1. «Mona Liza» — Leonardo Da Vinçi
Florensiyalı Leonardo Da Vinçi renessans dövrünün ən möhtəşəm rəssamı hesab olunur. O, təkcə rəssam kimi deyil, həm də alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, heykəltəraş, memar, musiqiçi və yazıçı kimi də tanınır. Haqqında yazılanlara görə, Da Vinçi «dağınıq» xarakterə sahib olub. O, bir neçə əsərini tamamlanmamış, yarımçıq qoyub. Da Vinçinin 1503-1506-cı illərdə yaratdığı «Mona Liza» əsəri bütün dünyada məşhurdur və incəsənətin ən dahi əsərlərindən hesab olunur. «Mona Liza»nın simasındakı ifadə — həm xoşbəxt, həm də məyus görünməsi üstü açılmayan sirr olaraq qalıb.
Rəsm əsərində oturmuş halda təsvir edilən qadının yaradılmasında rəssam sfumato üsulundan istifadə edib. Sfumato — rəssamlıqda fiqur və əşyaları bürüyən havanı vermək üçün ümumi təsvirin yumşaldılması texnikasıdır. Sfumato üsulu nəzəriyyədə və praktikada ilk dəfə Leonardo Da Vinçi tərəfindən yaradılıb.