— Yeni kitabınız nə haqdadır?
— “Adultério” (“Xəyanət”) romanının ideyasını tapmaqda oxucular köməkçi oldular. Sosial şəbəkələrdə pərəstişkarım çoxdur. Belə qərara gəldim ki, onlarla müasir dövrün əsas problemlərindən biri olan depressiyanı müzakirə edək. Bir neçə gün ərzində mindən çox məktub gəldi. Böyük əksəriyyəti yazırdı ki, onlardakı depressiyanın əsas səbəbi xəyanətdir. Bu mövzu məndə maraq oyatdı və internetdə xəyanət hekayətlərini oxumağa başladım. Başa düşdüm ki, sən bir dəfə yatağına kimisə tullamısansa, insanlar bunu bağışlaya bilərlər. Xəyanətin kökündə ehtiras dayanır. Məhz bu məsələ mənim üçün çox maraqlı idi.
— Oxucularınızın daha çox qadın olmasına münasibətiniz necədir?
— Bəli, oxucularım 60 faizi qadınlardır. Amma kişilər də gördüyünüz kimi az deyil. Mən qadınlar, yaxud kişilər üçün ədəbiyyat yaratmıram, mən kitablarımı yaşından və cinsindən asılı olmayaraq bütün oxucular üçün yazıram.
Yoxsul kəndli səhər tezdən kotan sürməyə gedirdi, səhər yeməyini yemədiyi üçün özü ilə bir parça çörək aparmışdı. Tarlaya çatanda torbasını endirib bir yerə qoydu. Çörəyi də onun yanına qoyub dəsmalla üzərini örtdü. Bir az kotan sürdü. At yorulub, kəndli də acanda kotanı dayandırdı. Rahat otlasın deyə heyvanı da açıb buraxdı. Yemək yesin deyə də bayaq torbasını qoyduğu yerə getdi. Ancaq dəsmalı qaldıranda gördü ki, çörək yoxdu. Bir xeyli axtardı. Dəsmalı silkələdi, amma çörəyi tapmadı. “Qəribədir!” dedi öz özünə. “Ətrafda da heç kimi görmədim, amma kimsə gəlib çörəyi götürüb yəqin” deyə düşündü.
Bu işi görən balaca şeytan idi. Çörəyi alıb bir ağacın altında oturdu, kəndlinin əsəbləşib və bunun adını anıb necə təhqir edəcəyini gözləyirdi.
Kəndli biraz düşündükdən sonra: “Nə edək?.. Acından ölməyəcəm ki? Götürənin ehtiyacı olmasa götürməzdi. Nuş olsun” – dedi.
Sonra quyunun başına gedib su içdi. Biraz istirahət etdi. Heyvanını yenə kotana qoşub torpağı şumlamağa başladı.
Balaca şeytan kəndlini günaha sala bilmədiyi üçün təəccüblənmişdi. Olanları böyük şeytana danışmağa getdi. Kəndlinin çörəyi necə oğurladığını, kəndinin təhqir etməli olduğu halda “nuş olsun” deməyini danışdı. Böyük şeytan isə buna çox əsəbləşdi.
Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır.
Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.
Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunmuşdur. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.
Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O,klassik ədib və şair pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılır. Trakiya cəbhəsində Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur.
Yasəmən ağacı elə güclü ətir saçırdı ki! Gümüşü ay işığı divarları elə qüssəli aydınlatmışdı ki! Qadın isə yenidən onun haqqında düşünməyə başlamışdı. Onu haradasa bir qanlı döyüş udmuşdu və düz bir il olardı ki, uzaqlarda bir yerdə dəfn edilmişdi.
Həmin vaxt qadın öz sevimli ağ paltarında bağa çıxmışdı, onun portretinin yanına qoymaq üçün tər qızılgül dərmək istəyirdi; və birdən bu xəbəri eşitdi. Bu adsız ağrıya hakim olmağa gücü yetmədi, göz yaşı axıtmadan, qızılgül əvəzinə tünd sarmaşıq gülləri dərərək, onun şəklinə sarı apardı. Çünki şəklin sahibi artıq ölmüşdü.
Gecə küləyi onu yasəmən ətrinə qərq eləmişdi. Bir neçə yarpaq qadının qara donuna düşdü.
— Ölmək, – o, pərişan halda dedi, – ölmək. – Və qeyri-ixtiyari olaraq gözlərindən iri damlalar süzüldü.
Çox çalışdı ki, onun haqqında düşünməsin. Dərin ağrı ilə hiss edirdi ki, xəyalında canlandırdığı o sima getdikcə solğunlaşaraq uzaqlaşır, həyat da mənasını itirir, cansıxıcı olur. Bunu anladığı zaman ruhunu kəskin sancı yaxaladı. Başını daş masanın üzərinə söykədi və qırıq-qırıq kəlmələrlə sevgidən və həsrətdən danışmağa başladı. Ötən günləri geriyə çağırdı. O günlər ki, onların ruhları bütövləşirdi, birlikdə tarlaları, meşələri, bağları dolaşırdılar.
Bir dəfə mərhum kiçik evin qarşısında xoşbəxt gələcək barədə ağızdolusu fikirlər deyirdi.
Jiddu Krişnamurti ( 1895-1986), Hindistan əsilli məşhur filosof, natiq və yazıçıdır. 14 yaşında, “Teosophical Society” tərəfindən “dünya müəllimi “seçilmişdir. Həyatını, bütün dünyanı dolaşaraq, insanlarla həyata və dünyaya dair söhbətlər edərək keçirmiş, lakin onları hansısa bir dinə çəkməmişdir. Dünya üzərindəki milyonlarla insan, fərqindəliyin işığını yaymağa çalışan bu insandan çox şey öyrənmişdir. “İlk və son azadlıq” kitabında, Jiddu Krişnamurtinin müxtəlif mövzular barədə fikirləri ilə tanış ola bilərsiniz.
KİTABDAN SEÇMƏLƏR:
“Sevgi haqqında”
Bir çoxumuz üçün sevgi nə anlam daşıyır? Birinə sevdiyimizi dedikdə nəyi nəzərdə tuturuq? O insana sahiblənməyi nəzərdə tuturuq. Bu sahiblənmədən də qısqanclıq yaranır, onu itirsəm, nə baş verər? Özümü boş, kimsəsiz hiss edərəm, ona görə də bu qısqaclığı qanuniləşdirirəm, ondan bərk-bərk yapışıram. Bir kimsədən bərk yapışmaqla, həmin insana sahiblənməklə qısqanclıq, qorxu və saysız-hesabsız münaqişələr yaranır. Belə bir sahiblənmənin sevgi olmadığı açıq-aşkardır, elə deyilmi?
Balaca bir qadındır; kifayət qədər qamətlidir, ancaq bərk bağlanmış korsetdə gəzir; mən həmişə onu rəngli ağac oduncağını xatırladan sarı-boz parçadan tikilmiş paltarda görürəm; büzmə haşiyələri və ya düyməyə bənzər piləkləri də eyni çalardadır; o, həmişə şlyapasız olur, sarı, tutqun saçları hörülməmiş deyilsə də, şairanə bir pərakəndəlikdədir. Korsetinə baxmayaraq, balaca qadın cəlddir və hətta cəldliyindən sui-istifadə edir; o, xüsusən əllərini böyürlərinə söykəməyi və gövdəsini qırağa çəkməyi sevir. Əlləri haqqında yalnız onu deyə bilərəm ki, ömrümdə belə geniş açılan barmaqlar görməmişəm; ancaq burası da var ki, bu, heç bir anatomik qüsuru olmayan adi bir əldir.
Balaca qadın məndən çox narazıdır. O, məni həmişə danlayır, həmişə mən onu hirsləndirirəm, hər addımbaşı xətrinə dəyirəm. Mənim həyatımı kiçik hissəciklərə bölsək və hər biri haqqında ayrıca mühakimə yürütsək, bunlardan hər biri onu acıqlandırar. Mən tez-tez düşünürəm ki, görəsən, nəyə görə onu belə acıqlandırıram; tutaq ki, məndə nə varsa onu çiyrindirir, ədalət duyğusuna toxunur, onun vərdişlərinə, görüşlərinə, ümidlərinə ziddir, – bir-birini inkar edən belə naturalar olur – ancaq nə üçün o bu qədər əzab çəkir? Bizim münasibətlərimiz heç də elə deyil ki, buna görə belə əzab çəkəsən.
Elə ki, o, mənə kənar bir adam kimi baxdı – axı mən onun üçün doğrudan da kənar adamam, hətta buna hamıdan da artıq sevinirəm, – elə ki, heç bir zaman gözünə soxmadığım və bundan sonra da gözünə soxmaq istəmədiyim varlığımı unutdu, – əzabları bircə anda yox olur. Özümdən heç danışmıram, onun da davranışı meni üzür; ancaq mən başa düşürəm ki, mənim üzgünlüyüm onun əzabları ilə müqayisədə heç nədir. Və təbii, mən başa düşürəm ki, bu sevən bir adamın əzabları deyil; bu qadın heç cür məni islah etmək fikrində deyil, həm də ki, onun məndə gördüyü qüsurlar həyatda mənim karyerama heç cür mane ola bilməz. Ancaq mənim karyeram bu qadını az maraqlandırır, onun məqsədi başqadır: çəkdiyi əzablara görə qisas alsın və imkan daxilində gələcək əzablardan qorunsun. Bir dəfə mən ona başa salmaq istədim ki, onun sonsuz əzablarının qarşısını necə almaq olar, ancaq bununla elə bir tufan qoparmış oldum ki, birdəfəlik belə işlərdən əl çəkdim…
Uzaq bir ölkədə, şahlıqların birində bir kəndli yaşayırdı. Bu kəndlinin üç oğlu vardı. Onlardan böyüyü və ortancılı zəhmətkeş və çalışqan idilər, kiçiyi isə dünyada tayı — bərabəri olmayan bir tənbəl idi. Bütün günü sobanın yanında oturar və külün içində eşələnərdi. Dırnaqları caynaq kimi uzanmış, saçlarına isə nə vaxt daraq dəydiyi heç kimin yadına gəlmirdi, buna gorə də onu Külkəman adlandırırdılar.
Heç bir məsləhət və heç bir hədə- qorxu Külkəmanı işləməyə vadar edə bilmirdi. Nəhayət atası boğaza yığıldı, Külkəmana bir az yol azuqəsi verdi və dedi:
- Bəsdir havayı ata çörəyi yedin!İndi də get öz bəxtini sına, Külkəman!- və onu evdən qovdu.
Külkəman az getdi, çox getdi, gəlib boyük bir meşəyə çatdı və orda azdı. Yol azuqəsi də artıq bitmişdi və o nə edəcəyini bilmirdi. Kədərli halda bir kötüyün üstündə oturdu və acı-acı ağlamağa başladı. İndi o evlərində olanda tənbəllik etdiyinə görə çox peşman olmuşdu.
Qaş qaraldı, meşədə bayquşlar, canavarlar ulamağa başladı. Külkəman gecələmək üçün yer axtarmaq fikrinə düşdü. Birdən uzaqdan bir işığın gəldiyini gördü və o səmtə getməyə başladı. Bir xeyli yol getdikdən sonra o böyük bir çaya rast gəldi. Çayın o biri üzündə bir qəsr dururdu, qəsri dəmir divarlar əhatə edirdi. Qəsrin pəncərələrinin birində işıq yanırdı. Külkəman əynini soyundu, paltarlarını kürəyinə bağladı və üzərək çayın dayaz yerindən keçməyə başladı. Çay dərin idi və suyu iti axırdı. Oğlan çayı güc-bəla ilə keçdi. Sahilə çıxdı, əynini geyindi, nəfəsini dərib qəsrin ətrafına dolanmağa – içəri girməyə qapı axtarmağa başladı. Qapı isə yox idi. Birtəhər dəmir divarların birində darvaza tapdı və darvaza öz-özünə açıldı.