Bir cavan vahiməli halda Mədinənin küçələrində gəzir, səmimi-qəlbdən Allah dərgahına nalə edib deyirdi: «Ey ədalətlilərin ən ədalətlisi! Mənimlə anamın arasında hökm et!»
Ömər ona çatıb dedi: — Ey cavan! Nə üçün anana qarğış edirsən?!
Cavan: — Anam məni doqquz ay öz bətnində saxlamış, dünyaya gətirdikdən sonra iki il süd vermişdir. Böyüdüb tərbiyə etdikdən, yaxşını-pisi başa düşdükdən sonra məni inkar edib deyir: — Sən mənim oğlum deyilsən!
Ömər o qadına üz tutub dedi: — Bu oğlan nə deyir?
Qadın: — Ey xəlifə! And olsun nur pərdəsinin arxasında olan və gözlərin görə bilmədiyi Allaha! And olsun Məhəmmədə və onun Əhli-beytinə! Mən onu əsla tanımıram, hansı qəbilə və tayfadan olmasını da bilmirəm. Allaha and olsun ki, o, bu iddia ilə məni öz qohum-əqrəbam arasında rüsvay etmək istəyir. Mən Qüreyş qəbiləsindən olan bir qızam və indiyə qədər də ərə getməmişəm.