Uliyam Folkner özündə mədəniyyətləri təsnifləşdirərkən İtalyan mədəniyyətini “Bütün insani hisslərin mədəniyyəti” adlandırmışdı. Maraqlı yanaşmadır, məncə. Hələ o vaxt bu cümlənin məna yükünü başa düşməmişdim, ta ki İtalyan filmləri və musiqiləri ilə yaxından tanış olana kimi. Yəni Fellininin, Antonioninin, Pavarottinin,
Andrea Boçellinin sehrinə düşüb, yaxşı mənada onlarla xəstələnənə qədər.
Təbii ki bir xalqın mədəniyyəti bununla məhdudlaşmır, əgər geniş mənada mədəniyyət deyiriksə bura rəssamlıq, ədəbiyyat da daxildir, amma mən italyanların daha çox filmləri və musiqiləri ilə tanışam.
Mənə görə Fellinini sevmək həm də Pavarottini sevməkdir, Antonionini sevmək elə Boçellini sevməkdir. Bu sənətçilərin nəsə mistik bağlılığı var, məsələn Pavarotti musiqidə Fellini kimidir, xəbərin olmadan (musiqinin romantikasında itib-batanda) səni qaldırıb yerə vura bilər, amma Antonioni belə deyil, Boçelli kimi həlimdir, qətiyyən səni incitməz, nə də səni xəlvəti zərbə ilə nokauta salmaz.
İndi mən sizə nə Fellinidən, nə Pavarottidən nə də Antonionidən danışacam. İtalyan mədəniyyətinin dünyaca tanınmış siması, məni əzəmətli səs tembri ilə heyrətləndirən Andrea Boçellidən danışmaq istəyirəm. Həm də ona görə Boçelli mənə maraqlıdır ki, o fiziki qüsurlu sənətçidir — gözləri görmür. Amma ürəyi onun hər şeyi deməkdir, o ürəklə nə şedevrlər yaratmayıb ki…