Müasir Azərbaycan tarixi dedikdə ilk öncə gözümüz önündə ulu öndərimiz bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış olan Heydər Əliyev canlanır. O özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyurdu: — “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, azərbaycanlıyam”.
Heydər Əliyev dünya tarixində ən ziddiyyətli yüzilliklərdən biri olan iyirminci əsrdə müasir Azərbaycanın qurucusu zirvəsinə yüksəldi. 40 ildən artıq olan bir dövr Heydər Əliyev şəxsiyyəti ilə, onun quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Heydər Əliyev Azərbaycan torpağının xalqımıza bəxş etdiyi tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinin əsasını qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizi formalaşdırmışdır.