirimdə belə əziz bir surət kimi qalıb ? Nə çoxdur Bakıda bazarlar və quru meyvə satan qadınlar...
Nədəndir könlüm yalnız o Medvedko bazarını, o qadını istəyir nədən ?
Nədəndir ürəyim belə dərdli- dərdli çırpınır; ağlamaq istəyirəm, lap elə bayırda əsən külək kimi ulamaq istəyirəm.
Nədən ? Hara gedir bu günlər, ömür- gün niyə belə tələsir axı ?
Niyə görə uşaqlığımın bir səhnəsi bu gün gəlib ğözümün önündən asılıb; cəpərə ayağımı keçirib durmuşam, çəpərin o üzündəki Güləsmə ilə yumurta döyüşdürürəm. Nədəndir ikimərtəbə daş evimiz, böyük bağçamız xəyalımda belə aydın canlanır? Hətta nənəmin uzun, qara tumanının qırçınları, əmim arvadının nazik biləyindəki qızıl saat ,əmim qızının güllü, uzun, narıncı donu lap elə bil gözümün qabağındadır.
Elə bil, bu xatirələr elə aramsız yağış damlalarıdır xəyalıma damcılayır. Yağış güclənir, xatirələr çoxalır.
Ah, elə belə yağışlı bir gün idi; qızılca çıxartmışdım və anam məni bayıra buraxmırdı; pəncərənin qarşısında oturub bayıra baxırdım. Elə o vaxt da içimdə tənha, balaca bir yalquzaq var idi. Və mən onda da beləcə darıxırdım, amma o vaxt o darıxma hələ özümə belə aydın deyildi ; elə bilirdim həyətdə oynamaqdan ötrü darıxıram. Bu gün də həyatımın həmin darıxdırıcı, soyuq , aramsız yağışı yağır; bu damlalara qarışıb mənim də yağmağım, ağlamağım ,nəyisə nəql etməyim gəlir. Nənəmi könlüm istəyir, Vəfanı könlüm istəyir, Güləsməni, Süsəni könlüm istəyir. Yağışdan sonra boy atıb dada gələn qanqal zoğları istəyir könlüm. Bağçamızdakı beşinci ağacın şirin, dadlı alçaların duza batırıb yemək istəyirəm. Sonra da Moskva düşür yadıma...Oğlumun Moskvada getdiyi bağça yadıma düşür; yeni il bayramı, Şaxta baba, Qar qız yadıma düşür, oğlumun şeir deməyi,o günkü təzə geyimim yadım düşür.
Nədəndir belə darıxdırır bu yağış məni? Bəlkə, hardasa keçmiş illərdə , günlərdə yaşayan ruhum bu yağışda islanıb boy atır, hardasa uzaq- uzaq şəhərlərdə , kəndlərdə qalan günlərim bu yağış damlalarına qarışıb xəyalıma damcılayır. Ya bəlkə, bu yağış mənim və mənim kimi neçə- neçə insanın taleyinə tökdüyü göz yaşıdır- zaman- zaman yaranan, yaşayan, duyan , düşünən, həyatla barışa bilməyən insanın. Bəlkə, Təbiət də hərdən ovuna bilmir, için-için ağlayır belə?
Mənsə yağışa düşmüş ,əzilmiş, bürüşmüş bir çiçək misalındayam. Həyatımı özüm yox, bu yağış damlaları idarə edir. Damlalar başıma döyür , göz yaşlarım aramsız axıb bu soyuq yağış sularına qarışır. Nə bilim...