Qadağan olunan arzu…
Janna Moro 23 yanvar 1928-ci ildə Parisdə dünyaya gəlib. Hələ erkən yaşlarından rastlaşdığı ikinci dünya müharibəsinin fəsadları onun ailəsindən də yan keçməyib. II dünya müharibəsinin başlanması Jannanın uşaqlıq illərinə düşdüyü üçün o, özünü hər zaman müharibə uşağı adlandırıb. Müharibənin başlanmasıyla atasının müflisləşməsi, ingilis qanı daşıdığı üçün anasının həbs olunması bir dövrə təsadüf edib.
Hitlerçilərin Fransaya soxulması, kədərli və ac uşaqlıq dostları, qara bazar, küçələrdəki fahişəlik, alman əsgərləri, qəzəb və qorxu Jannanın uşaqlıq illərində ən çox rastlaşdığı məqamalar olub.
Özünün artistlik istedadına güvənən Jannanın teatra və kinoya olan həvəsi bir zamanlar “Folli Berjer” müzik-xollunda balerina olmuş anasından qaynaqlanır. Səhnədən ərinin təkidi ilə ayrılmağa məcbur olan ana qızının bu sənəti davam etdirəcəyinə böyük ümidlər bəsləsə də, Jannanın atası qızının balerina və ya aktrisa olmaq arzusunu eşitmək beləistəmir. Və bu haqda danışmağı Jannaya qadağan edir.
Lakin teatr sənətinə olan həvəsi onu on beş yaşında Deni İnesanın yaratdığı aktyroluq kurslarına gedib məşqləri və tamaşaları izləməyə məcbur edirdi. Daha sonra o, konservatoriyanın dramatik incəsənət fakültəsinə daxil olur. Janna ilk dəfə səhnəyə “Antiqon” tamaşasında ifa edəcəyi Anuya rolu ilə çıxır.