Arıq, cansız vücudlu bir xanım ilk dəfə ekranlara çıxarkən heç kim, ilk növbədə özü də bilməzdi ki, o, əsrin ən gözəl, cazibədar aktrisası, xanımı kimi tarixə düşəcək...
Bəli, bu gözəllik şahzadəsi, ilahəsi Odri Hepbern idi! Milyonlarla kişi milyonlarını bu xanımın tək bir baxışı üçün qurban verərdi…
Odri Hepbern 1929-cu ilin mayın 4-də Brüsseldə dünyaya gəlir. Anası holland baronessası, atası ingilis bankiri olan Odrinin uşaqlıq dövrü ağır müharibə illərinə təsadüf edir. İkinci dünya müharibəsinin dəhşətli səhnələrini Odri öz gözləri ilə görür, bu dəhşəti özü də yaşayır. Müharibə başlayan zaman anası ona İngiltərədən Hollandiyaya qayıtmasını tapşırır. Odrinin anası düşünür ki, Hollandiya əvvəlki tək olduğu kimi, bu dəfə də öz bitərəfliyini qoruyacaq və neytral zona olub müharibədən sığortalanacaq.
Hollandiyanın Arnem şəhəri ölkənin ən sakit və dinc şəhərlərindən biri idi, ta almanlar şəhərə bombaları yağdıran ana qədər…
Monika Belluççi 30 sentyabr 1964-cü il İtaliyanın Çitta-De-Kastello şəhərində anadan olub. Atası Luici Belluççi adi kəndçi, anası Mariya Qustanelli isə rəssam idi. Uşaqlıqdan bir arzusu var idi- vəkil olmaq. Bu arzunun reallaşması üçün isə o, “Perudci Universiteti”nə qəbul olmalı idi. Bunun üçün isə pul lazım idi. Monika arzusunu nəyin bahasına olursa olsun reallaşdırmaq məqsədi ilə 16 yaşında “Liceo Classico” model agentliyi ilə müqavilə bağladı.
Qlamur həyat tərzi Monikanın ürəyincə oldu və o, uşaqlıq arzusundan əl çəkdi. İndi o, ən məhşur model olmaq istəyirdi. Bu heç də asan deyildi. Monika isə uşaqlıqdan mübarizə əzmi və səbri ilə həmişə seçilirdi. Qoyduğu məqsədə çatmaq üçün o hər şeyə qadir idi. Çox keçmədən ingilis, fransız dillərini öyrəndi. İspan danışıq dilini də həmçinin. Bu, professionallaşmağa doğru inamlı addımlar idi. 1988-ci ildə Milana gələn Monika, burda “Elite Model Management” model agentliyi ilə müqavilə bağlayır. Artıq bir il sonra- 1989-cu ildə o, Nyu York və Parisin modeli kimi tanınır və “Dolce Gabbana”, “Elle” kimi brend markalar üçün podiuma çıxırdı.
1990-cı ildə Monika uğurlu model biznesi ilə kifayətlənmək istəməyərək, özünü aktrisa kimi sınamağa qərar verdi. O, öz vətənində debüt etdi böyük filmə. Aktrisanın ilk filmləri “Oğullarla keçən həyat” (Vita coi figli) və “Canilər” (Briganti) olur. Bu filmlərdəki epizodik rollarda o heç nə ilə yadda qalmadı. 1992-ci ildə isə Frensis Ford Koppala aktrisaya ilk ciddi film təklifi etdi və bu aktrisanın böyük kinoda ilk ciddi imtahanı oldu.
“Dünən keçmişdə qaldı. Sabah hələ gəlməyib. Ancaq bu günümüz var. Gəlin başlayaq”.
“Yoxsulları sevməyin verdiyi sevinci həmişə hiss et və bunu tanıdığın hər kəslə paylaş. Unutma, sevgiylə dolu olmaq, sülhlə dolu olmaq deməkdir. Tanrı səni qorusun”.
Bu sözlərin müəllifi Tereza Anadır.
Kimdir Tereza Ana?
Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana 26 avqust 1910-cu ildə köhnə Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub.
Aqnes gənc ikən “Qardaşlar” adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı.
17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü.
Hindistanda Müqəddəs Meri məktəbində dini dərslər keçməyə başladı. 1946-cı ildə həmin məktəbin direktoru vəzifəsinə keçdi…
Tamaşaçı italyan kinosunu niyə sevir? Cavab: — Əlbəttə burada italyan temperamenti, xarakteri, ehtirası və əsl italyan sevgisi var...Ayrı-ayrı dövrlərdə italyan kinosunu həm yaraşıqlı kişi, həm gözəl, cazibədar qadın simalar bəzəyib. Bu simalar arasında, sözsüz, Cina Lollobridcidanın da ismi var...
Luidcina Lollobridcida 1927-ci ilin, 4 iyulunda paytaxt Romadan çox da uzaq olmayan Subiako şəhərciyində dünyaya gəlir. Cinanın atası adi fəhlə idi, ailə bir təhər başını girləyirdi. Qızcığazın uşaqlığı müharibə illərinə təsadüf edir. İkinci Dünya Müharibəsi, Mussolini… və əlbəttə ki, imkansızlıq, kasıbçılıq…
Bütün bunlar Cinada varlı olmaq istəyini formalaşdırır. O, varlı olmalı idi, çox varlı… Bu məqsədinə çatmaq üçün onun böyük silahı da vardı – gözəllik! Bəli, Cina çox gözəl idi...!
Gələcək aktrisanın ən böyük arzusu rəssam və ya heykəltəraş olmaq idi. O, karikaturalar çəkir və Roma küçələrində satırdı. Lakin nəzərə alsaq ki, Roma dünyanın gözəllik, incəsənət paytaxtlarındandır, o zaman əgər gözəlsənsə, gözəllikdən uzaq qaça bilməzsən. İncəsənət səni özünə çəkəcək, sovuracaq. İstəsən də, istəmnəsən də…
Atam əslən qəbələlidir. Mən Şıx nəslindənəm. Babamın Qəbələdə məqbərəsi var, adına Şıx baba deyirlər. Ata nənəm Zöhrənisə xanım övliya olub. Ana nənəm Səltənət xanım ağır seyidlərdən idi.
Ata tərəfim bəylər nəslindəndir, Kərimbəyovlardan. Əmim Almaniyada universitet bitirib. Mir Cəfər Bağırovun dövründə, deyəsən, dəmiryolu sahəsi üzrə nazir işləyib. Kərimbəyov soyadı ilə gedirdi. Artıq dünyasını dəyişib. Xaricdə təhsil aldığına görə ona münasibət fərqli idi. Bəlkə soyadını dəyişməməsinin səbəbi bu idi. Ancaq qardaşları, əmioğlular, atamgil ona görə dəyişdilər ki, onları heç yerdə universitetə, sonra isə işə qəbul etməyəcəklərini bilirdilər.
Ana tərəfim — şuşalıdır. Anamın atası qəssab olub. Şuşada qəssab Abış adı ilə tanınıb. Deyilənə görə, çox yaxşı insan idi. Kasıblara əti nisyə verərmiş, sonra heç pulunu da almazmış. O dövrdə bazarda şəxsi mağazası varmış.
Uşaqlığınız Qəbələdə keçib, yoxsa Şuşada?
Elə ikisində də. İkisi də səfalı yerlərdir. Qarış-qarış gəzmişəm oraları. Şuşanı da çox sevirdim. Ana tərəfim bəlkə də şuşalı olduğuna görə sənətə çox meylli idilər. Yadımdadır ki, ana babamın çox gözəl səsi var idi. “Şuşa muğam üstündə ağlayır” deyirlər. Xalamın, dayımın da səsi var idi. Mənim səsim sən demə, babamdan genetik ötürülən səs imiş, sonradan başa düşdüm. Anam da çox gözəl oxuyardı.
Cessika Mari Alba 28 aprel 1981-ci ildə Pomona şəhərində anadan olmuşdur. Bir müddət sonra ailəsi Missisipi ştatına köçmüşdür. Ailə çox da xoşbəxt günlər yaşamamışdır, atası meksikalı olduğundan heç yerdə onu işə götürmürdülər. Nəticədə o, hərbçi oldu. Üç ildən sonra HHQ-də xidmət edən atasını yenidən Kaliforniyaya göndərdilər. Orada yaşayaraq, onlar Texas ştatına, Del Rioya köçdülər.
Anası mənşəcə yarıfransız, yarıdanimarkalı olduğundan qonşular üçün «emiqrant» hesab olunurdu. Ces dünyaya gələndə onun valideynləri çox gənc idilər, evə əlavə gəlir gəlmirdi, elə ev özü də nisbi məna daşıyırdı. Lakin Cessika ailənin tək övladı deyil, onun Coş adlı qardaşı da var. Qızcığazın 9 yaşı olana qədər ailəsi ştatdan ştata on dəfə köçmüşdür.
5 yaşında Cessika aktrisa olmağı qərara almışdır. 12 yaşında aktyor kurslarına getməyə başladı. 13 yaşında həyatda özünün ilk rolunu aldı. Ona görə yox ki, istedadlı idi, çünki rejissorun onun uzun saçlarından xoşu gəlmişdi. O, əsl Hollivud ulduzu olmaq istəyirdi. Odur ki, hər həftə Beverli-Hillzdəki müxtəlif kastinqlərə gəlirdi. İlk öncə ona teleseriallarda rollar təklif etdilər. Əsl rolu gözləyərkən hətta o, kompüter oyununun reklam çarxında çəkilməli olmuşdur.
Avropa kinosunun dünyaya tanıtdığı, bəxş etdiyi qadınlar illər boyu insanlarda zövqün — əslin zövqün formalaşmasına yardım edib. XX əsrdə bu gözəllik ikonalarının sayı –hesabı yox idi. Lakin onlar çox olduqları qədər də fərqli idilər: — fərqli səhnə görkəminə, fərqli obraza, fərqli imicə malik idilər. Sofi Loren, Bridcit Bardo, Mişel Mersye… Bu və digər onlarla məşhur qadın ulduzlara ötən əsrlə yanaşı, bu əsrdə də baxılır, pərəstiş edilir. Kino yaşadığı müddətdə XX əsr Avropa kinosu və onun dünya kino tarixinə bəxş etdiyi ulduz isimlər də yaşayacaq.
Bu dəfə haqqında yazdığım xanım aktrisanı tamaşaçılar “femme fatale” – “sirli qadın” kimi tanıyır. Bu gözəl, incə və… toxunulmaz Anuk Emedir – sevimli Anuk…
“Yəqin, onun əri əla oğlan olub. Ancaq əgər sağ olsaydı axmaq olardı. Ölüb deyə o, əla oğlan sayılır”… Bu məşhur kəlmələr Anuk Emenin rol aldığı “Kişi və Qadın” filmində səslənir. Bu film fransalı aktrisanın çəkildiyi ən gözəl filmlərdən idi və ən əsası, bu film Anuku bütün dünyada məşhur edir...
Fransuaza Sorya Deyfus ismi bizə heç nə demir, çünki dünya onu Anuk Eme kimi tanıyır, sevir. “Eme” ləqəbi tərcümədə “sevimli” mənasını verir.
Haqqında yazacağım növbəti xanım, həqiqi gözəl xanım, gözəlliyi ilə yanaşı, kübar və zərif qadın olan aktrisa Qreys Kellidir...
Qreys o qadınlardan idi ki, bir baxışı, təbəssümü ilə istənilən kişinin ürəyini fəth edə, ovsunlaya bilərdi. Təəccüblü deyil ki, onun çoxsaylı pərəstişkarları, sevgililəri arasında İran şahı Rza Pəhləvi də vardı...
Amerikalı gözəl aktrisa özü də tez-tez aşiq olurdu, bəlkə də, idealını axtarırdı, bəlkə uşaqlıqda çoxlu nağıllar oxumuşdu və öz şahzadəsini axtarırdı... Elə də olur, nağıllar həqiqətə çevrilir. Qreys axtardığı şahzadəsini tapır, özü də şahzadə olur — Monako şahzadəsi Qreys Kelli… Ancaq bu hekayətin nağıldan bir fərqi vardı — Qreysin nağılı xoşbəxt sonluqla bitmir...
Qreys Kelli 1929-cu ilin 12 noyabrında Filadelfiyada dünyaya gəlib. Aktrisa olmaq arzusu ilə Qreys 17 yaşında Nyu-Yorka yollanır, müxtəlif müsabiqələrdən keçir. Lakin yeni başlayan aktrisa əsasən müxtəlif reklamlara çəkilirdi.
Qreysin ən böyük uğuru tanınmış rejissor Alfred Hiçkokla tanışlıq olur. Hiçkok gözəl aktrisanı bir neçə filmində baş rola çəkir. Bunlar “Moqambo” (1953-cü il) melodramı və dedektiv janrlı “Qətl üçün M-i yığın”, “Arxa pəncərə”, “Oğrunu tutmalı” (1955-ci il) filmləridir. Sonralar Qreysin Monakoya köçməsi rejissor üçün böyük itki olur.
«Neyləyim ki sənə çata bilmirəm…» «Ona qarşı təzyiqlər davam edirdi. Ondan hətta müsahibə alınmasına da qadağan edilmişdi. Alaqaranlıq otağında pəncərəyə yaxın yerləşən divanın üstündə əyləşib gözünü bir nöqtəyə zilləmişdi.
— Mənim günahım nədir? — deyə pıçıldayırdı.
Bütün fəsilləri qapalı otaqda pəncərə arxasından baxmağa məcbur edilmişdi. Nə vaxtsa ölkəsinin dəb, gözəllik, tərəqqi rəmzi olan bir insan qəfəsdə yaşaya bilərmi? Yeni rejim onun həyatını əbədi puç etmişdi. Müğənni depressiyadan əziyyət çəkməyə başlamışdı. Ətraf mühitlə əlaqəsi kəsilən Ququş daha oxumurdu...».
Əslən Azərbaycan türkü olan bu xanım həyatının ən gözəl günlərini elə gəncliyində yaşadı. O zamana qədər ki, artıq tale onu imtahana çəkirdi; Ququş həyatının ən uzun gecələri başlayırdı artıq…
1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsindən başladı fərari mələk Ququşun ilk uzun gecəsi. Kasıb bir məhəllədə, yoxsul ailədə dünyaya gözlərini açdı. Valideynləri əslən Azərbaycandan idi, əvvəlcə Gəncədən Bakıya, daha sonra isə Bakıdan İrana köçmüşdülər.
Yeni doğulan körpəyə Faiqə adını verdilər. Günü-gündən böyüyürdü qızcığaz. O qədər gözəl idi ki, Tehranda qonşuluqda yaşayanlar onu Qu quşuna bənzədirdilər. Başqa bir versiyaya görə atası Sabirin insanları əyləndirmək və pul qazanmaq üçün bir restoranı olub. Əylənmək üçün xarici qonaqlar tez-tez buraya gələrdilər. 2-3 yaşı olan balaca Faiqə də qonaqları əyləndimək üçün müxtəlif mahnılar oxuyarmış.
Bir dəfə kafedə əylənən fransızlar Faiqənin səsinə heyran qalırlar və onu əzizləyərək «Ququş» deyə müraciət edirlər. Bu ehtimallardan hansı daha doğrudur, bilmirik, amma sonradan bu bənzətmə müğənninin səhnə adına çevrilir. Amma taleyin işi elə gətirir ki, Faiqənin 2 yaşı olanda valideynləri Sabir və Nəsrin Atəşinlər bir-birindən ayrılırlar. Balaca Faiqə böyük yolçuluğa addımlarını kəndirbaz və əyləndirici artist olan atası ilə birlikdə atmağa başlayır. Azyaşlı qızının istedadını görən ata onu tez-tez özü ilə səyyar səhnələrə çıxarır, ona mahnılar oxutdurur. Əvvəllər atası ilə birlikdə səhnəyə çıxmaqdan utanırdı Faiqə, amma özünün dediyi kimi, zaman hər şeyi həll edir, səhnəyə çıxmaq, geniş auditoriya qarşısında çıxış etməyə üzü-gözü öyrəşir. Atası akrobatik hərəkətləri ilə insanları əyləndirir, balaca, 3 yaşlı Faiqə isə müxtəlif müğənnilərin mahnılarını oxuyurdu. Gələcəkdə isə Ququş şah sarayında təşkil edilən məclislərdə çıxış edəcəkdi…
Valideynlərinin tezliklə ayrılması Ququşun həyatına təsirsiz ötüşmədi. Həyat onun üçün bundan sonra başlayırmış… Tezliklə atası Sabir başqa bir xanımla ailə həyatı qurur. Ququşun 3 ögey qardaşı doğulur. Doğma anasından ayrılan Ququş ikinci dəfə anasız qalmaq istəmirdi. O, ev işlərində analığına kömək eləyir, qardaşlarından birinə baxmağı öz öhdəsinə götürür. Yeniyetmə Ququş sanki öz doğma övladı kimi baxırdı kiçik qardaşına. Eyni zamanda təhsilini davam etdirir, səhnələrdə çıxış edərək çörəkpulu qazanırdı. İsti ana qucağına həsrət qalan Ququş ögey anasından təsəlli alırdı. Artıq onun 13 yaşı var idi. Bu yaşa qədər bir dəfə də olsun anasını görməmişdi. Elə bilirdi ki, anası artıq dünyasını dəyişib. Yoxsa niyə bir dəfə də olsun gəlib onu görməsin ki? Bağrına basıb, şirin-şirin “qızım” deyə söyləməsin? Fikirləşirdi… Bununla anasına haqq qazandırmağa çalışırdı. Ta o günə kimi…
— Qızım, Faiqə!
— Bəli, ata!
— Anan üçün darıxırsan? — Sabir başını qaldırmadan, bir az da kövrək səslə qızının fikrini öyrənməyə çalışdı.
Qızın bədənini üşütmə aldı. İllərdir bu mövzu ilə bağlı evdə bir kəlmə də olsun danışılmamışdı. Birdən-birə atasının bu sualı onu çaşdırmışdı.
— Çox darıxmışam… — titrək səslə ancaq bunu söyləyə bildi.
— Mən də darıxırdım, — deyə Sabir pıçıldadı, amma artıq darıxma, unut onu, — israrlı şəkildə sözlərinə əlavə etdi.
— Axı, niyə, ata, — qız atasının dediklərini başa düşməyə çalışırdı.
— Onun artıq öz ailəsi — həyat yoldaşı, bir oğlu və bir qızı var, — dedi və qızını bərk-bərk qucaqlayaraq sanki ona təsəlli verməyə çalışırdı.
Başını atasının sinəsinə sıxan Ququş artıq heç nə fikirləşmirdi. Anasına haqq qazandırmağa çalışmırdı. Artıq anlamışdı nəyə görə anası ötən illər ərzində onu bir dəfə də olsun görməyə gəlməmişdi… Zirvəyə doğru
Ququşun gəncliyi İranın şahlıq dönəminə düşür. Qərb sivilizasiyasının hökm sürdüyü şahlıq İranında “bəxt quşu” Ququşun başına 1957-ci ildə qonur. 7 yaşlı Ququş “Qorxu və Ümid” filminin çəkilişlərinə dəvət alır. Obrazı uğurla canlandıran balaca Faiqəyə 1960-cı ildə “Fərari mələk” filmində çəkilmək üçün təklif gəlir. Və yavaş-yavaş Faiqənin ulduzu parlamağa başlayır.
21 yaşı olanda Fransanın Kann şəhərində təşkil edilən ənənəvi festivalda fransızca ifa etdiyi “Retour de la vie” («Həyata dönüş») və “J`entends crier je t`aime” ( «Səsini eşitdim — mən səni sevirəm») mahnılarına görə birinci yeri tutur. Qələbə sevinci ilə Tehrana qayıdan gənc müğənniyə tələbat gözlənilməz dərəcədə artır. Kiçik yaşlarından pul qazanmaq üçün ən adi səhnələrdə belə çıxışlar edən Ququş artıq çıxış edəcəyi səhnələr arasında seçim etməyə başlayır.
Artıq hər kəs onu sevirdi. Şöhrət qapısını döyməkdə idi. Nəinki sıravi qızlar-qadınlar, həm də müğənnilər, aktrisalar Ququşun geyindiyi paltarlardan geyinir, onun jestlərini təkrarlayırdılar. O zaman hakimiyyətdə olan Məhəmməd Rza şah Pəhləvinin bütün məclislərində çıxış edən Ququşun qonorarı artdıqca müğənni şöhrətin zirvəsinə ucalırdı. Ona bir-birinin ardınca müxtəlif filmlərdə baş rollarda oynamaq təklifləri gəlir, Ququş isə rejissorlara öz qrafikinə uyğun olarsa, çəkilə biləcəyini deyirdi. Dözülməz kaprizləri ilə bəzən yaxın ətrafını belə bezdirən Ququş 70-ci illər İranında ən bahalı müğənni və aktrisa kimi tarixə düşür.
Ququşun ard-arda uğur qazanmasında onun həyat yoldaşı Mahmud Qurbaninin də böyük rolu olub. Qurbani musiqi təşkilatçısı idi və İranın musiqi meydanında ayaq üstə durmaq üçün həyat yoldaşına yaxından kömək edirdi. Qurbani uğurlarıyla birlikdə, eyni zamanda əzablarına da hamilik edirdi.
Onlar 1967-ci ilin fevralında ailə həyatı qururlar. Kəmbiz adında bir oğulları olur (hazırda o, Los-Ancelesdə yaşayır və musiqi ilə məşğuldur-red.). Ququş sənət dünyasında get-gedə parlasa da, ailə sarıdan bəxti gətirmir. Evliliklərindən 6 il sonra 1972-ci ilin sonlarında Qurbani ilə boşanmağa qərar verirlər.
Bir vaxtlar Ququş anasının başqası ilə ailə həyatı qurduğunu eşidərkən yıxılmadığı kimi, bu dəfə də ayaqları üstündə dayanmağı bacarır. Qurbani onu sevməsə də, artıq onu sevənlər var idi. Tehran və digər şəhərlərdəki kinoteatrların dəyişməyən bir afişası vardı… “Ququş!”. Çox vaxt çəkildiyi filmlərin adı afişaya yazılmır, təşkilatçılar sadəcə, onun adını yazmaqla kifayətlənirdilər. Halbuki Ququşun çəkildiyi bütün filmlərin adı artıq tamaşaçıya nə isə izah edirdi. Bəlkə də səhnənin və ağ pərdənin ehtiraslı qəhrəmanının adı afişalarda yazılmasa belə, filmlərin adı tamaşaçıya gəl-gəl deyə bilərdi… “İsti hiss” (1971), “Bita” (1972), “Amerikalı Məməl” (1975), “Nazənin” (1975), “Həmsəfər” (1975), “Darıxma gecəsi” (1975), “Bal ayı” (1976), “Uzun gecə” (1977), “Bu gecə kimsə ağlayır” (1979)…
Ququşun şöhrəti qısa müddətə ölkə sərhədlərini aşır. “Uzun gecə” filmi isə karyerasının pik nöqtəsi olur. 1977-ci ildə film ekranlara çıxan kimi sovet respublikaları da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində göstərilir. İran mətbuatı hər gün Ququşla bağlı baş xəbərlər dərc edir, guya “Uzun gecə” filminin müğənninin sifarişi ilə çəkildiyini yazırdılar. Mətbuat hesab edirdi ki, həmin filmdə əslində, Ququş Pərvanə rolu ilə öz taleyini oynayırdı...
Ona qibtə edənlər “necə də xoşbəxtdir!” — deyirdilər. Ququş sonralar etiraf edirdi ki, həyatda ən nifrət etdiyi sual xoşbəxtliklə bağlı olub. Dörd dəfə rəsmi ailə həyatı qursa da, tale Ququşun üzünə gülmədi. Təsəllisi isə yalnız birinci nikahından olan oğlu Kəmbiz oldu. Qəribə burasındadır ki, “xoşbəxtsiniz?” — sualına cavab verməyən Ququş “bədbəxt” olduğunu da etiraf etməyib. Ona bəxtəvərlik oxuyanlara isə gülümsəyərək cavab verdiyindən, heç kim Ququşun daxilən bədbəxt olduğunu hiss etməyib.
1975-ci ildə Ququş İran aktyoru Bəhruz Vüsuqi ilə ailə qurur. Cəmi 14 ay bir yastığa baş qoyurlar. 1976-cı ildə başanırlar.
1978-79-cu illərin sonlarında Ququş Humayun Müstəqi ilə eşq macərası yaşayır. 1979-cu ildə ölkədə İslam inqilabı baş verir, üsyançılar qanuni olaraq Rza şah Pəhləvini devirirlər. İslamın qayda-qanunlarına görə Ququş Müstəqi ilə qeyri-qanuni, yəni nigaha girmədən yaxın əlaqələri olduğuna görə üç ay müddətinə həbs edilir. Həbsdən çıxandan sonra da onlar bir müddət bir yerdə yaşayırlar.
“Bu gecə kimsə ağlayır”
Çox maraqlıdır ki, hər kəsi gözəlliyi ilə özünə cəlb edən Ququşa İslam inqilabından bir neçə ay əvvəl yeni bir filmə çəkilmək üçün təklif gəlmişdi. Maraqlı olduğu qədər də dəhşətlidir ki, Ququş 1979-cu ildə çəkildiyi “Bu gecə kimsə ağlayır” filmini görə bilmədi. Həmin filmin çəkilişləri bir il əvvəldən başladığına görə 1979-cu ildə təhvil veriləcəkdi. Lakin yeni molla rejimi filmin göstərilməsini qadağan edir və Ququşu sıxışdırmaqda davam edir. Ququş isə yeni filmlərə çəkilmək istəyirdi. Lakin yaxşı başa düşürdü ki, artıq inqilabdan əvvəlki filmlərdə aldığı rolları bir daha oynaya, əvvəlki kimi geyinib səhnəyə çıxa bilməyəcəkdir. Dörd divar arasında
Təzyiqlər isə davam edirdi. Ondan, hətta müsahibə alınmasına da qadağan edilmişdi. Alaqaranlıq otağında pəncərəyə yaxın yerləşən divanın üstündə əyləşib gözünü bir nöqtəyə zilləmişdi. Fəsilləri qapalı otaqda pəncərə arxasından baxmağa məcbur edilmişdi. Nə vaxtsa ölkəsinin dəb, gözəllik, tərəqqi rəmzi olan bir insan qəfəsdə yaşaya bilərmi? 1979-cu ilin fevralında baş verən İslam inqilabı Ququşun həyatını əbədi puç etmişdi. İllərlə ev dustağı olan müğənni depressiyadan əziyyət çəkməyə başlamışdı. Ətraf mühitlə əlaqəsi kəsilən Ququş daha oxumurdu. Hətta kiçik pəncərəsi olan darısqal otağında belə oxumaqla özünü ovuda biləcəyini hiss etsə də...
Yeni həyata başlamalı idi. 1990-cı ildə Məsud Kimyayi ilə tanış olur. Məsud bir zamanlar dünyanın ən xoşbəxt adamı hesab edilən Ququşun çox pərişan olduğunu görür.
— Ruhun solğun çiçək kimi görünür, — divanda əyləşib otağın kiçik pəncərəsindən yarpaqları solmuş ağaca baxan Ququş Məsudun sözlərinə heç bir reaksiya vermədi.
— Sənin belə bir vəziyyətdə olmağına dayana bilmirəm, — Məsud əlini uzadaraq Ququşun saçlarını oxşamaq istədi. Amma buna cəsarət etmədi. Nədənsə qorxurdu.
Otağa sakitlik çökür. Bir neçə dəqiqədən sonra səssizliyi Ququşun pıçıltısı pozur.
— İçimdəki o solğun çiçəyi yalnız sən görə bilirsən, Məsud, — Ququş gözlərini ağacın solğun yarpaqlarından çəkib Məsudun parlayan gözlərinə baxır.
Məsud Ququşu qucaqlayaraq “O, solğun çiçəklər yenidən açacaq” deyir və qolundan tutub onu səsyazma studiyasına aparır.
Məsud Ququşun hər addımında yanında idi. Ona yaşamaq, çalışmaq üçün stimul verirdi. Sevirdi Məsud fərari mələyini. 1991-ci ildə cütlük arasındakı münasibətlər məntiqi sonluqla nəticələnir. Onlar ailə həyatı qururlar.
Bir neçə il sonra onun oxuduğu “Qəribi Aşina” mahnısı “BBC” tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanır. Müğənni həmin titulu gecikmiş ehsan kimi qəbul etdiyini bildirməkdən çəkinmədi.
Bir vaxtlar fars, Azərbaycan, ingilis, fransız, ispan, italyan və s. dillərdə mahnılar oxuyan Ququş bu gün nostalji hisslərlə yaşayır. Gəncliyində dünyanın bir çox ölkəsində mahnıları, filmləri ilə uğur qazanan Ququş bu gün də İtaliya və Cənubi Amerika ölkələrində ən çox sevilən müğənnilərdən biridir. Ququş gəncliyində yüksəldiyi zirvəyə yenidən can atmağa çalışsa da, əlbəttə, onun bu cəhdi ürəkaçan nəticə vermir.
21 il ev dustağı olan Ququş-Faiqə Atəşin molla rejimi tərəfindən edilən təzyiqlərə dözməyib 2000-ci ildə «Dünya turu» adı altında doğma vətənini tərk edərək Amerika qitəsini özünə sığınacaq seçir. Orada ilk müsahibəsində sonuncu filminin adında redaktə etmək lazım olduğunu deyir. Göz yaşlarını saxlaya bilməyən Ququş 1979-cu ildə sonuncu dəfə çəkildiyi, lakin senzuranın ləğv etdiyi «Bu gecə kimsə ağlayır…» filminin adını dəyişib “Bütün ömür boyu kimsə ağlayır” adlandırır…
Qürbətdə yaşasa da, onu qanadlarından vuran rejimə qarşı mübarizəsini davam etdirirdi. 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunması planlaşdırılan aclıq aksiyasına qatılacağını bəyan etdi. Aclıq aksiyası üç gün — iyulun 22-dən 24-dək davam edəcəkdi. Aksiyanın təşəbbüskarı mühacirətdə yaşayan 26 nəfər İran ziyalısı idi. Dissident ziyalılar iyunun 12-də İranda keçirilən son prezident seçkisindən sonra reallaşan nümayişlərin qətllər və kütləvi həbslər yoluyla yatırılmasına etiraz edirdilər.
Ququş öz bəyanatında bildirirdi ki, o, aclıq aksiyasına İran xalqının etiraz səsini dünya ictimaiyyətinə çatdırmaq üçün qoşulur və ABŞ-da yaşayan bütün iranlıları bu aksiyaya dəstək verməyə çağırır: “Mən İranın azadlığını və inkişafını arzulayan bir iranlı kimi iyulun 22-də aksiyaya qatılacağam. Biz İrandakı bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edəcəyik”.
Ququş 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda insanların qətlə yetirilməsindən, həbsə atılmasından son dərəcə sarsıldığını söyləyirdi: “Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam”. Aman ayrılıq…
Qanadlarından vurulmuşdu Ququş. Ölkəsinə dönə bilmirdi. Şəhriyarın sözlərinə Əli Səliminin yazdığı mahnını — «Ayrılıq» mahnısını yenidən ifa etdi acı-acı, gözüyaşlı. Gəncliyində də oxumuşdu. Amma o “Ayrılıq”la indi oxuduğu “Ayrılıq” arasında dağla daş qədər fərq vardı… Qərib ölkədə yaşayan Ququş 2005-ci ildə Kanada və ABŞ-da verdiyi konsertlərdə “Ayrılıq” mahnısını ifa edərkən göz yaşlarını saxlaya bilmir.
2009-cu ildə qəzetlərin birinə müsahibə verir. “30 ildir ki, Vətənimdən ayrılmışam və İrana gedə bilmirəm” deyən Ququş müxtəlif ölkələrdə verdiyi konsertlərdə «Ayrılıq» mahnısını göz yaşları ilə ifa edir.
…Uzun gecənin son dəqiqələri. Hər kəs uzun gecənin sonunun necə olacağını düşünür, gözləyir.
Nəhayət, təyyarə havaya qalxmağa başlayır. Sevgilisinin səhhəti getdikcə ağırlaşırdı. Əllərindən tutur. Əlləri buz kimi idi.
— Əllərin buz kimi olub, əzizim, — qoxru və həyəcanla söyləyir.
— Bilirəm, başımı çiyinlərinə qoya bilərəm?
— Əlbəttə, əzizim.
Sevgilisinin əllərini ovucunda bərk-bərk sıxmışdı. Onu buraxmaq, heç kimə vermək istəmirdi. Öldüyünü anlamışdı, lakin onlara yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyirdi. Stüardessa başını çiyinlərinə qoymuş sevgilisinin halını soruşur. O isə onun yaxşı, özü də lap yaxşı olduğunu söyləyir.
Və… təyyarə səmada gözdən itir…
Yəqin, oxucuya aydın oldu ki, təsvir etdiyimiz bu hadisə «Uzun gecə» filmindəndir. Sanki öz həyatını oynayırdı Ququş-Faiqə xanım. O təyyarə bir daha geri dönəcəkmi? Bilmirik. Bəlkə də heç dönməyəcək. Amma o təyyarə artıq düz 12 ildir ki, geriyə qayıtmır. O təyyarə özü ilə Ququşu apardı. Vətənindən, elindən-obasından ayrı saldı:
Fikrimdən gecələr yata bilmirəm
Bu fikri başımdan ata bilmirəm.
Neyləyim ki sənə çata bilmirəm,
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olur yaman ayrılıq! Saməddin Mehralıyev
İlk azərbaycanlı qadın teatr rejissoru — Ulduz Əliyeva Rəfili. 1951-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun “rejissorluq” fakültəsini bitirmişdir.
1952-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor vəzifəsində fəaliyyətə başlayan U.Əliyeva baş rejissor vəzifəsinə qədər yüksəlmişdir. 1952-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor işləməyə başlayıb, teatrın baş rejissoru olmuşdur.
Atası Saleh Əliyev Ulduz doğulmamışdan əvvəl rəhmətə getmişdir. Anası ikinci dəfə ailə həyatı qurmuş, lakin çox yaşamır. Ulduz 13 yaşında həyata tək addımlamaq məcburiyyətində qalır. Böyük Vətən müharibəsinə qədər Moskvada yaşayan böyük bacısı Səmayə Rəfilinin yanında yaşamalı olur.
Daha sonra Ulduz Moskvada Dəmiryolu Nəqliyyatı üzrə Mühəndislər Institutuna daxil olmuş, orada oxumaqla yanaşı, Moskva metropolitenində stansiyada növbə rəisi və elektrik qatarında maşinist kimi çalışmışdır. Ulduz Rəfili müharibə bitdikdən sonra Bakıya qayıdır və indiki Mədəniyyət və Incəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olur.
Təhsili ilə yanaşı, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında məsləhətçi və o zamankı kitabxanaçılıq Texnikumunda pedaqoq kimi fəaliyyət göstərmişdir.