Ədəbiyyat kateqoriyası üzrə məqalələr

Əsgər mahnısı | Dino Buzzati

Kral almaz və poladdan düzəldilmiş nəhəng yazı masasına əyilmiş başını qaldırıb qulaq asdı.
— Lənət şeytana, bu nədi mənim əsgərlərim oxuyurlar?- o dedi.

Bu vaxtı ordu həqiqətən də sarayın yanı ilə Tacqoyma meydanından keçərək sərhədə doğru istiqamətlənirdi — batalyon batalyon dalıyca keçirdi və əsgərlər sıravi addımlarla oxuyurdular. Onların güzəranları xoş idi, çünki artıq düşmən qaçmağa üz qoymuşdu. Onlara ancaq orda-ucqar diyarda qələbə çələnglərini dərib başlarına qoymaq və şan-şöhrətlə evə qayıtmaq qalırdı. Buna görə kral da özünü əla hiss edir və öz gücünə əminlikdən coşub daşırdı. Bir az da keçsin, bütün dünya ona təslim olacaqdı.

-Bu onların mahnısıdı, əlahəzrət, — hərbi dövrün qanunlarına uyğun olaraq hamı kimi başdan ayağa zirehə bürünmüş birinci müşavir cavab verdi.

Kralsa dedi:
  — Məgər şən mahnıları yoxdu? Axı Şreder ordum üçün çox qəşəng himnlər bəstələmişdi. Mən özüm dinləmişəm onları. Bax bunlar əsl əsgər mahnılarıdır.

  — Siz necə istəyirsiz, əlahəzrət? — qoca müşavir dəmir geyim və silahın ağırlığından belini həmişəkindən də artıq əyərək cavab verdi.- Əsgərlərin də uşaqlar kimi öz qəribəlikləri və tərslikləri var. Biz onlara lap dünyanı ən gözəl himnlərini də versək, yenə öz mahnıları xoşlarına gələcək.

  — Axı bu mahnı heç də mübariz səslənmir — kral etiraz elədi. — Hətta fikirləşirsən ki, onlar oxuyanda kədərlənirlər. Mənə elə gəlir ki, kədərlənmək üçün heç bir səbəb yoxdu.

  — Zərrə qədər də!- müşavir yaltaqcasına qımışaraq təsdiq elədi, sanki bununla bildirmək istəyirdi ki, kralın işləri heç olmayan kimi yaxşı gedir. — Ola bilsin ki, bu sadəcə məhəbbət mahnısıdı, məncə burda başqa şey yoxdu...

— Bəs sözləri necədi?- kral inadından dönmədi.
— Doğrusunu desəm bilmirəm-qoca qraf Qustav cavab verdi.- Əmr verərəm mənə məruzə edərlər.

Batalyonlar sərhədə çatdılar və qarşı tərəfi sarsıdıcı məğlubiyyətə uğradaraq krallığın ərazisini əhəmiyyətli dərəcədə böyütdülər. Qələbənin sədası bütün dünyaya yayıldı; kral süvari atlarının tappıltıları sarayın gümüş qübbələrindən hər gün bir az da uzaqlaşaraq ucsuz-bucaqsız düzlərdən getdikcə daha yavaş eşidilirdi.

Amma özgə, yad ulduzların altında qurulmuş əsgər düşərgələrindən yenə də əvvəlki kimi həmin kədərli, döyüş və qalibiyyət ruhlu yox, dərd dolu mahnı yayılırdı. Əsgərlər doyunca yeyirdilər, incə mahuddan mundir, yüngül tumac çəkmələr, isti kürk geyirdilər və ancaq ələ keçirilmiş düşmən bayraqları ilə dolu yükün ağırlığından yorulan tox atlar onları asanca bir döyüşdən başqa bir döyüşə apararaq evdən daha da uzaqlaşdırırdı. Generallarsa soruşurdular:

— Lənət şeytana, bu nədi əsgərlər oxuyurlar? Məgər nəsə şən bir mahnı oxuya bilmirlər?

— Onların xasiyyətləri belədi, zati-aliləri,- farağat dayanmış baş qərargah zabitləri cavab verirdilər. – Əla uşaqlardılar, amma onların da öz qəribəlikləri var.

— Bu qəribəlik şadlıqlarından deyil,- generallar qaş qabağını tökərək deyirdilər. – Aman allah, elə bil bu dəqiqə ağlayacaqlar. Onların daha nələri çatmır? Sanki nədənsə narazıdlar.

Əksinə, müzəffər polkların əsgərləri ayrı-ayrılıqda hər şeydən razı idilər. Həqiqətən də onlar daha nə istəyə bilərdilər? Qələbə qələbə dalınca gəlirdi, bol qənimət, həmişə ixtiyarlarında olan yeni-yeni qadınlar. Zəfər qayıdışı isə çox da uzaqda deyil. Əsgərlərin sağlamlıq və qüvvət yağan gənc simalarında yazılmışdı ki, düşmən tezliklə yer üzündən silinəcək.

— Bəs o mahnının sözləri necədi?- General həvəslə soruşdu.
— Sözləri?! Axmaq sözləri var- baş qərargah zabitləri isə qədim qaydalara uyğun olaraq həmişə ehtiyatla və müxtəsər cavab verirdilər.

— Axmaq oldu-olmadı, nədən danışılır orda?
— Dəqiq deyə bilmərəm, zati aliləri- zabitlərdən biri cavab verdi.- Bəs sən, Dilem, bilirsən?

— Bu mahnının sözlərini? Doğrusunu desəm, yox. Amma kapitan Marren burdadı, yəqin o...

— Doğrusu mən çətinlik çəkirəm, cənab polkovnik- Marren dedi.- Ancaq ki, siz icazə versəz, serjant Petersdən soruşa bilərik.

-Yaxşı, bəsdirin çənə döydüz… Mərc gəlirəm ki...- ancaq general sözünü bitirməyi uyğun bilmədi.

Generalın qabağında özünü ağac kimi çəkərək dümdüz dayanmış serjant Peters bir az sıxıla-sıxıla məruzə eləməyə başladı:

  — Zati-aliləri, birinci bənddə deyilir:

Düzlərdən və kəndlərdən keçib,
Şən barabanların sədaları altında,
Əmr verilib irəli getməyə.
Ancaq geriyə yolumuz yox,
Ancaq geriyə yolumuz yox,
Sevgilim, əbədi bağışla!
Sonra isə ikinci bənd gəlir. O da belə başlayır: “Ora bura, bura-ora...”

— Necə, necə?- general təkrarladı.
— “Ora-bura, bura-ora” eynilə bu cürdür zati aliləri.
— “Ora-bura, bura-ora” nə deməkdir?
— Bilmirəm, zati-aliləri, amma mahnıda məhz belə oxunur.
— Di, yaxşı… Bəs sonra hansı sözlərdi?

 Ora-bura, bura-ora,
 İrəli, irəli həmişə getmişik
 Və bizimlə gedir həmişə illər.
 Sənin mənimlə vidalaşdığın yerdə,
 Sənin mənimlə vidalaşdığın yerdə,
  Dim-dik dayanıb məzar xaçları.

Hələ üçüncü bənd də var, ancaq onu demək olar ki, heç vaxt oxumurlar. Üçüncü bənddə deyilir...

— Yox-yox, bəsdi, bu da yetər-general dedi və serjant susaraq hərbi qayda ilə ayaqqabılarını bir-birinə vurdu.

— Məncə, bu o qədər də şən mahnı deyil- unter-ofiser otaqdan çıxa-çıxda general fikrini bildirdi.- Hər halda, müharibə üçün o qədər də yararlı deyil.

— Həqiqətən, o qədər yararlı deyil, — baş qərargahın polkovnikləri lazımı ehtiramla təsdiqlədilər.

Hər axşam tüstülənən döyüş meydanları hələ heç sönməyə macal tapmamış vuruşmanın bitməsi ilə əlaqədar krala çapar yollayırdılar, onlar da xoş xəbərlər verməyə tələsirdilər. Şəhərlər bayraqlarla bəzənirdi, bir-birlərini tanımayan adamlar küçələrdə sarılır, kilsələrin zəngləri səslənirdi. Amma yenə də gecə paytaxtın kənar məhəllələrinə yolu düşən adam kiminsə -bir kişininmi, bir qızınmı ya bir qadınınmı nə vaxt yarandığı məlum olmayan həmin bu mahnını oxuduğunu eşidirdi. O həqiqətən də çox kədərli mahnı idi, onda taleyə nəsə dərin bir itaətlilik gizlənmişdi. Pəncərəyə dirsəklənmiş sarışın qızlar sanki hər şeyi unudaraq həyəcanla bu mahnını oxuyardılar.

Lap qədim zamanlardan bu yana dünya tarixində hələ heç vaxt bu qədər parlaq qələbələr, bu qədər uğurlu ordular, bu qədər bacarıqlı generallar olmamışdı, heç kim nə vaxtsa belə sürətli hücumların, belə böyük torpaq istilalarının olduğunu xatırlamırdı. Hətta ən yoxsul piyada əsgərinin belə payına o qədər çox qənimət düşürdü ki, müharibənin sonuna varlı ağa ola bilərdi. Ən əlçatmaz arzular da həyata keçirdi. Axşamlar şəhərlərdə şadyanalıq əskik olmurdu, şərab çay kimi axır, yoxsullar kef çəkirdilər. Ancaq həmişə iki stəkan şərabdan sonra dostlarla birgə xorla sadə bir mahnı oxumaq istəyirsən. “Düzlərdən və kəndlərdən keçib...” — camaat bu mahnını üçüncü bəndi ilə birlikdə oxuyurdu.

Və cəbhəyə yönələn yeni batalyonlar Tacqoyma meydanından keçəndə kral başını perqament lülələrin və reskriptlərin üzərindən qaldıraraq əsgərlərin mahnısına qulaq asırdı. Özü də izah edə bilmirdi niyə bu mahnı onun əhvalını korlayır.

Polklar isə düzlərdən və kəndlərdən keçərək ilbəil daha uzaqlara gedirdi və axır geri qayıtmaq üçün heç cür qərara gələ bilmirdilər, hələlik isə onlar ancaq bir-birinin ardınca tezliklə sonuncu, ən sevindirici əmrin gələcəyindən mərc edən yoldaşlarını itirirdilər. Döyüşlər, qələbələr, qələbələr, döyüşlər… Ordular indi inanılmaz dərəcədə irəli getmişdilər, artıq heç kəsə məlum olmayan, qəribə adları heç cür dilə yatmayan ölkələrdə vuruşurdular.

Və bu -bir qələbədən o biri qələbəyə doğru! — o qədər davam elədi ki, Tacqoyma meydanı kimsəsiz qaldı, kral sarayının pəncərələri taxtalarla mıxlandı və düşmənin şəhər darvazlarına yaxınlaşan döyüş arabalarının gurultuları eşidildi; məğlubolmaz kral ordularının keçdikləri düzlərdə isə əvvəllər o yerlərdə olmayan ağaclar boy vermişdi — üfüqə doğru uzanıb gedən eyni ölçülü taxtalardan düzəldilmiş xaç meşəsi: xaçlar, xaçlar- və başqa heç nə.

Çünki, bu orduların taleyini qılınclar, atəş, süvari hücumlarının qəzəbi deyil, kralın və onun generallarının məntiqlə müharibə üçün uyğun gəlmədiyini düşündükləri mahnı həll edirdi. Onun sadə mövzusu və adi sözləri – bu taleyin öz səsi idi, o illər boyu yorulmadan səslənir və inadla insanları çəkindirməyə çalışırdı.

Ancaq kral da, sərkərdələr də, təcrübəli nazirlər də daş kimi kar olmuşdular. Heç kəs bu səsə qulaq asmır, başa düşmürdü- heç kəs, təkcə sadə əsgərlərdən başqa. Yüzlərlə qələbənin şöhrəti ilə mükafatlandırılmış o əsgərlər ki, alaqaranlıqda yorğun addımlarla ölümə doğru aparan yollarla irəliləyir və öz mahnılarını oxuyurdular.
Davamı →

Ölülər | Pablo Neruda

Pablo NerudaAğır-ağır ölər vərdişinin köləsi olanlar, hər gün eyni yoldan gedənlər, gəzməyinin formasını heç dəyişdirməyənlər, geyimlərinin rəngini dəyişdirməyə cürət etməyənlər, tanımadıqlarıyla danışmayanlar. 

Ağır-ağır ölər ehtirasdan və duyğulanımdan qaçanlar, ağın üzərində qaranı seçənlər, gözləri işıldadan, əsnəməyi təbəssümə çevirən və yanlışlıqla emosiyaların qarşısında ovundurulmuş ürəyi dup-dup atdıran bir dəstə duyğunun yerinə “i” hərflərinin üzərinə nöqtə qoymağı üstün tutanlar. 

Ağır-ağır ölər işlərində və sevgilərində uğursuz olub, vəziyyəti tərsinə çevirməyənlər, bir xülyanı reallaşdırmaq üçün qətilik yerinə tərəddüd göstərməyənlər, həyatlarında bir dəfə də olsun məntiqli bir öyüdə qulaq asmayanlar. 

Ağır-ağır ölər səfərə çıxmayanlar, oxumayanlar, musiqi dinləməyənlər, ürəyində incəlikdən əsər olmayanlar.
Davamı →

Mən necə düşünürəm | Rünoske Akutaqava

Ən çox susuzlayan adam, tuluğunda suyu qurtarmış səhradakı səyyahdı. Ən çox ədalət arzulayan adam, kapitalizm şəraitində sosial ədalət tapmayan inqilabçıdı. Biz insanlar üçün ən çatışmayan şey, ən vacib olan şeydi. Buna yəqin heç kimin şübhəsi olmaz.

Əgər mənim dediklərim doğrudusa, ayaqlarını itirən əsgər hər şeydən çox ayaqlarının olmasını istəyir. Ən çox sevgi həsrəti çəkən sevgilisini itirən aşiqdi. Ən çox ciddilik arzulayan – məntiqə riayət etməyə bilmərəm, — daxilən ciddi olmağı bacarmayan yazıçılar, tənqidçilər, dramaturqlardı. Ta bineyi-başdan insanların ciddi olmadığını deməyə, məncə, ehtiyac yoxdu. Üstəlik, yumor hissi olan adamları günahlandırmaq, onları təhqir etmək olardı.

Tarix göstərir ki, həqiqi ciddi sənətkarlar öz ciddiliyini heç vaxt gözə soxmur. Onların əsərlərində, az, ya çox, ancaq gülüş həmişə olub. Hətta qaraqabaq, zəhmli İbsen də heç vaxt bunu gözə soxmurdu. «Per Qyunta»dan az sonra tamaşaçıda qəhqəhələr doğuran «Çöl ördəyi» yarandı. Məzhəkəyə olan məhəbbətini «Timsah» və «Dayının yuxusu»nda göstərən Dostoyevski İbsendən geri qalmır. Tolstoy əri ilə öpüşəndə paltarının əziləcəyindən narahat olan qadını təsvir eləyir. Strindberq həyatda dəmdəməki olan, ancaq həmişə əxlaqdan dəm vuran kişi obrazı yaradır.
Davamı →

Qəribə hekayə | O.Henri

O HenryAustinin şimalında bir vaxtlar namuslu bir Smoders ailəsi yaşayırdı. Con Smodersin ailəsi arvadından, beş yaşındakı balaca qızından və onun valideynlərindən ibarət idi. Kəndin rəsmi siyahıyaalmasında ailə altı nəfərdən ibarət olsa da, əslində onlar üç nəfər idilər.

Bir axşam şam yeməyindən sonra balaca qız şiddətli mədə sancısıyla qıvrılmağa başladı. Con Smoders vaxt itirmədən evdən çıxıb kəndə dərman almağa getdi. Amma o, bir də heç vaxt geri qayıtmadı.

Balaca qız bir müddət keçəndən sonra sağaldı, sonra da böyüyüb gözəl gənc qadın oldu. Ana illərlə yoxa çıxan əri üçün çoxlu göz yaşı tökdü. Amma üç ay bundan əvvəl ailə qurub San-Antonio kəndində yerləşdi. Bir müddət sonra balaca qız da ailə qurdu və aradan illər keçdikdən sonra balaca qızın da qızı dünyaya gəlib beş yaşına çatdı. Gənc qadın isə hələ də atasının onları tərk edib və bir də heç vaxt geri qayıtmadığı evdə yaşayırdı.

Bir gecə qəribə bir hadisə baş verdi. İllər öncə Con Smodersin yoxa çıxdığı gecədəki kimi gənc qadının balaca qızı mədə sancılarıyla qıvrılmağa başladı. Əgər Con Smoders yaşayırdısa deməli, o, nəvə sahibi də olmuşdu. Con Smit (gənc qadının əri) arvadına «Mütləq kəndə gedib balaca qızıma dərman almalıyam» dedi. Arvadı «Yox, yox, Con getmə. Bəlkə, sən də evə qayıtmağı unudub əbədi yoxa çıxarsan», — deyə ərinin getməyinə etiraz elədi.
Davamı →

Qismət | Elis Munro

1965-ci ilin iyunun ortalarında Torrans-hausda semestr başa çatır. Culietə daimi iş təklif etmədilər. Onun əvəz etdiyi müəllimə sağalıb öz işinə qayıtdı. Demək o, evə qayıda bilər. Amma Culiet özünün dediyi kimi, xırdaca bir dövrə vurmaq istəyir-sahiin azca yuxarısında yaşayan tanışını yoluxmaq üçün dövrə.

Təxminən bir ay əvvəl o, həm məktəbdə yaşca ona hamıdan yaxın, həm də rəfiqəlik etdiyi yeganə müəllimə olan Xuanitayla köhnə «Xirosima, məhəbbətim mənim» filminə baxmağa getmişdi. Xuanita sonradan etiraf etdi ki, o da bu filmin qəhrəmanı kimi evli kişiyə, dərs dediyi qızın atasına vurulub. Həmin vaxt Culiet dedi ki, oxşar vəziyyət onun da başına gəlib, amma o, həmin kişinin arvadının faciəvi taleyinə görə bunu büruzə verməyə heç cür ürək eləməyib. Onun arvadı ömürlük yataq xəstəsiymiş, özü də anlaqsız yataq xəstəsi…

Az sonra sanki bu səfeh yalan, yaxud da yarımyalan öz ardınca bir məktub gətirdi. Konvert əzik-üzük olmuşdu, onu elə bil uzun müddət cibdə gəzdirmişdilər. Üzərində yalnız bu sözlər yazılmışdı: «Culiet (müəllimə), Torrans-xaus, 1482, Mark-strit, Vankuver, Britaniya Kolumbiyası». Direktor xanım onu Culietə verib dedi: «Fikrimcə, bu məktub sizədi. Qəribədi ki, familiya qeyd olunmayıb, amma ünvan düzgün yazılıb. Yəqin soraq kitabçasından götürüblər».

Davamı →

Qaçaqmalçı | İsaak Zinger

İsaak ZingerTelefon zəng çaldı. Qaldırdığım dəstəkdə anlaşılmaz bir hənirti, sonra isə öskürək səsi eşitdim. Boğazını arıtlayan adam, nəhayət, sözə başladı:

— Bəlkə də artıq bunu unutmuş olarsınız, ancaq bir kərə Filadelfiyada görüşərkən məndə olan kitablarınızı imzalamağı vəd eləmişdiniz. Mənə öz adres və telefonunuzu da vermişdiniz onda. Ünvan dəyişməsə də, telefon nömrəniz həminki deyil. Katibəniz bu nömrəni mənə o şərtlə verdi ki, çənə döyməklə, çox vaxtınızı almayım.

Filadelfiyada görüşərkən nələrdən bəhs etdiyimi mənə sadaladığı zaman xatırladım ki, söhbət düz on il əvvəldən gedir.

Məndən soruşdu:

— Yoxsa siz hamıdan gizlənirsiniz? Əvvəllər nömrənizi telefon sorğu kitabından tapmaq mümkün idi. Əslində mən də ciddi biri olduğum üçün elə sizin kimi davranıram. Özüm də insanlardan qaçıram.

— Niyə ki? – deyə xəbər aldım.

— Bunu sizə anlatmam uzun çəkər, mən isə əvvəlcədən söz vermişəm ki, telefonda çox vaxtınızı almayım.

Davamı →

Əbdülqasım Firdovsi

Bəşər tarixində bir ədib tərəfindən yazılmış ən uzun poema fars şairi Əbdülqasım Firdovsinin ( 940 – 1020\1030) yazdığı “Şahnamə” əsəri hesab edilir.

“Şahnamə” əsərinin digər bir adı da “Şahlar haqqında kitab”dır. Fars ədəbiyyatına məxsus olan bu möhtəşəm əsər İranın VII əsrədək olan qədim tarixini özündə əks etdirir.

Möhtəşəm “Şahnamə” əsərinin müəllifi Ə. Firdovsi haqqında məlumat çox azdır. Tarixi məlumatlara əsasən, o, Şərqi İranda, indiki Tacikistan ərazisində X əsrin ortalarında dünyaya gəlmişdir. O, “firdovsi” sözünü özünə ləqəb götürmüşdür. “Firdovsi” sözünün mənası – “cənnət”, “behişt” deməkdir. Bu ləqəblə (Firdovsi) şair bütün dünyada məşhurlaşmış və tanınmışdır. Firdovsi dünya əbəbiyyatının ən uzun poemasının müəllifidir.

Firdovsi “Şahnamə” poeması üzərində 35 il işləmişdir. Demək olar ki, həyatının yarısını şair bu poemaya həsr etmişdir. Bu poemanın yazılmasına görə, Sultan Mahmud Qəznəvi (998 – 1030) Firdovsiyə külli miqdarda qızıl pul vəd etmişdi. Belə ki, sultan poemanın hər beytinə (beyt – iki misradır) bir qızıl pul verəcəyini söz veribmiş.
Davamı →

Kifir qadın haqqında təzadlı düşüncələr | Markes

Qabriel Qarsiya MarkesO, dondurma kafesinin ilk sıralarındakı stollardan birinin arxasında əyləşmişdi. Və mən əmin idim ki, bu, ömrüm boyu rastlaşdığım kifir qadınların ən kifiridir. Şlyapasız idi… Görən andaca onun bu cür qəribə, xariqüladə kifirliyi məni necə sarsıtdı, necə karıxdırdısa, mənə elə gəldi ki, şlyapa olsa belə çətin nəyisə dəyişə bilsin… Uzun, iri yaşıl güllü, meydan oxurcasına sadə biçimli libasda o həqiqətən də kifir görünürdü. O qədər kifir ki, hətta həkim tanışım Armando Solano da onu aşkar maraqla gözdən keçirməkdən çəkinməzdi, bəlkə lap yanındakı stolun boş olduğunu görüb onunla əyləşərdi də.

Onun kifirliyi nifrət dolu nəzərlərlə seyr etməyə hazır olduğumuz qadınları belə ötüb keçmişdi, adət etdiyimiz həddi aşmışdı. Görünür, kifirliyin bütün düşünülən sərhədləri pozulduqda, o, heç gözlənilmədiyimiz anda məlahətli, cəzbedici olur. O küçədə görüb üz-gözümüzü turşudaraq «Ay Allah, necə də eybəcərdir!» — dediyimiz qadınlara heç bənzəmirdi. Burada vəziyyət tamamilə başqa idi. Düşünün ki, təkrarsız gözəlliyi olan bir dilbər kimi belə qadınları görəndə də nitq tutula bilər, yerində donub qalarsan. Məhz buna görə dünən kafedə əyləşmiş qadın, belə bir iddiada olmadan, özünün bütün fövqəladə kifirliyi ilə məndə təbiətin comərdcəsinə gözəllik bəxş etdiyi xanımların oyada biləcəyi təəssüratı oyatdı. Hətta ürək edib deyə bilərəm ki, o, ən füsunkar, canalan afətin oyada biləcəyi hissləri oyatdı.
Davamı →

Akademiya üçün hesabat | Frans Kafka

Hörmətli cənab akademiklər!
Hələ meymun ikən keçdiyim həyat yoluyla bağlı Akademiya üçün hesabat məruzəsi hazırlamağı təklif etməklə mənə böyük şərəf verdiniz.

Təəssüflər olsun ki, bu ricanızı təmin etməm indi imkansızdır. Son beş ildə mən bir meymun kimi öz həyat tərzimdən tamamilə qopmuşam. Əbədiyyətlə müqayisədə bu müddət xeyli qısa görünsə də, məndən ötrü sonsuz və uzundur. Bəxtim onda gətirdi ki, bu yolda mənə dəyərli məsləhətlər verən, məni alqışlayan gözəl insanlarla rastlaşdım. Buna rəğmən, həmişə yalqızlığa məhkum idim, orkestrlərin qopartdığı hay-küyün, gurultunun fonunda irəliləsəm də, mənə dəstək verən insanlar bir mənada baryerin o biri üzündə qalırdılar. Əgər öz keçmişimdən, gəncliyimlə bağlı yaşantılardan dördəlli yapışsaydım, o halda belə bir  uğur qazanmam mümkün olmazdı. Bu məsələdə inad sərgiləməyi özümə başlıca prinsip seçdiyimdən məqsədimə çata bildim. Hər vəchlə azadlığa can atdığım üçün xeyli əziyyətlərə qatlaşdım. Buna görə də o dövrlə bağlı xatirələrim zaman keçdikcə solğunlaşmağa başladı. Əgər insanlar bunu arzulasaydılar, mən geriyə, öz əvvəlki həyat tərzimə bəlkə də asanlıqla dönə, qayıda bilərdim, çünki oraya açılan qapılar bir müddət örtülməmişdi. Ancaq onlar məni mədəni olmağa daha çox ruhlandırdıqca və  mən bu işdə daha böyük uğurlar qazanmaqla, insan toplumunda özümü daha rahat və arxayın hiss etdikcə, keçmişə açılan o qapı bir o qədər alçalır və daralırdı.

Davamı →

Edqar Keretin yazıçılara “10 əmr”i

Edqar KeretYəhudi yazıçı Edqar Keret 1967-ci ildə anadan olub. İsraildə yaşayır, ivrit dilində yazır.

1. 
Mütləq sevərək yazın.
Yazarlar yazma müddətinin nə qədər çətin və əziyyətli olduğunu vurğulamağı sevirlər. Yalan deyirlər. İnsanlar həqiqətən xoşlandıqları bir şeyi edərək pul qazandıqlarını demək istəmirlər. Yazmaq başqa bir həyat yaşamağın yoludur-bir xeyli fərqli həyat yaşamağın. Əsla olmadığınız, amma içlərində tamamilə sizi əks etdirən insanların həyatını. Oturub bir səhifəylə üzləşməyə çalışdığınız-bacara bilməsəniz belə-hər dəfəsində həyatınızın üfüqünü genişləndirə bilmə fürsətinə sahib olduğunuz üçün şükür edin. Bu əyləncəlidir. Möhtəşəmdir. Dəyərlidir. Və heç bir halda kiməsə sizə bunun əksini inandırmağa icazə verməyin. 

2. Obrazlarınızı sevin.
Bir obrazın həqiqi ola bilməsi üçün dünyada ən az bir insanın o obrazdan xoşu gəlsə də, gəlməsə də onu sevməsi, anlaması  lazımdır. Yaratdığınız obrazların anası, atası sizsiziniz. Əgər siz onları sevməyəcəksinizsə, heç kəs sevməyəcək, bundan əmin olun.

Davamı →
Top