Ədəbiyyat kateqoriyası üzrə məqalələr

Yaxşı Brahmanın başına gələnlər | Volter

VolterDünyanı gəzib-dolaşdığım çağlarda bir qoca brahmanla tanış oldum, o, çox müdrik, itiağıllı, oxumuş bir kimsə idi; bundan başqa da, çox varlı olduğu üçün, nə kimsədən qazanc güdər, nə də kimsəni aldatmağa çalışardı, bu isə onun müdrikliyini bir az da artırırdı. Onun ev diriliyi üç gözəl qadının əlində idi, bunlar onun qulluğunu yetərincə gətirir, ürəyindən keçənlərin hamısını yerinə yetirirdilər; brahman bu qadınlarla əylənməkdən başqa, qalan bütün boş vaxtını dərin düşüncələrə dalmaqla keçirərdi.
 
Brahmanın qonşuluğunda, çox gözəl bağlı-bağatlı bir evdə, qoca indus qadın yaşayırdı — bu qarı, qatı inanclı, kütbeyin, çox da yoxsul idi.
 
Bir gün brahman üzünü mənə tutub dedi: “Mənə elə gəlir, doğulub bu dünyaya gəlməsəydim çox-çox yaxşı olardı”. Mən ondan nədən belə düşündüyünü soruşdum. O mənə bunları dedi: “Mən qırx ildir, günümü oxuyub öyrənməklə keçirməkdəyəm, ancaq indi görürəm, bu qırx il boş-boşuna keçib gedibdir; mən başqalarını öyrətsəm də, özüm heç nə bilmirəm; bu məni elə alçaldır, çiyrəndirir, artıq bu sayaq yaşamaqdan bezmişəm.
Davamı →

İntizar | Qoderzi Çoxeli

— Mənə elə gəlir, kiminləsə görüşməliyəm.
— Kiminlə?
— Nə bilim.
— Bəs, onda niyə elə gəlir sənə?
— Bilirsənmi, mən onu sevirdim.
— Nə vaxt?
— Bilmirəm nə vaxt, yəqin qabaqlarda.
— Yenə də. Düzü?
— Anadan olmamışdan qabaq.
— Başa düşmədim.
Davamı →

Yadlaşma | Qoderzi Çoxeli

Şuğliani Givi birdən geriyə boylanıb qorxdu. Yox, yola ha boylanmadı, öz həyat yoluna boylandı. Heç özü də bilmədi, bu qədər vaxt necə keçdi.

Toylara gedirdi.

İçirdi.

Şerləşirdi.

Harda yaxşı şair sorağı olardı, onun yanına gedərdi.

Ova gedərdi.

Bu günsə, geri boylanıb, başa düşdü ki, hədər yerə çoxlu vaxt gedib.

Davamı →

Mənim ağaclarım | Turgenyev

Varlı mülkədar, zadəgan olan keçmiş universitet yoldaşımdan məktub aldım. O, məni öz malikanəsinə dəvət edirdi.
Bilirdim ki, o, xeyli vaxtdır xəstədir, gözləri tutulmuş, iflic olmuşdu, zorla yeriyirdi… Yanına getdim.

Onu böyük parkın xiyabanlarından birində tapdım. Yay olduğuna baxmayaraq kürkə bürünmüşdü, sısqa, zəif idi, beli bükülmüşdü, gözlərinin üstünə yaşıl günlük taxmışdı, o, arxadan iki zəngin geyinmiş lakeyin itələyib sürdüyü kiçik arabada əyləşmişdi. Mənim gəldiyimi bildikdə sanki qəbirdən çıxan boğuq bir səslə dedi:
Davamı →

Çiçək və ümid | Ayşe İlker

Uşaqlığımın yeddi yaşına qədərki qızıl dövrü tütün tarlalarında keçdi. Qızıl çağı ona görə deyirəm ki, rəngləri, çiçəkləri, ağacları, kiçik böcəkləri, incəcik ilan balalarını, badam qabıqlarını, dəvətikanlarını tanıdığım çağdır bu. Məndə izlərini, içimdəki sehrlərini baxışlarıma hopduran çağ.

Sanki hər şey mənə gülümsəyirdi: torpaq, göy üzü, badam ağacları, gecə-gündüz çiçəkləri… Ən gözəl gülümsəyən də tünd çəhrayı açmış çiçəkləri ilə üzə gülən gecə-gündüzlərdi.

Axşam vaxtı göy üzü hüzura bürünər, qovaq yarpaqları nazlı-nazlı qımıldanar və biz ayaqlarımızı yumaq üçün bulağın başına enərdik. Yaşlı adamın öskürməyi və ya xırıltılı nəfəs almağı kimi çıxardı su nasosunun səsi. Bu səs bütün tarlanı bürüyür, evin böyükününü verdiyi təpəri verirdi. Sus nasosunu bəzən babama bənzədirdim. Babam da öskürür, hər öskürəndə səsi onun var olduğunu isbat edirdi.
Davamı →

Sərçə | Turgenyev

Mən ovdan qayıdır, bağın xiyabanı ilə gedirdim. İt qabaqda qaçırdı.

Birdən o, addımlarını yavaşladı və quş duymuş kimi yerə yatıb gizlincə irəli yeriməyə başladı.
Xiyabanı diqqətlə süzüb, dimdiyinin yanında sarılıq və başında pərqu olan körpə bir sərçə gördüm. Yuvadan düşmüşdü (külək xiyabanın toz ağaclarını bərk yırğalayırdı), təzəcə çıxan qanadlarını aciz halda açaraq hərəkətsiz oturmuşdu.

İtim yavaş-yavaş ona yaxınlaşırdı. Birdən qara döşlü qoca sərçə yaxındakı ağacdan daş kimi qopub düz itin qabağına düşdü və tükləri pırtlaşmış, eybəcərləşmiş bir halda, ümidsizcəsinə və yazıq-yazıq civildəyə-civildəyə iki dəfə itin iri dişli açıq ağzına tərəf atıldı.
Davamı →

Dilənçi və Almaz | Stiven Kinq

Müəllifin qeydi: Əsli hind pritçası olan bu kiçik hekayəti mənə ilk dəfə Skarsdeyldən (Nyu-York) olan cənab Surendra Patel söyləmişdi. Mən hekayətə sərbəst şəkildə dəyişikliklər etmişəm və ona görə də orijinal versiyanı – hindu ilahı Şivanın və onun arvadı Parvatinin əsas personajlar olduğu versiyanı bilənlərdən üzr istəyirəm.
Stephen King
Bir gün mələk Uriel üzündə kədər Allahın yanına gəldi.
“Nə olub?”, – Allah soruşdu.
“Çox kədərli səhnə gördüm”, – Uriel cavab verdi və sonra barmağı ilə göstərib: “Orda aşağıda”, – dedi.

“Yerdə?” – Allah soruşdu və gülümsədi. “Həə, orda kədər az deyil. Gəl baxaq.”

İkisi də əyilib baxdılar. Lap uzaqda, Çandrapurun ətrafında, cır-cındır içində, kənd yolunda zorla addımlayan bir adam gördülər. Adam çox arıq idi, əllərini və ayaqlarını yara qasnaqları basmışdı. Tez-tez itlər ona hürüb arxasınca düşürdülər. Amma o heç vaxt – itlər onun dabanından tutanda da – çevrilib əlindəki ağacla onları qovmurdu. Sadəcə axsayan sağ ayağını sürüyüb yoluna davam edirdi. Bir dəfə qəşəng, üzlərindən tox görünən uşaqlar böyük bir evdən çıxdılar və adam öz dilənçi kasasını onlara uzadanda gülərək onu daşa basmağa başladılar.

“Rədd ol burdan, murdar!”, – biri qışqırdı. “Get çöllüyə, orda da öl!”
Bu yerdə Urielin gözlərindən yaş axmağa başladı.

“Bəsdir, bəsdir”, – Allah onun çiyninə vurdu, “Mən elə bilirdim sən möhkəm materialdan düzəlmisən.”

Uriel gözlərinin yaşını silə-silə: “Hə, əlbəttə”, – dedi. “Mənə elə gəldi ki, aşağıdakı bu adam, Yer övladlarının taleyinə düşən bütün bədbəxtlikləri özündə cəmləşdirib.”
Davamı →

Bədbəxtlik | Frans Kafka

Bir noyabr axşamında artıq dözə bilməyəndə, otağımdakı ensiz xalçanın üstündə qaçış meydançası kimi irəli-geri gedəndə, pəncərədən işıqlı küçəni görüb qorxanda, tez geri dönəndə, otağın o biri başındakı güzgünün dərinliklərində yeni bir amac sezəndə, nəsə bir səs eşitmək üçün qışqırnda, hay verən də olmayanda, bu səs öz-özünə yüksələndə və hətta kəsəndən sonra da eşidiləndə, sanki divardan bir qapı açıldı, özü də bərk açıldı, çünki tələsmək lazım idi və küçədəki qoşqu atları da fınxıraraq döyüş medanındakı atlar kimi şahə qalxdılar.

Lampası hələ yandırılmamış zil qaranlıq dəhlizdə kabus kimi bir uşaq peyda oldu, azacıq titrəyən döşəmə tirinin üstündə barmaqlarının ucuna qalxıb dayandı. Otağın alaqaranlığı onun gözlərini qıcıqlandırdı, əlləri ilə üzünü tutmaq istədi, ancaq pəncərəyə tərəf baxıb ordan küçə fənərlərinin göydə çarpazlaşaraq qaranlığa qarışan işıqlarını görəndə sakitləşdi. Açıq qapının ağzında sağ dirsəyini divara söykəyib dayanmışdı və yan-yörəsindən içəri dolan külək onun dizlərindən tutmuş boğazına, gicgahına qədər hər yerini “sığallayırdı”.

Ona bir az tamaşa edəndən sonra dedim:
— Günaydın!

Və əlimi uzadıb pencəyimi götürdüm ki, onun qarşısında belə yarıçılpaq vəziyyətdə dayanmayım. Hətta bu sözü deyib qurtarandan sonra ağzımı bir az da açıq saxladım ki, içimi sarmış həyəcan nəfəsimlə bayıra çıxsın. Ağzımda nəsə bir pis dad hiss elədim, gözlərim səyriməyə başladı. Bir sözlə, mənə heç nə olmamışdı, sadəcə, çoxdan gözlədiyim “qonağım” gəlmişdi.

Davamı →

Milan Kunderanın “Bilməmək” romanından bir parça

Dönüş, yunanca “nostos” deməkdir. “Algos”, kədər mənasını verir. Yəni nostalji doyurulmamış dönüş arzusundan qaynaqlanan kədərdir. Avropalıların çoxu bu  əsas anlayışı ifadə etmək üçün yunan kökənli bir söz (nostalgie, nostalgia), sonra kökü öz milli dillərindən gələn başqa sözlərdən istifadə edə bilirlər: ispanlar “añoranza” deyir, portuqaliyalılar “saudade” istifadə edir.

Bu sözlər hər dildə fərqli semantik nüans ifadə edir. Əksərən sadəcə ölkəyə dönüşün mümkünsüzlüyünün səbəb olduğu hüznü bildirirlər; doğulub-böyüdüyü yerə qovuşmaq həsrəti, qürbət acısı. İngilis dilindəki “homesickness”, ya da alman dilindəki “Heimweh”, holland dilindəki “heimwee”. Ancaq bu böyük bir anlayışın sıxışdırılması anlamına gəlir. Ən qədim Avropa dillərindən olan island dilində iki ayrı termin istifadə edilir: “söknudur” əsasən nostalji  mənasındadır və “heimfra”  doğulub-böyüdüyü yerin həsrətidir.

Çexlər yunan dilindən götürülmüş nostalji sözü ilə bərabər bu anlayışı ifadə etmək üçün “stesk” ismini və öz fellərini istifadə edilər; çex dilində ən təsirli sevgi cümləsi: “Styska se mi po tobe” – (Sənə həsrətəm, yoxluğunun acısına dözə bilmirəm) cümləsidir.

Davamı →

Bütün günah keçilərdəymiş | Kamilo Xose Sela

Əyalətin keçmiş paytaxtının elmi-ədəbi cəmiyyəti saat beş üçün tam tərkibdə toplanmışdı. Nunyes de Arsenin və don Ramon de Kampoamorun köhnə dostu, ədəbiyyat nəzəriyyəsi üzrə professor Don Servando gövdəsinin dörddə üç qismiylə kreslonun kürəkliyinə yayxanmışdı. Tronkoso notariat idarəsinin ütük katibi don Manuel isə, hər axşam olduğu kimi, gecənin gözdeşən zülməti barədə özünün bəlağət dolu fikirlərini səsləndirməkdəydi.

Neçə illərdən bəri bu cəmiyyətin üzvləri sözügedən işarətləri intizarla gözləyirdi ki, bağlı qapılar ardında keçən öz toplantısını açıq elan eləsin. Cəmiyyətin bu mühafizəkar və hədsiz ehtiyatlı üzvləri, hər şeyə rəğmən, ölkədə məntiqli inkişafın tərəfdarı sayılırdılar, buna görə də öz adət və davranışlarını da günbəgün cilalamaqdan qalmırdılar: səssizcə siqaretlərini tüstülədir, vərəqlədikləri «Le Tarde» qəzetinin səhifələrində başsağlıqlarına göz atır, adama bir-iki fincan qəhvə içirdilər. Bütün üzvlər toplaşmayana qədər heç kəs söz alıb, danışmağa can atmırdı. İllər uzunu, həm də müzakirəsiz-filansız qəbul olunan bu mübarək qaydanı dünyada heç kəs, həm də heç bir səbəbdən pozmağa cürət eləməzdi.

Toplantılarda adətən ölkənin iqtisadi-siyasi həyatı ilə bağlı ciddi məsələlər müzakirəyə çıxarılırdı və çox nadir hallarda, məsələn, sırf məzələnmək xatirinə, XII Alfonsun məşuqələri və ya torero Matsantininin ağlasığmaz çevikliyindən söz salınırdı.

Davamı →
Top