Ədəbiyyat kateqoriyası üzrə məqalələr

Arabalar beş qəpiyə | Səbahəddin Əli

Axşamlar qələbəlik vaxtında küçənin başına bir qadınla uşaq gəlirdi. Qara bir çadraya bürünən qadın çadrası ilə üzünü bağlayar, küçənin alaqaranlığında yalnız iki qara, parlaqlığı olmayan gözləri ilə elə hey qarşısına baxardı. Uşaq yanında ayaq üstə dayanar, o isə çömbəlib kiçik bir torbadan bir cür oyuncaqlar çıxardardı: bunlar çubuğun ucuna taxılmış bir cüt taxta təkər idi.

Təkərlərin üstündə iki dairəvi taxtanın arasına mıxlanmış dörd çubuqdan ibarət çətir kimi bir şey var idi və bu təkərlər yerdə sürülən zaman bu çətirə bənzəyən şey də fırlanırdı.

Oyuncaqlar qadının qabağına düzülən kimi uşaq birini əlinə alır, səkinin üstündə gəzişərək sürür və nazik səsiylə qışqırmağa başlayırdı:
— Arabalar beş qəpiyə… Arabalar beş qəpiyə...

Beləliklə, küçələr boşalana kimi hardasa üç-dörd saat burada dayanırdılar.

Uşağın səkkiz yaşı vardı, amma ilk baxışdan altı yaşdan çox verməzdin. Arıq və çox xırda-mırda idi. Heç dayanmadan qışqıran səsi bir qız uşağının səsi kimi incə idi. “Beş qəpiyə” qışqırarkən hərfləri uzadar dodaqlarının arasından onları əzib-büzüb çıxarardı.

O da anası kimi həmişə qabağına baxar, başını heç yuxarı qaldırmazdı.

Dayandıqları yerdən bir az aralıda parlaq vitrinli bir mağaza var idi. Böyük şüşələrin arxasında cürbəcür, gözqamaşdıran rənglərdə boyunbağılar, kəmərlər, yun jaketlər, əlcəklər və bir çox insanlara lazım olan yaxud olmayan şeylər ordan keçənləri cəlb edirdi. Ana-oğul bunların qarşısından keçərkən, hələ keçəndən sonra öz yerlərinə yerləşərkən belə başlarını heç çevirməməyə özlərini məcbur edərdilər. Əgər küçənin palçıqlı səkisinə əks olunan və oranı parladan işıqlar da olmasa bəlkə heç belə bir mağazanın varlığından da xəbərləri olmayacaqdı.
Davamı →

Çak Palanikdən yazmaq haqqında 12 qanun

1. Bişirmə saatınızı tənzimləyin: İki il əvvəl bu sınaqların ilkini yazdığımda bu sınaq mənim yazarlığımın “bişirmə saatım” haqqında idi. Bu sınağı heç bir zaman görə bilmədiniz, amma metodum budur: Yazmaq istədiyiniz zaman bir bişirmə saatını bir saatlıq zaman hissəsinə (diliminə) tənzimləyin (və ya yarım saat da ola bilər) və vaxt bitənə qədər oturub yazın.
Chuck Palahniuk
Əgər yazmağa hələ də nifrət edirsinizsə, sonrakı bir saat üçün azadsınız. Amma normalda xəbərdarlıq siqnalı (alarm) başladığı zaman özünüzü gördüyünüz işə adaptasiya olmuş görəcəksiniz. Bunu edərkən çox zövq alacaqsınız və yazmağa davam edəcəksiniz. Bişirmə saatı yerinə paltar və ya qurutma maşınına paltar atıb bunu özünüz üçün bir zamanlayıcı olaraq tənzimləyə bilərsiniz.

Dönüşümlü olaraq fərqli işlər görməyiniz məsələn, camaşırxanada axmaqcasına işləmək və ya qabyuyan olmağınız sizə hadisələri qurmaqda lazımlı yeni fikirləri, mənaları, fərqli qavrama yollarını yaradacaq parçalar verəcəkdir. Əgər hekayədə növbədəki hadisəni bilmirsinizsə, tualetinizi təmizləyin. Yataq örtüyünü dəyişdirin. Allah eşqinə, kompyuterinizin tozunu alın. Ağlınıza mütləq daha yaxşı bir fikir gələcəkdir.

2. Fərqli hekayə formalarından istifadə edin: İzləyiciləriniz təxmin edə biləcəyinizdən daha ağıllıdırlar. Fərqli zamanlama və hekayə formalarından istifadə etməkdən çəkinməyin. Mənim şəxsi nəzəriyyəmə görə, gənc oxucular bir çox kitabı əvvəlkilərdən axmaq olduqlarına görə deyil, tam əksinə, günümüzün oxucuları daha ağıllı olduğu üçün kiçik hesab edirlər (gözlərində kiçildirlər). Filmlər hekayə izahı haqqında bizi öyrətdi və buna görə də izləyicinizi təəccübləndirmək təxmin edə bilməyəciyiniz qədər çətin bir hal aldı.
Davamı →

Sevginin məğzi ilə bağlı doqquz sual | Qoderdzi Çoxeli

1. 
— Bağışla, adın nədir?
— Qoça.
— Bəs soyadın?
— Çopikaşvili.
— Neçə yaşın var, Qoça?
— On altı.
— Sevdiyin qız varmı? Niyə gülürsən?
— Gülürəm də…
— Onun adı nədir?
— Kimin?
— Sevdiyin qızın?
— Nə bilim nədir…
— Sevdiyin qızın adını da bilmirsən ki?
— Yox. Onu cəmi bircə kərə görmüşəm, onda da ki, uzaqdan.
— Necə düşünürsən: bu sevgi necə duyğudur?
— Haradan bilim ey?.. Yəqin o – əlçatmaz bir arzudur da…
Davamı →

Hamiləlik etirafı | Gi de Mopassan

Günorta günəşinin qızmar şüaları tarlaları yaxıb, qovurmaqdaydı. Fermaların ətrafında bitən ağacların arasıyla uzanan, qara və yumşaq torpağın çılpaqlığını dəymiş çovdarlar, sapsarı saralan buğdalar, yaşılımtıl-sarıya çalan yulaflar və tünd yaşıl rəngli yoncalar hərəsi öz rənginə uyğun zolaqlarla örtüb, bəzəmişdi.

Təpənin üstündəki inəklər, eynilə əsgərlər kimi, sıraya düzülmüşdülər: aralarında ayaq üstə dayananlar, yerdə ağnayanlar, yonca qırpıb, gövşək vuranlar da vardı. Geniş tarla boyu səpələnən bu zavallılar günəşin parlaqlığından öz iri gözlərini qıymağa məcbur idilər.

Yanlarını basa-basa, bir-birinin ardınca yeriyən iki qadın — ana və qız — zəminin arasıyla uzanan və tapdanmaqdan işləkləşən cığırla bu inək sürüsünə tərəf gedirdi.

Çiyinlərinə qoyduqları və çəllək çənbərindən hazırlanmış asqının hər iki ucundan sink hazırlanmış bir vedrə asılmışdı və qadınlar hər addım atanda günəşin parlaq şüası bu bəmbəyaz dəmirə düşərək, gözlərini qamaşdırırdı.

Heç dinib-danışmırdılar. İnəkləri sağmağa gedirdilər.
Heyvanlara çatıb, vedrələrini yerə qoydular, yerdə ağnayan bir cüt inəyə yanaşıb, taxtadan yonulmuş başmaqlarıyla onların böyrünü təpiklədilər.
Davamı →

Dramaturq | Anton Çexov

Həkimin kabinetinə girən kişinin baxışları ölgündür, bənizinin solğunluğuna görə isə onu kataral xəstəsi saymaq olar. Burnunun iriliyi və üzündəki ifadənin hədsiz melanxolikliyi nəzərə alınarsa, onun spirtli içkilərə və fəlsəfəyə düşkün, xroniki soyuqdəymədən əziyyət çəkən biri olduğu söylənə bilər.

Keçib kresloda əyləşəndən sonra o, təngnəfəslikdən, ıçqırıqdan, mədə yanğısından, melanxoliyadan və ağzının acı  dadmasından şikayətlənir.
Davamı →

Dünya iztirabları | Artur Şopenhauer

"Əzab həyatın ayrılmaz hissəsi olmasa, o zaman həyatımızın bir məqsədi olmaz. Yer üzündə yaşanan ağrılarda heç bir məqsəd olmadığını və bunda az da olsa xoşbəxtlik payının olmamasını görmək çox absurddur. Şübhəsiz, bədbəxtlik özlüyündə nəsə qeyri-adi hadisə kimi görünür, amma ümumilikdə bu, həyatın qanunudur" (Artur Şopenhauer)

Fəlsəfi sistemlərdən bir çoxu şəri mənfi bir hal kimi təqdim edir, mən dünyada bundan böyük cəfəngiyyat bilmirəm. Müsbət olan şey özlüyündə həm də şərdir; o öz yaşamını hiss etdirir. Xüsusilə də Leybnits bu cəfəngiyyatı daha çox müdafiə eləyib: o, öz mövqeyini bir əhəmiyyəti olmayan sofizmlə möhkəmləndirmək istəmişdi. Mənfi olan şey yaxşıdır: başqa sözlə desək, xoşbəxtlik və həyatdan razı qalma arzuların yerinə yetirildiyini bildirir, yəni ağrılı-acılı günlərə son qoyulur.

Bu onu göstərir ki, biz səfanı istədiyimiz kimi qəbul etmirik və əzabı da çox şişirdirik. Bu həyatda ən böyük zövq əzabı artırmaqdır: yaxud da bu iki hiss arasında balans var. Əgər oxucu bu iddianın sübutunu görmək istəyirsə, gəlin ona biri digərini yeyən iki heyvanın keçirdiyi hissləri müqayisə edək.

Bədbəxt və qəm-kədər içində olan bir şəxsin ala biləcəyi ən gözəl təsəlli başqalarının ondan da pis vəziyyətdə olduğunu fikirləşməkdir və bu təsəlli hər kəsə yaxşı tanışdır. Amma ümumiyyətlə bu çox böyük fəlakətdir.

Bizlər, otluqda qurbanını bir-bir seçən qəssabın nəzarətində olan quzularıq. Yaxşı günlərimiz olanda biz şərin — kasıblıq, xəstəlik, şikəstlik, gözün görməməsi və sairə kimi hallarda baş verdiyini unuduruq.

Amma burda əzabın heç bir günahı yoxdur, əzablar bizi elə hövsələdən çıxarır ki, nəfəs belə ala bilmirik, əlində qamçı olan gözətçi tək daim bizi izləyir. Sıxıntılara son qoya bilsək, o zaman bu gözətçini də dayandırmış olarıq.
Davamı →

Herman Hesse | Ağır yol

Herman Hesse1916-cı ildə qələmə alınmış və 1917-ci ildə nəşr edilmişdir. Həkim Hans Bruna və onun həyat yoldaşına həsr edilmişdir.
Nağılın psixoanalitik rəmzləri: dağ özlüyün arxetipidir, bələdçi yol göstərəndir və qəhrəmanın ali «Mən”ini ifadə edir; ağac dünya ağacıdır; quş ruhun rəmzidir.

***
Dərənin girəcəyində, qayalarla əhatə olunmuş yerdə qətiyyətsizlik içində dayanaraq geri çevrildim və arxamda buraxdıqlarıma baxdım.

O yaşıl və səfalı məkanda günəş işıq saçır, çəmənlərdə rəngarəng otlar parıldayırdı. Orda həyat gözəl idi, orda rahat və isti idi, orda ürək könülaçan ətirlərin və çiçəklərin arasında yaşayan arı tək dərindən və rahatdan nəfəs alırdı. Və bəlkə də mən bu yerləri tərk edib dağa qalxmaq istəyimə görə dünyanın ən axmaq adamı idim.

Bələdçi yavaşca çiynimə toxundu. Mən gözümü qəlbimə yaxın olan bu mənzərədən ayırdım və özümü sanki iradəm xaricində isti yatağından qışın soyuğuna çıxmış biri kimi hiss etdim. İndi mən günəş şüalarının çatmadığı zülmətə qərq olmuş dərəyə baxırdım: dərədən kiçicik qara bir bulaq axırdı, onun kənarlarında solğun rənglərə boyanmış qurumuş otlar bitmişdi, bulağın dibində nə zamansa mövcud olmuş, indi isə xatirələrdən belə silinmiş kəslərin sümükləri qədər ölü və solğun olan rəngarəng çınqıl dənələri vardı.

— İstirahət etsək yaxşı olardı – bələdçiyə dedim.

O, səbirlə gülümsündü və biz torpağa oturduq. Sərin idi, dərənin kənarındakı qayalardan soyuq gəlirdi – oradan ətrafa tutqun və iliklərə işləyən hava axını yayılırdı.

Bu yol, doğrudan da, iyrənc və qorxuducu idi. Özünü bu qayaların arasından keçməyə məcbur etmək, bu soyuq bulaqların üzərindən adlamaq, uçurumun sıldırımlı kənarları boyunca zülmət içərisində irəliləmək əzablı və qorxunc idi!

— Dəhşətli yoldur – mən titrəyərək pıçıldadım.

İçimdə sönməkdə olan bir şölə ilə qeyri-mümkün, çılğın bir ümid parlayırdı. Ümid edirdim ki, hələ geri qayıtmaq mümkündür, bələdçini yola gətirmək olacaq, o, bizim ikimizi də bu cür ağır sınaqdan qorumaq istəyəcək. Hə, niyə də olmasın ki? Məgər bizim gəldiyimiz, tərk etdiyimiz yer burdan min dəfə daha gözəl deyildimi? Məgər orda həyat sevgi üçün qapılarını taybatay açmış isti, qayğıkeş axınla nəfəs almırdımı? Və məgər mən bir damla xoşbəxtliyə, bir tikə günəşə, səmanın maviliyi və otların çiçəklənməsi ilə işıq saçan gözlərə haqqı çatan qısa ömürlü, yüngül bir varlıq, bir insan deyildimmi?

Yox, mən qalmaq istəyirdim. Mənim özümü qəhrəman və əzabkeş kimi aparmağa zərrə qədər arzum yox idi. Əgər vadidə, günəşin işıq saçdığı yerdə qala bilsəm, həyatımı rahatlıq və məmnunluq içərisində keçirəcəkdim.

Mən artıq titrəməyə başlamışdım; bu yerdə çox qalmaq olmazdı.
— Sən donmusan – bələdçi dedi – yola düzəlsək yaxşı olar.

Bu sözlərlə o qalxdı, bir anda dikəldi və təbəssümlə mənə baxdı. Bu təbəssümdə nə istehza, nə də şəfqət, nə ciddilik, nə də mərhəmət yox idi. Təbəssümdə heç nə yox idi, anlayışdan başqa, bilikdən başqa. Bu təbəssüm  deyirdi: „Mən səni tanıyıram. Sənin qorxularını bilirəm və əlbəttə ki, sənin dünən və srağagün dediyin yüksək sözləri unutmamışam. Sənin qəlbinin qorxu və ümidsizlik içində qaçmağa çalışmasını, sənin orda, vadidə cəlbedici günəş şüaları ilə oyunlarını mən bilirəm – bütün bunlar sənin düşünməyə başlamandan daha öncə mənə məlum olur.”

Bu cür təbəssümlə baxırdı mənə bələdçi. Sonra o, qayalı və qaranlıq dərəyə doğru ilk addımını atdı və mən həmin an ona ölümə məhkum olunmuş cani boynu üzərində dayanmış baltanı sevdiyi və nifrət etdiyi kimi nifrət və sevgi hiss etdim. Amma hər şeydən çox onun məni aparmasına, haqqımda hər şeyi bilməsinə görə nifrət edirdim, onun soyuqluğuna, zəifliklərinin olmamasına xor baxırdım, özümdə onun haqlı olduğunu etiraf etməyə vadar edən, ona haqq qazandıran, ona bənzəyən, onun ardınca getmək istəyən hər şeyə nifrət hiss edirdim.

O, daşların üzəri ilə, qara bulağın kənarları boyunca xeyli irəli getmişdi və bulağın dirsəyindəki qayanın arxasında yoxa çıxmaq üzrə idi.

— Dayan! – qışqırdım mən. Qəlbimə qorxu o dərəcədə hakim olmuşdu ki, ağlımda həmin an “Bu, yuxu olsaydı, mənim dəhşətim çoxdan onun dəmir qandallarını qırıb məni azad etmişdi və mən oyanmışdım” fikri doğdu. – Dayan! – qışqırdım mən – Mən bacarmaram, mən hələ hazır deyiləm.
Bələdçi dayandı və başım üzərindən harasa yuxarıya baxdı. Məzəmmətsiz, lakin o dəhşətli anlayış, dözülməz məlumatlılıq və bəsirət dolu baxışı ilə, hər şeyi əvvəlcədən bilən gözləri ilə baxdı.
— Bəlkə geri qayıdaq? – o soruşdu və o, sözünü heç bitirməmişdi ki, mən iradəm xaricində „yox” deyəcəyimi, “yox” deməli olduğumu anlamağa başladım. Və həmin an bütün keçmiş, adət etdiyim, ürəyimə yaxın olan və sevdiyim şeylər var qüvvəsi ilə etiraz etdi: „“Hə” de, „hə” de!” – və bütün doğma aləm bir yük olub çiyinlərimdən asıldı.

Mən “hə” deyə bağırmaq istəyirdim, halbuki bilirdim, dəqiq bilirdim ki, bacarmayacağam.
O an bələdçi əlini qaldırdı və vadini göstərdi. Və mən bir daha sevdiyim, ürəyimə yaxın olan yerlərə nəzər saldım. Və həmin an mən təsəvvür edə biləcəyim ən dəhşətli mənzərəni gördüm: mən gördüm ki, sevimli və sevgili çəmənlər və vadi ağ və zəif günəşin sönük və sevincsiz şüalarına qərq olub; qışqıran və qeyri-təbii rənglər bir-birinə heç cür uyğun gəlmir; kölgələr tüstü qədər qaradır və əvvəlki kimi əsrarəngiz cazibəsi ilə ağuşuna çağırmır – bu dünyada həyat qalmamışdı, o öz cazibə və gözəlliyindən məhrum olmuşdu – hər yerdən bezdiyimiz, çiyrəndiyimiz keçmiş gözəlliyin qoxusu və dadı gəlirdi. Bütün bunlar mənə tanış idi – mən bələdçinin xoş və sevimli olanı dəyərsizləşdirmək, şirəsini çıxarmaq, həyat enerjisindən məhrum etmək, qoxuları korlamaq, rəngləri sakitcə ləkələmək kimi dəhşətli xasiyyətini tanıyırdım! Eh, mən yaxşı bilirdim: hələ dünən şərab olan, bundan belə sirkəyə çevriləcəkdi. Sirkə isə heç bir zaman şəraba çevrilmir. Heç vaxt.

Mən susur və qəlbimdə kədərlə bələdçinin ardınca getməyə davam edirdim. Axı o haqlı idi, həmişəki kimi haqlı idi. Yaxşı ki, mən onu görə bilirəm, yaxşı ki, ən azından, o, adi vaxtlarda olduğu kimi həlledici anda yoxa çıxıb məni sinəmdən səslənən o yad səslə, müraciət etdiyi, danışdığı o səslə tək qoymaq əvəzinə yanımda qalır.

Mən susurdum, lakin qəlbim durmadan yalvarırdı: „Bircə getmə, bircə məni tək qoyma, mən ki sənin ardınca gəlirəm!”

Bulağın içindəki daşlar dəhşətli dərəcədə sürüşkən idilər, hər dəfə göz önündə kiçilən və ayaqlarının altından sürüşən daşların yaş və dar səthinə ayaq basaraq, daşların üzərindən atlayaraq hərəkət etmək yorucu və cansıxıcı idi. Üstəlik, cığır getdikcə daha çox sıldırımlı olur və qorxunc qayalı divarlar daha yaxına – üzərimizə gəlir, döngələr isə geriyə qayıtmaq üçün yolumuzu kəsirlərmiş kimi bizi daşların əsirinə alırdı. Ziyilli, sarımtıl qayaların üzərində qatı, seliyə bənzəyən su damlaları axırdı. Başımız üzərində nə səmanın maviliyi, nə də buludlar görünürdü.

Mən hey gedir, gedirdim. Mən bələdçinin ardınca gedir, ətrafa qorxu və nifrətdən gözlərimi qıyaraq baxırdım. Budur – yolun üzərində qara bir çiçək, məxmər qaranlıq, kədərli bir baxış var. O, çox gözəl idi və mənə gizlicə nəsə pıçıldayırdı, lakin bələdçi addımlarını yeyinlətdi və mən hiss etdim ki, bir anlıq belə olsa dayansam, bir anlıq belə mənim baxışlarım bu kədərli məxmərə dikilsə, onda qüssə və ümidsiz kədər ağır yük kimi ürəyimdən asılacaq, dözülməz olacaq və qəlbim əbədiyyətə qədər dəlilik və  mənasızlıq uçurumunun əsiri olacaq.

Islanmış və çirkli olan mən irəli doğru sürünürdüm və yaş divarlar başımız üzərində birləşərək bizi qaranlığa həbs edəndə bələdçi öz təsəlli nəğməsini oxumağa başladı. O, cingiltili və möhkəm səsi ilə addımlarının ritmində oxuyurdu: “Mən istəyirəm, mən istəyirəm, mən istəyirəm!” Mən bilirdim ki, o, məni ruhlandırmaq və tələsdirmək istəyir, məni bu cəhənnəm əzabının iyrənc bitməzliyindən və ümidsizliyindən uzaq tutmağa çalışır. Mən bilirdim ki, o, mənim bu qəmgin nəğməni təkrar edəcəyimi gözləyir. Lakin mən oxumaq istəmirdim, ona bu qələbəni hədiyə etmək istəmirdim. Məgər mənim nəğmə oxuyacaq halım var idi? Axı mən sadəcə insan idim, mən iradəsi xaricində Tanrının ondan tələb etməyə haqqı olmadığı işlər və qəhrəmanlıqları görməyə sürüklənmiş yazıq və sadə məxluq idim! Məgər bulaq sahilindəki hər qərənfilə, hər yaddaş çiçəyinə taleyində yazıldığı kimi bitdiyi yerdə qalmaq, çiçəkləmək və solmaq ixtiyarı verilməmişdimi?

»Mən istəyirəm, mən istəyirəm, mən istəyirəm” – bələdçi inadla oxuyurdu. Ah, kaş ki, mən geri qayıda bilsəydim! Lakin bələdçinin möcüzəvi yardımı ilə mən artıq elə divarlara dırmanmış, elə dibsiz uçurumlarım üzərindən atlamışdım ki, geri qayıtmaq qeyri-mümkün idi. Hönkürtülər məni boğurdu, boğazımdakı qəhər nəfəs almağa qoymurdu, amma ağlamaq olmazdı, nə olur-olsun, bircə ağlamaq yox. Və onda mən bələdçinin nəğməsini hündürdən oxumağa başladım, mən eyni havanı, eyni ritmdə oxuyurdum, lakin sözlər başqa idi. Mən təkrar edirdim: «Mən bacarmalıyam, mən bacarmalıyam, mən bacarmalıyam!” Lakin yuxarı dırmaşaraq oxumaq olduqca çətin idin, tezliklə təngnəfəs oldum və öskürərək səsimi kəsdim. O isə yorulmadan təkrar etməyə davam edirdi: „Mən istəyirəm, mən istəyirəm, mən istəyirəm” – və tədricən mənə üstün gəldi. Mən onun sözlərini təkrar edərək onunla səs-səsə verib oxudum. Indi yuxarı dırmaşmaq çox daha asan olmuşdu, əslində “istəyirəm” nəğməsi artıq nəfəs almağa mane olmur, yorğunluq gətirmirdi.

Bu nəğmə sanki qəlbimə işıq saçdı və qəlbimdə işıq zülmətə qalib gəldiyi an hamar divarlar bizə yol verirlərmiş kimi geri çəkildilər, daha quru, daha xeyirxah oldular, başımız üzərində isə mavi bir bulaq kimi daş sahillər arasından axan  və getdikcə daha da aydınlaşan mavi səma görünürdü, tezliklə bu bulaq gözümüzün önündə artan və genişlənən kiçicik bir mavi gölə çevrildi.

Mən daha çox istəməyə cəhd edirdim, mən öz istəyimə daha çox şövq qatmağa çalışırdım – və mavi göl böyüməyə davam edir, cığırlar daha geniş və daha hamar olur və bəzən mən uzun müddət asanlıqla və heç bir güc sərf etmədən bələdçi ilə ayaqlaşa bilirdim. Və qəflətən tamam yaxınlıqda, başımız üzərində mən bir zirvə gördüm, onun dik yamacları qızmar havada par-par parıldayırdı.
Lap zirvənin ətəyində biz dar dərədən çıxdıq, parlaq günəş şüaları gözlərimi qamaşdırdı, gözlərimi yenidən açdıqda isə qorxudan dizlərim titrədi: sən demə, mən heç nə olmamış kimi, heç bir dayaq olmadan sıldırımlı qayanın tam kənarında dayanmışam: ətrafda ucsuz-bucaqsız səma görünür və qarşımda yalnız şiş uclu zirvə və ona gedən yol dar kəndir pilləkən tək uzanır. Lakin günəş yenə işıq saçırdı, səma yenə parlayırdı və biz həqiqətən bu son təhlükəli hündürlüyə dırmanırdıq – kiçicik addımlarla, qorxumuza var qüvvəmizlə qalib gələrək, gözlərimizi bu əlçatmaz zirvədən ayırmayaraq. Və budur biz ən yuxarıda – dar daş meydançada düşməncəsinə quru, ciddi və seyrək hava ilə nəfəs alaraq dayanmışıq.

Qəribə bir dağ, qəribə bir zirvə idi can atdığımız! Uzun müddət çılpaq, qayalı divarların üzəri ilə sürünərək dırmandığımız bu zirvədə daşdan üzərində bir neçə qısa və qeyri-adi budaqları olan kiçicik bir ağac bitmişdi. Bu qeyri-adi tənha ağac bərk-bərk qayadan yapışaraq, qayaya  qovuşaraq dayanmışdı və onun budaqları arasından soyuq, mavi səma görünürdü. Ağacın tam başında isə qapqara bir quş oturmuş, qorxunc nəğməsini oxuyurdu.

Qarşımda bir anlıq rahatlığın sakit görüntüsü vardı: günəş işıq saçır, qayalar istidən yanıb-yaxılır, ağac göylərə yüksəlir və quş hiddətlə oxuyur. O, durmadan təkrar edirdi: „Əbədiyət! Əbədiyyət!” Qara quş oxuyur və durmadan qara bülluru andıran parlaq ciddi gözləri ilə bizə baxırdı. Onun baxışlarına tab gətirmək çətin idi, nəğməsini dinləmək çətin idi, lakin bunlardan daha dəhşətlisi bu yerin tənhalıq və boşluğu, təmiz səmanın ucsuz-bucaqsız, başgicəlləndirici ənginliyi idi.

Burada, bu yerdə ölmək təsəvvürə belə gətirilə bilməyəcək səadətə bənzəyirdi; bu yerdə qalmaq dillə ifadə edilə bilinməyəcək əzab idi. Nə isə baş verməli idi bu an, yoxsa biz və bütün aləm — ətrafda olan hər şey dəhşətli iztirabdan daşa çevriləcəkdi. Mən fırtınadan əvvəlki mehi hiss edirmişəm kimi baş verməkdə olanın boğucu və ağır nəfəsini hiss etdim. Mən onun dözülməz bir hərarətlə ruhuma və canıma işlədiyini duydum. O, başımızın üstünü alırdı, o, artıq yaxında idi, o, artıq çatmışdı.

… Bircə anın içində quş ağacdan ayrılaraq bir daş kimi fəzaya atıldı.

Mənim bələdçim səmaya oxlanaraq atladı, parlayan səmaya düşdü və uçdu.

Və budur o – mənim taleyimin dalğası göylərə ucaldı, qəlbimi ardınca çəkdi-apardı və səssizcə yerə çırpıldı.

Və mən də artıq düşürdüm, harasa yıxılırdım, sürünürdüm, uçurdum; soyuq hava axınının ağuşunda olan mən səadət və əzabdan titrəyərək aşağı – sonsuzluqdan anamın sinəsinə atılırdım.

Rus dilindən tərcümə: Fəridə Paşa
Davamı →

Şkaf | Gi de Mopassan

Söhbət yava qadınlardan düşmüşdü, çünki nahar fasiləsindən sonra, həm də sırf kişi məclisində başqa nədən danışıla bilər ki?
 Aramızdakılardan birisi:
  — Heç bilirsiniz mənim başıma necə qəribə əhvalat gəlib? – deyə soruşdu.
Bunun ardından isə belə bir əhvalat nağıl elədi:

— Keçən il qış axşamlarından birində bütün varlığımı sarsıdacaq qədər güclü bir kimsəsizlik və tənhalıq hissi mənə hakim kəsildi. Yəqin ki, eyni hissləri çoxunuz yaşamısınız. Öz otağımda tənhalığımla baş-başa oturmuşdum və birdən mənə elə gəldi ki, bir az da beləcə yalqız qalsam, bu təklik axırıma çıxacaq, çünki belə qorxunc yalqızlıq hissi gec-tez adamı intihara qədər gətirib çıxara bilir.

Nə edəcəyimi dəqiq bilməsəm də, paltomu geyinib evdən çıxdım. Bulvara yetişəndən sonra bu cansıxıcı axşama çox da məhəl qoymadım və müştəriləri nisbətən seyrəlmiş gecə kafelərinin qabağında bir xeyli dolaşdım. Adama elə gəlirdi ki, bu aramsız yağan narın yağış nəinki adamın əyin-başını, belə getsə, hətta iliklərini də islatmağa qadirdir. Əlbəttə, bu yağış islanmaqdan qurtulmağa can atan adamları evlərin daldalanacaq yerlərində gizlənməyə vadar edən güclü nisan (aprel — A.Y.) yağışlarından fərqlənirdi və ayrı-ayrılıqda bəlkə də gözə görünməyən damlalardan ibarət tül pərdə kimi, fasiləsiz olaraq göydən yerə səpələnir, əyin-başı islatması bir yana, hələ bir adamın canına üşütmə də salırdı.

Küçədə o baş, bu başa var-gəl edərək birtəhər bu iki saatımı öldürmək üçün «Hara gedim?» deyə düşünürdüm və onda, ilk dəfə öz-özümə etiraf etdim ki, gecələr dərd-qəmdən yaxa qurtarmaqdan ötrü bu boyda Parisdə bir dənə də olsun gediləcək yer yoxdur. Nəhayət ki, daha çox qadın ticarəti ilə ad çıxaran Foli-Berjerə tərəf üz tutmalı oldum.
Davamı →

Mavi gözlü şair

Nazım HikmetBen bir insan,
ben bir Türk şairi Nazım Hikmet
ben tepeden tırnağa insan
tepeden tırnağa kavga, hasret ve ümitten ibaret…

Nazim Hikmət kimdir? Onun haqqında nə bilirik?
20-ci əsrin əvvələrində Selanik`də göz açdı dünyaya Nazim. 20 noyabr 1901-ci ildə doğulsa da, ailəsi doğum tarixini 15 yanvar 1902-ci il kimi qeydiyyatdan keçirmişdir. İlk şeiri “Feryad-ı Vatan”-ı 12 yaşında yazan Nazim, Kurtuluş Savaşında da iştirak etmişdir. Bolu şəhərindəki müəllimlik illərindən sonra 1921-ci ildə Moskvaya etdiyi səfər ilə birlikdə kommunizm ilə tanış olmuşdur.

Moskvada ali təhsil aldıqdan sonra Türkiyəyə dönmüş və burada yazdığı şeirlərdən dolayı çoxlu təqiblərə məruz qalmışdır. Hətta həbs olunmaq təhlükəsi, mavi gözlü şairi yenidən vətənindən uzaq düşməyə sövq etmişdir. Nazim Hikmət Türkiyədə sərbəst vəzni ilk tətbiq edən şəxs və müasir türk şeirinin öndərlərindən hesab olunur. İllərlə məhbus həyatı yaşayan Nazim Hikmət, 1963-cü ilin 3 iyununda Moskva şəhərində vəfat etmişdir.
Davamı →

Orxan Pamuk - Dostoyevski

“Times Literary Supplement”in “minilliyin ən yaxşı kitabı hansıdır” sorğusunaOrhan Pamuk

Mənim düşündüyümə görə, bu minilliyin kitabı dahi rus yazıçısı Mixail Fyodoroviç Dostoyevskinin “Karamazov qardaşları” əsəridir. Bu dünyada yaşamağın, digər insanlarla birlikdə olmağın və başqa dünyanı arzulamağın bütün problemlərini haradasa ensiklopedik ölçüyə çatan bir genişlik və ürəkdən gələn sarsıdıcı sıxlıqla dramlaşdıra bilən belə bir başqa kitab tanıya bilmirəm.

Kilsə və dövlət, ideologiyalar və gözəllik, sərbəstlik və cavabdehlik kimi hər zamanın problemləri ilə əyalətdəki balaca bir rus ailəsinin pul, eşq, ata qorxusu, qardaş qısqanclığı, etibar kimi daxili problemlərin arasında bu roman eləsinə bir ahəng və güclə gedib-gəlir ki, insan oxumağın verə biləcəyi ən böyük hədiyyəni alır. Bu da öz həyat təcrübəmizin insanoğlunun təcrübəsinin bir parçası olduğunu dərindən hiss etməkdən ibarətdir.

Bu roman başqa romanlarda çox az görə biləcəyimiz qədər qəribə, xarici dünyanın qanunlarını, bir müddət sonra bütün dünyanın qanunları olaraq qəbul etdirərək bizi bütünlüyü ilə içinə çəkir. “Karamazov qardaşları”nın dünyasına yaxşıca girərkən bu dünyadakı yerimizi, həyatın mənasını, eşq, qardaşlıq, Allahın varlığını bir fikir olaraq deyil, həyəcan və sarsıdıcı duyğu olaraq yaşayırıq.
Davamı →
Top