Xoşbəxtliyin haqqını göz yaşlarıyla vermək lazımdır.
Mən hamı üçün oxumuram, hər kəs üçün oxuyuram.
Mən hər gecə azı 500 dəfə sevgidən ölürəm.
Dinləyicilər istedadlı olan günlər həyat çox gözəl olur.
Artistlə publika görüşməməlidir. Pərdə düşən kimi aktyor sehrli çubuğun hərəkətilə ani olaraq yoxa çıxmalıdır.
Sevgi yoxa çıxanda onu ya qızdırmaq, ya da tullamaq lazımdır. Bu, sərin yerdə saxlanılası ərzaq deyil.
Sevgi yanğından sığortalanmır.
Mən sevgidən ölmürəmsə, mən ölməyə bir şey tapmıramsa, bax onda mən can verməyə hazıram.
Həyat ən yaxşı özünü öldürmə vasitəsidir.
Mən istəyirəm ki, «Etiraf»ımı oxuyanlar Mariya Maqdalenaya dedikləri kimi mənə də «o bağışlanacaq, çünki o sevirdi» desinlər.
Görkəmli Norveç bəstəkarı, pianoçusu, dirijoru və musiqi xadimi Edvard Qriqin sənətə gəlişi bu kiçik Şimali Avropa ölkəsinin tarixində baş verən mühüm dəyişikliklərlə üst-üstə düşür. Uzun müddət İsveçin tabeliyində olan Norveçdə 1814-cü ildən etibarən milli-azadlıq hərəkatı başlayır. Təbii ki, ədəbiyyatda və incəsənətdə Norveçin tarixi keçmişinə, xalq sənətinə, adət və ənənələrinə xüsusi maraq oyanır. Edvard Qriq də Almaniyada Leypsiq Konservatoriyasında təhsili zamanı qazandığı yüksək peşə qabiliyyətini doğma musiqi mədəniyyətinin inkişafına, onun ümumavropa səviyyəsinə çıxmasına həsr edir. Norveçin sərt, lakin eyni zamanda səfalı, şairanə təbiəti, xalqının təmkinli, səmimi xasiyyəti, gözəl mahnıları, hərarətli rəqsləri Qriq musiqisinin tükənməz qaynaqlarıdır.
Macar musiqisinin klassiki Ferens List həm görkəmli bəstəkar, virtuoz pianoçu, məharətli dirijor, həm də həssas pedaqoq, fəal musiqi-ictimai xadimi və nəhayət, gözəl ədəbi qələm sahibi kimi tanınmışdır. Çoxşaxəli fəaliyyətinin, demək olar ki, bütün sahələrində List böyük nailiyyətlər əldə etmiş, müasirləri tərəfindən qəbul olunmuş və layiqincə qiymətləndirilmişdir.
Hələ uşaq ikən Macarıstanı tərk edib ömrünün əsas hissəsini Fransa, Almaniya və İtaliyada keçirmiş List doğma vətəni ilə əlaqəsini heç zaman itirməmişdir. Fortepiano üçün yaratdığı məşhur «Macar rapsodiyaları», «Macarıstan» simfonik əsəri bu fikrin əyani sübutudur. Ümumiyyətlə, List musiqisinin ruhu, onun təravəti macar folklorundan, özünəməxsusluğu ilə seçilən milli mahnı və rəqslərdən bəhrələnir. 1875-ci ildə Budapeştdə yaratdığı Musiqi Akademiyasında bəstəkar Macarıstanda milli musiqi kadrlarının yetişdirilməsi üçün var-gücü ilə çalışır.